Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 10:08

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:  Dövlətçilik tariximiz. Azərbaycan Atabəylər dövləti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Dövlətçilik tariximiz. 
2. Azərbaycan Atabəylər dövləti.

Dövlətçilik tariximiz

VI əsrin əvvəllərində Azərbaycanda feodal münasibətləri inkişaf edirdi. Kənd icmalarının torpaqları feodalların əlinə keçirdi. Əkilib becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı. Torpaqsız qalan icma üzvləri asılı kəndlilərə çevrilirdilər.

Azərbaycanın cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrov Ənuşirəvanın islahatları da təsir göstərdi. O, sahibsiz torpaqları hərbçilərə payladı və vergilərin toplanmasını nəzərə aldı. Bununla da vergi yığan məmurların özbaşınalığına son qoyuldu. Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər. I Xosrovun islahatları şərti torpaq mülkiyyətini genişləndirdi, xırda və orta torpaq sahiblərinin sayı artdı.
VII əsrın əvvəllərində Azərbaycanın şimalında - Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalə hakimiyyətini Albaniyanın Girdiman vilayətində qurmuşdu. Sonralar Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş, mərkəzi isə Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur. Sülalənin banisi Mehran idi. O, mənsub olduğu sabirlər adlı türk tayfaları ilə birlikdə Girdiman vilayətində məskunlaşdı. Burada Mehrəvan şəhəri salındı.
VII əsrin 60-cı illərində Xilafətdə Əməvilər sülaləsinin nümayəndələri hakimiyyətə gəldi. Əməvilər müharibələri gücləndirdilər. Bizans bu müharibələrdə zəiflədi. Albaniya təklikdə ərəb qoşunları ilə döyüşdə uğur qazana bilməzdi. Şimaldan xəzərlərin yürüşü, cənubdan isə İran feodallarının hücumu Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdi. Cavanşir uzaqgörənliyi ilə Azərbaycanın şimal torpaqlarını - Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanilərin və xəzərlərin işğallarından xilas etdi. O, mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışırdı. Lakin müstəqilliyə can atan bizanspərəst feodallar sui-qəsd təşkil edərək 681-ci ildə Cavanşiri qətlə yetirdilər. Onun varisləri isə Albaniyanı qoruya bilmədilər. 705-ci ildə ərəblərin hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi.
VII əsrin 40-cı illərində ərəb qoşunları Azərbaycana yürüşə başladılar. Azərbaycan uğrunda ərəblərlə xəzər türkləri arasında başlayan müharibələr VIII əsrdə daha da şiddətləndi.
IX əsrdə Xilafət Babəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı nəticəsində zəifləmişdi. Xilafətə tabe olan ölkələrdə azadlıq müharibələri genişlənirdi. Feodal münasibətlərinin möhkəmlənməsi nəticəsində ucqarlarda mərkəzə tabe olmaq istəməyən qüvvələrin sayı artmışdı.
Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının başlıca mərkəzlərindən biri idi. Bir sıra yerli feodal dövlətləri - Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı. Azərbaycanın qədim dövlətçilik ənənələri dirçəldi. Bu dövlətlərlə yanaşı, Şəki hakimliyi, Dərbənd və Tiflis əmirlikləri kimi nisbətən kiçik dövlətlər də yaranmışdı. Bu dövlətlərin hamısında Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid türk dili və türk-islam mədəniyyəti formalaşmışdı.
XI əsrin ortalarında Azərbaycanda fəaliyyət göstərən Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövləti arasında  siyasi və iqtisadi əlaqələr zəif idi. Onlar bir-biri ilə çəkişirdilər. Belə bir şəraitdə Orta və Yaxın Şərqdə Səlcuqilər imperiyası yarandı. Orta Asiya, İran, İraq, Suriya, Misir, Kiçik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da Səlcuqilərin hakimiyyəti altına keçdi. Səlcuqilər dövlətinin banisi oğuz tayfasına mənsub Səlcuq adlı cəsur və cəngavər şəxs idi. Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdır. 119 il fəaliyyət göstərən səlcuqilər dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mənəvi inkişafına güclü təsir göstərmişdir.
 XII əsrin 20-30-cu illərində Səlcuq sultanları arasında hakimiyyət uğrunda mübarizə nəticəsində mərkəzi hakimiyyət zəiflədi və nəticədə XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti yarandı.

Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı

Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəgiz Eldəgizlər sülaləsinin (1136-1225) banisi idi. Mərhum akademik Ziya Bünyadov "XII-XIII əsrlərdə Atabəylər dövləti" əsərində göstərir ki, Şəmsəddin Eldəniz "Böyük Atabəy (atabəy əl-əzəm)  adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.
Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz ona tabe əraziləri genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə - əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi  hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi gücsüzlüyü ucundan bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu.
Eldənizin ardıcıllığı və tədbirli xarici siyasəti bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olub. Eldənizin müasirlərindən biri olan Əl-Hüseyni yazır ki, Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər. İbn əl-Əsir atabəy Eldənizin "Tiflis qapılarından Məkrana qədər uzanan" torpaqlarını daha ətraflı sadalayır. Tarixçi yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona tabe idilər".
Böyük atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi, o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, sultan Arslan şahın ona qarşı münasbətinin məqsədini gözləməyə başladı.
Eldənizin siyasətindən narazı qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın paytaxtından getməsindən istifadə edərək, sultanı Azərbaycana hücuma keçməyə təhrik edirlər.
Sultan Arslan şah da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə böyük ordunun başında Azərbaycana yurüş təşkil etdi. Lakin Zəncanda sultan xəstələnir, azarının (şiddətləndiyini) və həyatının sona çatdığını hiss edən sultan Həmədana aparılması əmrini verir.
Həmədana qayıtdıqdan sonra Atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və dövlətin idarə olunmasını ona tapşırdıqdan bir müddət sonra ölür.
Atabəy Cahan Pəhləvanın ən görkəmli müvəffəqiyyətlərindən biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Ağ-Sunqur əl-Əhmədilinin nəslinə mənsub idi. 1175-ci ilin yayında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fələkəddin Əhməd keçdikdən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühasirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühasirə edir. Marağa qazısı Sədrəddin əl-Maraği əhalini xilas etmək xatirinə şəhəri təslim verdiyindən Cahan Pəhləvan oranı, demək olar ki, döyüşsüz ələ keçirir. Burada bağlanmış sülh müqaviləsinə əsasən Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə monqolların basqınına qədər öz sahiblərinin ixtiyarında qalır.
Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, həmin vilayətlərdə (əl-Cəzirə və Şərqi Anatomiya) Misir və Suriyanın məşhur hakimi-Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusif (1169-1193) fəaliyyət göstərirdi. Ona görə də, Cahan Pəhləvan qonşu hakimlərə daim təzyiq göstərir, mübahisəli məsələlərdə əksər hallarda barışdırıcı və vasitəçi rolunda çıxış edir, hərbi yardım göstərirdi.
Eldənizlər dövlətinin ən çətin dövrü XII əsrin 80-ci illərinin sonu 90-cı illər - Atabəy Qızıl Arslan və İraqın sonuncu Səlcuq  sultanı III Toğrulun hakimiyyəti dövrüdür. Ərəb və fars mənbələrinin, o çümlədən, bu dövrdə baş verən hadisələrin şahidlərinin məlumatları çox məhduddur. Lakin əlimizdə olan qısa məlumatlardan belə təsəvvür etmək olar ki, bu dövr siyasi hadisələrlə dolğun olub və Azərbaycan Atabəyləri ciddi sarsıntılara məruz qalıblar.
Taxt-tacın varisliyi məsələsində sabit qaydaların olmaması ilə əlaqədar baş verən iğtişaş və daxili müharibələr hələ səlcuqilərin hökmranlığı dövründə belə mərkəzi hökumətin qüdrətini dəfələrlə zəiflətmişdi. Təcrübəli siyasətçi olan Cahan Pəhləvan, şübhəsiz ki, gələcəkdə baş verə biləcək daxili çəkişmələri nəzərə almış, hələ sağlığında varislik məsələsində qayda yaratmaq təşəbbüsündə olmuşdu. Cahan Pəhləvanın müasiri Ravəndi Atabəyin öz ailəsilə bağlılıqını xüsusi qeyd edir. Cahan Pəhləvanın dörd oğlu və bir neçə qızı var idi. Qızlarını qonşu hakim və əmirlərə ərə vermişdi. Uşaqlarından ən çox Rey hakimi İnancın qızı İnanç xatundan doğulmuş oğlanlarını-Qutluq İnanc Mahmudu və Əmir Əmiran Öməri sevdirdi. Türk qızı Küteybə xatundan Əbu Bəkr adlı oğlu, Özbəyin anası kəniz Zahidə xatundan isə sonralar Naxçıvanın hakimi Cəlaliyyə adlı qızı olmuşdu. Cahan Pəhləvan öz oğlanlarından hər birini hakim şəxs etmək istəyirdi və ona görə də, öz sağlığında o, Azərbaycan və Arranın idarə olunmasını oğlu Əbu Bəkrə tapşırır. Reyi, İsfahanı və İrağın qalan hissəsini öz oğlanları İnanc Mahmuda və Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə ayırır. Ölüm qabağı Cahan Pəhləvan öz uşaqlarına əmiləri Qızıl Arslana tabe olmağı, eləcə də, sultan Toğrulun qulluğunda durmağı, ona qarşı kin bəsləməməyi, onu müdafiə etməyi, onunla münasibətləri kəsməməyi, ona qarşı çıxmamağı vəsiyyət edir.
Vəsiyyətnamədən göründüyü kimi, Atabəy Cahan Pəhləvan öz uşaqlarına gələcək hərəkətləri üçün elə bir xüsusi proqram tərtib etmişdir ki, dövləti onun kimi əzəmətlə idarə edə bilsinlər.
Mənbələr Cahan Pəhləvanın hakimiyyəti dövründə baş verən hadisələri bütün təfərrüatı ilə açıb göstərə bilmir. Lakin əl-Carbazağani və naməlum əsərin müəllifinin verdiyi qısa məlumatlardan aydın olur ki, Atabəyin ölümü onun yaratdığı idarə qayda-qanununu pozdu. Onun varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eyni zamanda, qardaşı arvadı İnanc xatun və onun tərəfdarları olan İraq əmirlərinin müqaviməti ilə rastlaşmalı olur.
1206-cı ildə Çingiz xan tərəfindən Mərkəzi Asiyada yaradılmış Monqol dövləti ilk vaxtdan hərbi yürüşlərə başladı. Monqol ordusu geniş əraziləri tutaraq Azərbaycana doğru irəlilədi. 1220-ci ildə monqol qoşunu Cəbə və Subutayın rəhbərliyi ilə Azərbaycan torpaqlarına daxil oldu və Təbrizə çatdı. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdur. Bunu görən monqollar danışığa girməyə üstünlük verdilər. Gürcüstana hücum edib məğlub etdikdən sonra monqollar Təbriz üzərinə yenidən hücuma keçdilər. Şəhər xəraç verərək təhlükədən xilas edildi.
221-ci ilin əvvəllərində Marağaya və 1222-ci ildə Şamaxıya hücum edən monqollar şəhərləri talan etdilər. Bu hadisədən sonra monqollar şimala üz tutdular. Dərbəndi tuta bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər. Talan olunmuş Azərbaycan zəifləyib gücdən düşmüşdü. Yeni torpaqlarda möhkəmlənmək istəyən Xarəzmşah şahzadəsi Cəlaləddin 1225-ci ildə Azərbaycana hücum etdi. O, Marağanı tutaraq Təbrizə yönəldi. Atabəylərin sonuncu hökmdarı Özbək Naxçıvana, Əlincə qalasına yollandı. Başsız qalan Təbriz əhalisi müdafiəyə qalxdı. Şəhər rəisi başda olmaqla əhali bir həftə döyüşdü. Cəlaləddin qələbə qazandı. Təbriz, daha sonra isə Gəncə zəbt edildi və bununla da Atabəylər dövləti süquta uğradı.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi