Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2018 09:10

Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!..

Cəbhə bölgəsində “N” hərbi hissəsinin yaradılmasının 26 illiyi qeyd edildi

Cəbhə bölgəsində yerləşən “N” hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə təntənəli tədbir keçirildi.
Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndi.
Tədbirdə çıxış edən zabit Anar Cavadov hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan hərbi hissə 1992-ci il martın 3-də yaradılıb. Hərbi hissə yaradıldığı ilk günlərdən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək, Ağdam, Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Hərbi hissənin şəxsi heyəti torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda yüksək fədakarlıq göstərib. 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun təbrik məktubları tədbir iştirakçılarına çatdırıldı.
General-mayor Hikmət Həsənov çıxışında qeyd etdi ki, hərbi hissə uğurlu döyüş əməliyyatları keçirib. “Bir vaxtlar imkanları məhdud olan, yararsız şəraitdə fəaliyyət göstərən hərbi hissədə bu gün müasir tikinti-quruculuq işləri aparılıb, şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb. Hazırda Azərbaycan Ordusunun nəzarətində olan Ağcakənd, Şıxarx, Qızıloba və digər ərazilər bu hərbi hissənin apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən azad edilib. Hərbi hissənin şəxsi heyəti qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazırdır.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəxsi heyəti hərbi hissənin yaradılmasının 26-cı ildönümü münasibətilə təbrik etdi, xidmətlərində uğurlar arzuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlər bu gün uğurla davam etdirilir. “Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsində qəhrəmanlıqla dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Ordumuzun müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşməndən təmizləmək iqtidarında olduğunu bir daha nümayiş etdirdi. Mən bütün tərtərlilər adından hərbi qulluqçularımıza, bu hərbi hissənin əsgər və zabitlərinə minnətdarlığımı bildirirəm. Onlar torpaqlarımızı mərdliklə qoruyur, əhali öz məşğulluğunu təhlükəsiz yerinə yetirir.”
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərindən, hərbi hissələrdə əsgərlərlə görüşlərindən, Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlərindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara ordumuzun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışdı.
Hərbi hissənin zabiti Teymur Məmmədov və sabiq Tərtər özünümüdafiə taborunun komandiri olmuş ehtiyatda olan mayor Pənah Məmmədov çıxışlarında hərbi hissənin keçdiyi döyüş yolundan bəhs etdi, hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirdilər.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin bədii proqramı ilə yekunlaşdı.

