Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2018 09:54

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində hərbi dənizçilik aspektləri

(II məqalə)

Azərbaycanın sahillərinin güclü müdafiəsinin vacibliyini 1919-cu ilin yayında Muğanda baş vermiş hadisələr göstərdi. Bolşeviklər burada mərkəzi hökumətin əleyhinə silahlı qiyam qaldırıb, "Muğan-Lənkəran hərbi donanması" yaratdılar. Onun tərkibinə "Dmitri Milyutin" paroxodu, bir topla gücləndirilmiş "Vstreça", "Pereboynya", "Kura", "Bailov" və "Kaspi" döyüş katerləri, həmçinin 47 mm çaplı top və pulemyotla silahlanmış bir neçə motorlu barkas daxil idi. Xəzər dənizinin cənub-qərb sahili boyunca reyslər edən bu donanmanın gəmiləri kəşfiyyat aparır, sahilyanı müdafiə sahələri ilə əməliyyat əlaqələri saxlayır, hücum edən Azərbaycan hissələrinə dənizdən atəş açırdılar. Donanmanın gəmiləri tez-tez Bakının 30-32 mil yaxınlığında görünürdü ki, bu da yerli hakimiyyət orqanlarını ciddi narahat edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə bolşeviklər tərəfindən təşkil olunan və 1919-cu ilin yazından fəaliyyət göstərən "Xüsusi dəniz ekspedisiyası" xeyli başağrısı gətirirdi. Ekspedisiyanın tərkibinə 20-yə yaxın balıqçı qayığı və motorlu barkas, həmçinin 200 matros daxil idi. Bu gəmilər Həştərxana gizli yolla neft və neft məhsulları aparır, geriyə - Bakıya isə döyüşçü qrupları, silah, döyüş sursatı və s. gətirirdi.
Denikinin Azərbaycana münasibətində təcavüzkarlıq cəhdləri tezliklə özünü açıq-aydın büruzə verdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusubbəyov, Səməd bəy Mehmandarov, Aslan bəy Səfikürdski, Xudadat bəy Məlik-Aslanov və Məmməd Yusif Cəfərovun iştirakı ilə keçirilən 1919-cu il 21 oktyabr tarixli iclasında Rusiyanın Cənub Silahlı Qüvvələrinin baş komandanının Azərbaycandakı nümayəndəsinin 17 oktyabr tarixli münasibəti və Baş Komandan yanında Dəniz İdarəsinin rəisi, vitse-admiral Gerasimovun 1918-ci il 21 sentyabr tarixli məktubu müzakirə olunmuşdu. Sonuncunun məktubunda qeyd olunurdu ki, Rusiya ilə İran arasında bağlanmış 1828-ci il 22 fevral tarixli Türkmənçay müqaviləsinin 8-ci maddəsinə görə, Xəzər dənizində yalnız Rusiya və İran ticarət donanmaları, Rusiya isə hərbi donanmanı saxlaya bilər. Bu məktubda "Ağ Rusiya" tərəfindən Azərbaycana açıq təhlükə ifadə olunurdu. Rusiya "Azərbaycana Xəzər dənizində hərbi donanma saxlamağa və ticarət gəmilərinin rus bayrağından başqa digər bir bayraq altında üzməsinə yol verə bilməzdi".
Dövlət Müdafiə Komitəsinin qərarı ilə Xarici İşlər Nazirliyinə tapşırılmışdı ki, Rusiyanın cənub silahlı qüvvələrinin baş komandanının Azərbaycandakı nümayəndəsinə aşağıdakıları çatdırsın: Birincisi, Türkmənçay müqaviləsi traktat kimi Rusiya ilə İran arasında bağlanmış və onlar üçün mütləq ola bilər, ancaq yeni qurulmuş müstəqil dövlət üçün yox; ikincisi, Azərbaycan Xəzəryanı dövlət kimi limanlara və ticarət donanmasına malikdir ki, gəmilər də Azərbaycanın bayrağı altında üzəcəklər. Xarici işlər nazirinə, həmçinin tapşırılmışdı ki, müttəfiqlərin ali komissarı polkovnik Qaskel və O.Uordrop qarşısında etirazını bildirsin.
Tezliklə xarici işlər naziri M.Y.Cəfərovun cavab məktubunda Denikinin nümayəndəsinə bildirilmişdi ki, "Xəzər dənizində gəmilərin rus bayrağından başqa digər dövlətlərin bayrağı altında üzməsinin dayandırılması tələbini mənim hökumətim "Könüllü ordu" komandanlığı ilə yaradılmış xeyirxah qonşuluq münasibətlərini pozmaq cəhdi kimi, həmçinin həmin komandanlığın hökumətlə iqtisadi və başqa məsələlər üzrə müqavilə bağlamaq barədə danışıqlar aparmaq istəyilə uzlaşmayan aqressiv çıxış kimi qiymətləndirir... Azərbaycan donanması indiyədək olduğu kimi, özünün milli bayrağı altında üzəcək".
Bütün amilləri nəzərə alaraq, Azərbaycan hökuməti ölkənin hərbi-dəniz müdafiəsini gücləndirmək məqsədilə bir sıra praktiki tədbirlər görmüşdü. Quru qüvvələrin yaradılmasında və hərbi dəniz qüvvələri quruculuğunda hökumət bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşmişdi. Bu, yalnız hərbi-texniki bazanın zəifliyi ilə yox, eyni zamanda, hərbi-dəniz işlərini dərindən bilən mütəxəssislərin çatışmamasında özünü büruzə vermişdi.
