Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 10:10

“Xocalıda şəhid olanların hamısını əzizim bilirəm”

Müsahibimiz Xocalı faciəsini bilavasitə görən, əzizlərini itirən, ağrılarını yaşayan, bu ağrılardan bəhs edən 10-dan çox kitabın müəllifi, əməkdar jurnalist Səriyyə Müslümqızıdır.

- Həyat yolunuz və yaradıcılığınız barədə oxucularımıza qısa məlumat verməyinizi xahiş edirəm.
- Xocalıda zəhmətkeş və sadə bir ailədə dünyaya gəlmişəm. Uşaqlıqdan kitab oxumağa böyük həvəsim olub. Kəndimizin lap yuxarısındakı kitabxanaya gedər, bədii kitablar alıb oxuyardım. 4-cü sinfi bitirib yay tətilinə buraxıldıq. Bu müddət ərzində 100-ə yaxın kitab mütaliyə etmişdim. Yeni tədris ili başlananda müəllim uşaqlardan  - neçə kitab oxumusunuz? - soruşanda mən bu rəqəmi dilimə gətirdim. Bundan hamı heyrətləndi. Kitablar həmişə həyat yoluma işıq salıb. Mən onlardan çox şey öyrənmişəm. İndi  də boş vaxtım olanda mütaliyəmdən qalmıram. Kitabların xoş qoxusunu sinəmə çəkəndə sanki xəyallar məni qanadlarına alaraq bir anlığa Xocalıda keçirdiyim uşaqlıq, yeniyetməlik, gənclik illərinə aparır. Nə vaxtsa mən də kitab yazacağımı ağlıma gətirməzdim. Bilməzdim ki, Qarabağ boyda bir dərddən, Xocalı faciəsinin qaysaq bağlamayan yaralarından bəhs edən kitablar yazacağam. Hər bir insanın öz həyat yolu var, talelər bir-birinə bənzəmir. Mənim həyat yolum kitablara sonsuz məhəbbətdən başlayıb, Qarabağ müharibəsinin yaralarından keçib... Özü də qəlbimdə dərin şırımlar açan yaralarla... 
- Xocalı faciəsinin baş verdiyi gün ömrünüzün ən ağrılı və hüznlü günüdür. Sizin üçün nə qədər çətin olsa da, o gündən danışın.
- Ağdamın Abdal-Gülablı meşəsində keçirdiyim soyuq qış günü yaşadığım ömrün ən ağrılı səhifəsidir. O gün mən qarın, buzun içində olsam da, elə bilirdim bütün vücudum od tutub yanır. Yeriyib-yüyürməkdən yorulub kürəyimi qollu-budaqlı bir ağaca söykədim ki, yıxılmayım. O gün mən həm doğma şəhərimi, həm də anamı itirdim. Min bir əziyyətlə Novruz bayramı ərəfəsində anamın meyitini meşədən götürə bildik. Ermənilərin güllələyib öldürdüyü anamı Ağdamın Uzundərə qəbiristanlığında dəfn etdik. Az da olsa təsəlli tapdım. Amma bir müddətdən sonra erməni qəsbkarları o tərəfləri də işğal etdi. Əvvəlki günlər anamın meyiti düşmənin əlində idi, Uzundərə qəsbkarların işğalına məruz qalandan sonra məzarı əsirlikdə qaldı. Düz 26 ildir 26 fevral günündə itirdiyim anamın qəbrini ziyarət edib üstünə bir dəstə çiçək qoya bilmirəm.
Həmin gecə Xocalıda erməni gülləsinə tuş gələrək şəhid olanların hamısını doğmam, əzizim hesab edirəm. 26 il bundan əvvəl ermənilərin törətdiyi bu faciədə  anamla bərabər, üç əmim oğlunu, böyük bir nəslimi itirdim. Sağ qalmağıma həm təəccübləndim, həm də təəssüfləndim. Sanki ölümdən bir möcüzə nəticəsində xilas oldum.
- Xocalı faciəsindən sonra sağ qalan insanlar hansı hisslərlə yaşayırlar? 
- Çəkənlər yaxşı bilir, doğmalardan ayrılmaq dözülməz dərddir. Amma sonra gördük ki, biz mütləq yaşamalı və bu qanlı faciənin şahidi kimi erməni qəsbkarlarının insanlığa sığmayan bu hərəkətlərini ifşa etməliyik. Onlardan intiqam almalıyıq.
- Xocalı faciəsi ilə bağlı kifayət qədər kitablar yazılıb. Həmin kitabları necə dəyərləndirirsiniz? Yəni, yazılanlar faciəni real şəkildə əks etdirirmi?
- Deyirlər ki, böyük dərdlər dilsiz olur. Məncə, Xocalı faciəsinin miqyası o qədər genişdir ki, kitablara, əsərlərə sığmaz. Onu da hiss etmişəm ki, faciəni yaşayan, onun qan-qadası içərisindən keçib möcüzə nəticəsində sağ qalan insanlar o ağır yaşantılarını ifadə etməyə də əzab çəkirlər. Xocalı faciəsi haqqında çox kitablar yazılıb. Xocalıda şəhid olmuş 63 uşağın həyatından bəhs edən "Onlar heç vaxt böyüməyəcəklər" əsərimi Xocalı faciəsini təbliğat məqsədi ilə vikipediyaya qoymuşdum. Kitab bir sıra aparıcı əcnəbi dillərə çevrilib.
Xocalı faciəsini dünyaya tanıtmaq üçün, əlbəttə, onların müxtəlif dillərə tərcümə edilməsi vacibdir. Erməni vəhşiliyini, erməni qəddarlığını ifşa etmək üçün bu, ən yaxşı vasitədir.
- Çox təəssüf ki, Xocalı faciəsinin səbəbkarları hələ də cəzalarını almayıblar...
- Xocalıda cinayət törətmiş Xankəndidəki 366-cı alayın komandiri Yefim Zavriqarovun, 51 zabit və gizirin hələ də cinayət məsuliyyətinə cəlb olunmadığına görə çox təəssüflənirəm.. Təəssüf ki, hələ də Haaqa məhkəməsində bu cinayətlərin icraata götürülməsinə nail ola bilməmişik.
O günlərdə bir daha şahidi oldum ki, insan çətin anlarda daha mübariz olur. Həyat adamı bütün sınaqlara hazırlayır. Ağrılarını yaşadığım o günlərdə özümdə əlavə güc tapıb cəbhəyə yollandım. Tibbi təhsilim olduğundan bir müddət səhra hospitalında çalışdım. Orada da çətinliklər gördüm, köməyə ehtiyacı olan insanlara əl tutdum. O ağır günlərdə Vətən üçün nə isə etdiyimi düşünəndə təsəlli tapırdım.  
- Adınızın mənası başucalığı deməkdir. Necə fikirləşirsiniz, dönüb həyatınızın dünəninə boylananda əməlinizlə, qələminizlə adınızı doğrultmusunuzmu?
- Onu məni yaxından tanıyanlar daha yaxşı bilər. Əsası odur ki, həyatım mübarizələrdə keçib. Xocalı faciəsi barədə kitablar, məqalələr yazaraq erməni vəhşiliyini, erməni qəddarlığını ifşa etməyə çalışmışam. Heç vaxt özümdən, gördüyüm işlərdən razı qalmamışam. Çünki özündən razılıq, adama arxayınlıq və tənbəllik gətirir. Mübarizədən, axtarışdan əlini soyudur.  
- Əsir düşən şəhər sakinlərinin sonrakı taleyi ilə maraqlanmaq, araşdırmaq imkanınız olubmu? 
- İmkan daxilində əsirlikdə olanların sonrakı taleyi ilə maraqlanmağa çalışmışam. Təəssüflər olsun ki, onların çoxu artıq həyatda yoxdur. Ermənilər əsirlərin əksəriyyətini amansızcasına, işgəncə ilə öldürüblər.
- Ömrümüzün axırına kimi bu yanğıyla, bu ağrıyla yaşayacağıq.
- Heç vaxt onun od-alovunun istiliyi, hərarəti azalmayacaq. Hər il fevral başlayandan qurtarana kimi Xocalı sakinləri çox ağır anlar yaşayır. Mənə elə gəlir ki, Xocalıda bizə vurulan yaralar qövr edir, heç vaxt qaysaq bağlamır. Bu yaralar uca səslə "Qisas" - deyib haray qoparır. 
"Heydər Əliyev fondu"nun dəstəyi və onun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası çox böyük işlər görür. Zaman keçdikcə Xocalı faciəsini tanıyan ölkələrin sayı ildən-ilə artır. Dünya erməniliyin iyrəncliyini, astar tərəfini görüb, qaniçənlərin xislətini tanıyır.  
- Bu illər yaddaşınızda hansı izlər buraxıb? 
- Mən Xocalıdan cismən ayrılmışam, ruhum o gözəl yerlərdə dolaşır. Yuxularımda qoynunda böyüdüyüm şəhəri tez-tez görürəm. Amma ayılanda özümü doğma ocaqlardan uzaqda görəndə çox pis oluram. Heç belə şirin yuxudan ayılıb, gözümü açmaq istəmirəm. Bu anları yaşamaq çox ağrılıdır. Arada ötən illər yaddaşımda kədərli, qəmli izlər qoyub. 26 ildir ki, doğma ocaqların həsrətini çəkə-çəkə yaşayıram. Günlərin birində Xocalıya dönəcəyimizi gözləyirəm. Azərbaycan Ordusunun qüdrətinə inanırıq. İnanırıq ki, döyüş hazırlığı yüksək olan cəsur zabit və əsgərlərimiz işğal altında olan başqa şəhər və kəndlərimiz kimi Xocalını da ermənilərin tapdağından azad edəcəklər.  

Söhbətləşdi:  Vahid MƏHƏRRƏMOV