* * *

Hələ qışdı...
Sovruq dağda-daşda çuxurlara qar qalaqlasa da, mövqelərə aparan yollarda gediş-gəliş nisbətən çətinləşsə də, torpağın qaysaqlamayan irili-xırdalı yaraları insafsızcasına gizildəsə də, könüllər yaz ovqatlıdı; qışda yaz havası könülləri telləndirməkdədi. 2016-cı ilin apreli - Böyük Qələbənin başlanğıcı bildiyimiz aprel döyüşləri xatırlanır...
Təbiətdə qışdı, könüllərdə yaz. Vətən sevgisinə Vətən dediyimiz əsgərlərin əhatəsində "N" hərbi hissəsinin yaranma günü böyük coşquyla qeyd edilib. Tədbirin davamı kimi Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, şair-publisist Abdulla Qurbaninin "Qəhrəman Tərtərin müdafiəsində" kitabının təqdimatıdı. Tərtərin tarixindən də, etnoqrafiyasından da vizual məlumat verən bu kitab hərbi hissənin keçdiyi döyüş yoluna, qazandığı qələbələrə söz güzgüsüdü.
İctimaiyyətin nümayəndələri, məktəblilər - yeniyetmələr, uşaqlar, zamanında Tərtəri qoruyanlar - veteranlar, analar-atalar kiçik həcmli oçerklər kitabının - tarixin kitabının, tarixi kitabın söz işığına könül açıb. Bu işıq vətənpərvərlik işığıdı. Mahiyyəti Vətəndirsə, qayəsi Vətəndirsə, hamını bir daha Vətənə, torpağa kökləyirsə, belə dəyərləndirilməlidi...
Baxışlarda Tərtər sevgisi - Vətən sevgisi çırpınmaqdadı. Kitabın böyük sevgilərlə yazılması da, böyük sevgilərlə təqdimatı da tərtərli Azərbaycanın Milli Qəhrəmanlarının, döyüşlərdə şəhid olanların ruhunun narahatlığını bir duyum qədərincə yumşaltmaqdadı; "Qəhrəman Tərtərin müdafiəsində" möhtəşəm əsərdi, tədbir möhtəşəm əsərə həsr olunmuş bitkin, məzmunlu əsər təsirindədi.
Bir az əvvəl Tərtərin dünənindən söz açılmışdı.
Aparıcı - kitabın müəllifi Abdulla Qurbani Tərtərin 80-ci illəri haqqında yazdıqlarından danışır. Yaşı 70-i haqlayan bir ağsaqqalın pıçıltısını sağında-solunda dayananlar da eşidir, mən də eşidirəm: "Heydər Əliyevin hər gəlişi Tərtərin güzəranını yaxşılaşdırırdı..."...
Abdulla Qurbani Tərtərin 90-cı illərindən danışır.
Veteranların baxışlarında çırpınan, uçunduqca uçunan qəhərin ovunacağı anların intizarındaykən yeniyetmələrin düyünlənən yumruqlarını görürəm. "Qoruyublar, qoruyurlar, qoruyacağıq!" - inamın səsidi, qətiyyətin, yerə-göyə sığışmayan sevginin səsidi - şəhidlərimizin yaşarı ruhlarının səsidi...
Əli hərbi səhra geyimli 7-8 yaşlı nəvəsinin əlində isinən orta yaşlı kişinin baxışlarını bürüyən mətləbin dumanlığını necə görməyə bilərdik? - bir azdan öyrənəcəm ki, Niyazi Qurbanovdu, ehtiyatda olan leytenantdı, 1994-cü ilin yanvarında Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb, yerişini itirib. Tədbirə nəvəsiylə gəlib.
Baba nizami sırayla düzülmüş əsgərlərimizə baxır, Şamil - babasına. Baba nə düşünür? - məlum, nəvə nə düşünür, görəsən? - "Böyüyəndə mən də əsgər olacam!" - deyir Şamil. "Vəzir olacam, Pənah olacam, Fəğan, İmayət, Nizami olacam!"...
Niyazi Qurbanovun yanğıyla, qədərsiz istəklərlə dediklərini hamı eşidir: "Dəyərli kitabdı. Sülh danışıqları baş tutmasa, yaxın vaxtlarda tərtərlilərin də iştirak edəcəyi döyüşlərdən, qazanılacaq qələbələrdən yazılacaq kitabı görməsəm, ölümə can vermərəm!" - Azərbaycan əsgəri döyüşlərdə yerişini itirmiş ehtiyatda olan leytenantın istəyini yaxın vaxtlarda gerçəkləşdirəcək...
Bir qədər əvvəl hərbi hissənin komandiri olmuş ehtiyatda olan mayor Pənah Məmmədovun dediklərini xatırlayıram: "...Qarabağsız ölə bilmərəm. Kaş əzizlərim ölüm xəbərimi Qarabağ uğrunda gedəcək döyüşlərdə eşidəydi...". Veteranların hamısının torpaqlarımızı işğaldan azad edilməsi amalıyla yaşadığına inanırıq; Pənahın kəlmələri meydanı ləngərləndirir...
Aparıcı Tərtərin 2000-ci illərindən danışır. Əlləri nəvəsinin çiyninə enən kişinin dediklərini tərtərlilərin ürək sözü bilirəm: "İlham Əliyevin hər gəlişi Tərtəri ayrı biçim gözəlləşdirir". İki-üç addımlıqda dayanmış ağsaqqal inamla dillənir: "Elədi..."...
Aparıcı hərbi hissənin yaranmasından, formalaşmasından, döyüşlərindən, qələbələrindən danışır.
Vəzir Orucovu tanıyırdım, Elman Hüseynovu tanıyırdım, Kazımağa Kazımovu tanıyırdım, Pənahı, Nizamini, İmayəti, Fəğanı, Suliddini tanıyıram. Aparıcı onları tərtərlilərə daha böyük ehtiramlarla tanıtdıqca Ağdərə uğrunda gedən döyüşləri, döyüşənləri xatırlayıram. Düşüncələrimdə başaçılmaz yellər əsir. 1993-cü illərdə Tərtərə sarı əsən yellərin çılğınlığını aydınlığıyla görmüşdüm. Marağanı, Ağdərəni ermənisizləşdirənlərin əllərindən öpmək istəmişdim - qoymamışdılar. Döyüşənlərin dediklərini şeirləşdirmişdim:

Sənə xidmət edirik...
Hər daşın səngərdi bizə,
İli ömür eləmək Vətənə
xidmətdi, Vətən!
Belə bir sevgi mənim
ruhumun can ortağıdı,
Bu ruhun zərrəsi olmaq da
səadətdi, Vətən!...