Keçmiş imperiya silahlı qüvvələrinin elitasını təşkil edən hərbi dəniz donanmasının komplektləşdirilməsində böyük rus şovinizmi aydın şəkildə özünü göstərirdi. Praktiki olaraq, hərbi dəniz donanmasına slavyanlardan başqa Qafqaz, Orta Asiya, Şimal, yəhudi və başqa azlıqda qalan xalqların nümayəndələri buraxılmırdı. Donanmada "yadların" xidmət etməsinə icazə verməməklə çar hökuməti zabit korpusunun "təmizliyini" xüsusilə qoruyurdu. Donanma üçün zabit kadrları hazırlayan əsas məktəb kimi Dəniz Kadet Korpusuna oxumağa yalnız nəcabətli zadəgan və zabit uşaqlarını qəbul edirdilər. Dəniz korpusunun qaydalarına uyğun olaraq, "Məhəmməd dininə ibadət edənlər" müstəsna hallarda "çox yuxarıdan xüsusi icazə ilə" qəbul edilirdi. Bir faktı qeyd etmək kifayətdir ki, donanmanın ən böyük döyüş gəmilərində, o cümlədən "Kars" və "Ərdəhan" gəmilərində faktiki olaraq, ali hərbi təhsil almış heç bir azərbaycanlı zabit xidmət etmirdi. Yalnız "Ərdəhan" və "Astrabad" gəmilərində dəniz xidməti kapitanı Həsən Çilingərzadə və birinci dərəcəli kapitan Gitançızadə xidmət edirdi. Belə bir vəziyyət gəmilərin şəxsi heyətinin tərkibində də özünü göstərirdi. Burada xidmət edən azərbaycanlılar ticarət donanmasından idilər və onların hərbi dəniz xidməti təcrübələri yox idi. Bu amillər donanmanın idarəetmə orqanını yaratmağa imkan vermirdi. Hətta Hərbi Nazirlikdə donanma ilə məşğul olan idarə və ya şöbə yox idi. Xəzər hərbi donanması ilə əlaqədar bütün məsələlər həll olunmaq üçün əvvəllər Nəqliyyat Nazirliyinə verilirdi.
Buna baxmayaraq, hökumət yenə də hərbi dəniz işlərində müəyyən qaydalar yaratmağa cəhd göstərirdi. Hər şeydən əvvəl bütün hərbi dəniz işlərinin bir hərbi idarədə cəmlənməsi məqsədilə Baş Qərargahın nəzdində 6 ştat vahidi olan, o cümlədən baş adyutant (dəniz zabiti), onun müavinləri və köməkçisi, iki katib və iki kuryerdən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılmışdı.
1919-cu il dekabrın 5-də Bakı limanında dayanmış "Kars" və "Ərdəhan" kanoner gəmilərini yoxlamaq məqsədilə xüsusi komissiya təşkil olunmuş və həmin gəmilərdən Azərbaycanın sahillərinin müdafiəsində istifadə edilməsi nəzərdə tutulmuşdu. Bütövlükdə isə Azərbaycanın Xəzər hərbi donanmasının tərkibinə 75 mm, 100 mm və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi - "Ərdəhan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargin" xidməti və yardımçı gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paroxodu, həmçinin lazımi qədər kater var idi.
Həmçinin Bakı Dəniz Aviasiyası Məktəbinin bazasında xüsusi hərbi dəniz aviasiyası məktəbi yaradılması üçün müəyyən tədbirlər görülürdü. 1919-cu ilin payızında bu məktəbin maddi-texniki bazası dözülməz halda idi. Bakı şəhər idarəsinin yaratmış olduğu xüsusi komissiya tərəfindən 1919-cu ilin avqustunda məktəbin yerləşdiyi ərazidəki anqarlarda mühərriksiz və pərlərsiz on hidroaeroplan, həmçinin bu aparatlar üçün ehtiyat qanadlar tapılmışdı. 1919-cu il avqustun 19-da hərbi təyyarəçi poruçik Xan Əfşar Temurçin hərbi xidmət üçün Azərbaycan ordusuna qəbul edilmiş, oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradılmışdı. 1920-ci il yanvarın 26-da Hərbi Şura tərəfindən bu aviadəstənin yeni ştatı təsdiq edilmişdi.
Hökumət tərəfindən, həmçinin donanmanın və hərbi dəniz aviasiyasının texniki vasitələrlə təmin olunması sahəsində də bir sıra tədbirlər görülmüşdü. Belə ki, Antantanın Ali Şurasına Paris sülh konfransında təqdim olunmuş memorandumda Azərbaycan hökuməti xahiş etmişdi ki, müttəfiq dövlətlər ordunun təmin edilməsi ilə yanaşı, donanmasının sualtı qayıqlarla, lazımi qədər mərmi ehtiyatları ilə təmin olunmaqla gəmi artilleriyası, limanların tam hərbi-texniki təchizatı, hidroaeroplanlar, məftilsiz teleqraflar, optik cihazlar və digər hərbi-texniki vasitələrlə təmin olunmasına kömək göstərsinlər. O cümlədən, donanmanın təmin olunması üçün altı sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş edilmişdi. Lakin 1920-ci ilin aprel hadisələri ilə əlaqədar, bütün bunları vaxtında almaq mümkün olmadı.

Nurulla ƏLİYEV, tarix elmləri doktoru,
ehtiyatda olan I dərəcəli kapitan