Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 10:04

Gənc nəsil milli ruhda formalaşır

Neftçala rayonunun Yuxarı Qaramanlı kəndi, Rəfael Əliyev adına tam orta məktəbində vətənpərvərliklə bağlı direktorun təlim-tərbiyə işləri üzrə müavini Nazim Sayılov bildirdi ki, məktəbimiz rayonun qabaqcıl təhsil müəssisələri sırasındadır. "Şəhidlik zirvəsinə ucalan məzunlarımız bizdə qürur və iftixar hissi yaradır. Şəhidliyə olan ehtiram gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıyır və onlarda hərbə maraq yaradır. Keçənilki məzunlarımızdan  da bəziləri hərbi peşələri seçiblər".
Nazim müəllim deyir ki, təhsil ocağında qan yaddaşımız, milli dəyərlərimizin təbliği ilə bağlı tədbirlər keçirilir. "Hər il fevralın 26-da respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi, məktəbimizdə də ilk dərslər Xocalı soyqırımına həsr olunur. Bundan əlavə məktəblilər üçün dəyirmi masalar və tədbirlər təşkil olunur". 
XI sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada məktəbin təcrübəli müəllimlərindən olan Xanım Məmmədzadə qeyd etdi ki, keçmişini unudanın gələcəyi olmaz. "Xocalı  qətliamı Azərbaycan xalqının tarixində erməni qəsbkarlarının insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Soyqırımda həlak olanlar xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır".
Fürsətdən istifadə edib şagirdlərin fikirlərini də qələmə alıram.
Cabbar Babayev: Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli liderimiz Heydər Əliyevin sözlərini səsləndirmək istəyirəm. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Nərmin Sultanova: Mən də Cabbarın sözlərinə əlavə olaraq demək istəyirəm ki, Xocalı soyqırımının hüquqi-siyasi cəhətdən araşdırılması Ulu Öndərimizin adıyla bağlıdır.
 Anar Manaflı: Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində  çəkdikləri kadrlara hər dəfə ürək ağrısıyla baxıram. Bu dəhşətli mənzərələr adamı iliyinədək sarsıdır.
Bəsti Bağırova: Anar doğru deyir, Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə onlar tərəfindən diri-diri yandırılıb. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, ermənilər neçə soydaşımızın başını kəsdi, neçəsinin gözlərini çıxartdılar...
Əli Ağayev: Xocalı Azərbaycanın qədim yaşayış məskəni olub. Burada son bürünc və dəmir dövrlərinə aid kurqanlar və daş kitabələr tapılmışdı. İşğaldan sonra bütün bu maddi-mədəniyyət abidələrinin darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsidir.
Səbinə Məmmədova: Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman və digər millətləri də dəhşətə gətirmişdi. Burada Vətən oğulları qeyrətlə döyüşərək qəhrəmanlıq salnaməsi yaratdılar və canlarını torpaq uğrunda qurban verdilər.    
Aydan Əliyeva: Xocalı həqiqətlərini dünyaya təbliğ etmək hər bir azərbaycanlının borcudur. Bu, böyük ağrıdır, faciədir. Nəinki xalq, bütün bəşər bilməlidir ki, ermənilər bizə qarşı belə soyqırımı törədiblər.
Nisə Abdullayeva: Xocalı  həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası bizlərə əsl nümunədir. Məhz bu kampaniyanın fəaliyyəti nəticəsində bir sıra ölkələr Xocalı soyqırımını tanıyaraq, bəşəriyyətə qarşı yönəldilmiş cinayəti kəskin şəkildə pisləyir. 
Gülər Əliyeva: Meşələrdə şaxtadan əli, ayağı, burnu, qulağı donan, əsir düşən qoca və  uşaqları düşünəndə adam dəhşətə gəlir. Bu faciə yüz il bundan sonra da insanları sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların fəryadı yaddaşımızdan heç vaxt silinməyəcək.
Pakizə Ağasıyeva: Xocalıda son damla qanına kimi vuruşaraq, əhalinin şəhərdən çıxarılmasında müstəsna xidmətləri olan Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev kimi fədakar oğullar müasir gənclik üçün, hər birimiz üçün əsl örnəkdir. Onların Vətən, torpaq sevgisi heç vaxt unudulmayacaq.
Gülsüm Rəcəbova: Paytaxtımız Bakıda ucaldılan "Ana fəryadı" abidəsi faciənin simvoludur. Respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə bəzi ölkələrdə Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu görülən işlər Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramın bariz nümunəsidir.
Elnur Sultanlı: Qürur duyuram ki, bu gün qüdrətli dövlətimiz, güclü ordumuz var. Aprel döyüşləri bunun sübutudur. İnanıram ki, ordumuzun gücü ilə düşmən tezliklə cavabını alacaq!

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"