Zabitlər də, əsgərlər də son misranın cazibəsinə düşmüşdü: bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən! Eyni ovqatı bugünkü tədbirin iştirakçısı olan əsgərlərimizin də yaşadığını hiss etmək çətin deyil: İli ömür eləmək Vətənə xidmətdi, Vətən!..
Tədbirə gələnlərin arxasında dayanmış əsgərlərə baxıram; bu düzülüş həyatı, yaşarı rəmzdi - ordu xalqı, torpağı - Vətəni qoruyur. Əsgərlərin baxışlarında dönməzlik  var, Vəzirləşmək, Fəğanlaşmaq, Nizamiləşmək, Pənahlaşmaq,... Mübarizləşmək, Samidləşmək, Çingizləşmək istəyi var, niyyəti var. O baxışlar Vətən sevgisinin zərrələridi, bu zərrələrin vəhdəti - Qələbə ovqatı...
Aparıcı Azərbaycan Ordusundan, son illər həyata keçirilən irimiqyaslı islahatlardan danışır, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qürurla dediyi bir kəlamı xatırladır: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu xatırlatma sıra meydanını dalğalandırır. Bu dalğalanma dövlətə, dövlətçiliyə sədaqət kimi yaşanılır. Belə duyğusal anların cazibəsindəykən bir qədər aralıdan gələn səsə boylanıram:
- Mən xidmət etdiyim illərdəki şərait hara, indiki şərait hara. Oğlum əsgərdi. Xidmət etdiyi hərbi hissədə "Açıq qapı" günündə də olmuşam, and içməsində də. Ali Baş Komandanın, Müdafiə nazirinin orduya qayğısını mən də görmüşəm, ürəyim dağa dönüb. Varlığımla inanmışam ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək...
Əsgər atasının belə möhtəşəmliklə keçən tədbirdə dediklərini digər eşidənlər kimi mən də bütün əsgər atalarının inamı bilirəm...
Təbiətdə qışdı, könüllərdə yaz. Mətləblər çözələndikcə Vətən kəlməsi "Qəhrəman Tərtərin müdafiəsində" kitabının, kitab düşüncələrin epiqrafına dönür və onun hərarəti vurnuxan ayazı sındırır.
Abdulla Qurbani kitabın ilk nüsxələrini təqdim etmək üçün "N" hərbi hissəsinin keçmiş döyüşçülərini, birliyin, hərbi hissənin komandirlərini, bu hərbi hissənin 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş bir neçə zabitini səhnə görkəmi verilmiş meydana dəvət edir.
Hissə komandirinin və rayon icra başçısının bir-birinə kitab təqdim etməsi də duyğusal rəmz kimi yaşanılır: xalq ordunun, ordu xalqın dayağıdı. “Bu məqam ordu - ictimaiyyət münasibətlərinin səviyyəsinin göstəricisidi..." - düşünürəm. Hərbi hissənin tərxis olunmuş zabitləri, keçmiş döyüşçüləri kitabı bağrına basır; Tərtərin dünənini yaşadır bu kitab, hərbi hissənin döyüş yolunun kitabıdı, şəhidlərin ruhunun bu günün əsgərlərinə vəsiyyəti-nəsihəti kitabıdı, illərin o üzündə qalan ayların, günlərin döyüşlərini yaşadan kitabdı - ölməzlərə ehtiramın kitabıdı...
Pənah kitabı şəhid əsgərlərinin əvəzinə bağrına basıb - qəhəri də sezilir, ürək sevinci də...
...Yaz ovqatlı könüllərin havası da "Vətən!" - deyir, anaların baxışının alğışı da, duası da, ovunmayan nəvası da "Vətən!" - deyir, bu millətin əsrlərin o üzündən gələn səsi, qılınc-qılınc boy göstərən qələbəsi, dövlətçilik təntənəsi "Vətən!" - deyir, 2016-cı ilin aprel döyüşlərinin harayçısı olan bir "Qarabağ şikəstəsi" "Vətən!" - deyir. Bu möhtəşəm tədbir iştirakçıları kəlmə-kəlmə Vətənləşdirir...
Hazırda Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun  bu hərbi hissədə hərbi nizam-intizam yaratdığını, təlimlərdə və məşğələlərdə şəxsən iştirak etdiyini, Levonarx əməliyyatını şəxsən hazırladığını,... xatırladan bu kitab neçə-neçə Rəşidlərin xatirələrinin söykəndiyi kitabdı:
1992-ci ilin yayın əvvəllərində Knyaz Aslanla III sovxozun ərazisində minalanmış sahəyə düşəndə yaşadığım anların, Tərtərdən Ağdərəyəcən yollar boyunca gördüklərimin ürək sıxıntılarını yenidən yaşadan, unudulmağa qoymayan kitabdı; tədbirdən sonra hamının "Qəhrəman Tərtərin müdafiəsində" kitabı tarixin kitabıdı - təəssüratıyla qayıdacağına zərrəcə şübhəm yoxdu...
Abdulla Qurbani hərbi hissənin şəhidlərindən söz açanda Qarabağ müharibəsi əlili Nizami Heydərovun həmişə kövrəkliklə dediyi bir beyti xatırlayıram: Şəhidlərin ruhu haqqı bu qan yerdə qalmayacaq! Xatırlayıram və "Qəhrəman Tərtərin müdafiəsində" kitabının işığında anaların, bacıların, indi ata olan, ana olan şəhid balalarının ürəyindən keçənləri görürəm.
Düşüncələrimi bürüyən işığın fonunda bir mətləbi apaydın oxuya bilirəm: "...Tərtər var, Vətən var...". Bu günümüzə "Qəhrəman Tərtərin müdafiəsində"dən baxanların düşüncələrində düşüncələrimin eynini görürəm və bayaqdan bəri neçə dəfə pıçıldadığım bir fikri yenə təkrarlayıram, Azərbaycan əsgərinin adından təkrarlayıram: "Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!". Təkrarlayıram və əsgərlərimizə baxıram. Baxışlar deyir ki, "İli ömür eləyən Vətənə xidmətdi, Vətən!". "Bu munis anları Cıdır düzündə yaşayacağımız günə az qalıb!" - mənə elə gəlir ki, Vəzirin, Elmanın, Kazımağanın, tərtərlilərin də tərtərli qədərincə sevdikləri Yusifin də ruhunun səsini eşidirəm; "Qəhrəman Tərtərin müdafiəsində" kitabı həm də uca ruhların xeyir-duası kimi oxunacaq...
"Qəhrəman Tərtərin müdafiəsində" kitabında salnamə çalarları aydınlığıyla görünür. Bu salnaməni yaradanların əhatəsində yeni-yeni salnamələr yaradacaq əsgərlərin hansıyla həmsöhbət olsam, eşidəcəyim kəlmələrin qətiyyətini də cəsarətlə bu kitaba ad edirəm: torpaqlarımız işğaldan azad ediləcək! Biz azad edəcəyik! Tədbirin sonunda kimliyini öyrənmək istədiyim əsgərin dediklərində Cıdır düzündə üzməyə əlim gəlməyəcəyi çiçəyin ətrini duyuram: Azərbaycan əsgəriyəm!..
Bu kitabın təqdimatı, Abdulla Qurbaninin təəbirincə desək, Tərtərin timsalında Vətəni sevənlərə Tərtərin, Tərtərin timsalında Vətənin sevgisi kimi təqdim olunur, Tərtərə, deməli, Vətənə sevgi kimi yaşadılacaq.
Bu kitab həm də düşmənlərin gizlətmək istədikləri hadisələrin sirr pərdəsini götürən kitabdı: Ermənistan-Azərbaycan sərhədlərində, Malıbəylidə, Quşçularda, Qaradağlıda, Fərruxda,... qətllər törədən, tərkibi, əsasən, Livandan, Fransadan, Fələstindən gələn muzdlu ermənilərdən ibarət olan  "Arabo" batalyonu Tərtərdə son nəfərinədək - təxminən 160 nəfər - məhv edildi, Ermənistan uzun illər bu faktı gizlətməyə çalışdı...
Kitab həm də "xırda budaqların üstündə oturub böyük budaqları silkələmək istəyənlərin" (H.Baxış) məğlub olacağına zəmanətin bədii (həm də real!) təsdiqi kitabıdı...
Düşüncələrimi vərəqlədikcə kövrəldiyim, kövrəklik  içində qürurlandığım kitabdan üzülmür; "Qəhrəman Tərtərin müdafiəsində"nin cazibəsindən ayrılmaq çətindi. Bu cazibə sevgidi, ehtiramdı, dünənlə bu gün, bu günlə sabahlar arasında söz körpüsüdü. Bu söz "N" hərbi hissəsinin yaranması gününün könül xoşluğunu bir inamın qətiyyətiylə tamamlayır: torpaqlarımız işğaldan azad ediləcək, tədbiri gözlərinə, gözlərindən ürəyinə köçürən yeniyetmələr o ərazilərdə xidmət edəcək, belə kitablar o ərazilərdən yazılacaq, həm də Niyazi Qurbanovun, Niyazilərin istəyi məzmununda. Hamı bu murazı, bu niyyəti, bu murazın, bu niyyətin səyyarəsi olan qətiyyəti Azərbaycan əsgərinin  qələbə uğuruna aydınlıq suyu bilir...
...Bu ruhun  zərrəsi olmaq da səadətdi, Vətən. İli ömür eləmək Vətənə xidmət olduğu üçün səadətdi. "Qəhrəman Tərtərin müdafiəsində" kitabı deyir ki, Vətənə xidməti səadət bilənlər bizi Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana aparacaq, bu yolları nurlandıracaq səadət hamımızın ümumi səadətimizdi - Vətənin səadətidi...
Ötən il Horadizdə keçirilmiş kütləvi vətənpərvərlik tədbirini xatırlayıram: "Qarabağa yaz gələcək!". Arzuladığımız yazın aprel ovqatlı əlamətləri görünür...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist