Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 09:37

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı. Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.


İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı.
2. Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.
3. Xürrəmilər hərəkatının əhəmiyyəti.

IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada İslam dinini yaymaq siyasəti yeridən ərəblər İranın Rey və Qəzvin şəhərlərini işğal etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə Azərbaycana daxil oldular. Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq, əhali onlara asanlıqla boyun əymədi, düşmənə ciddi müqavimət göstərərək, vergi verməkdən və islam dinini qəbul etməkdən imtina etdi. Yalnız 90 illik kəskin mübarizədən sonra xilafət orduları Azərbaycanın istilasını başa çatdıra bildilər. Ərəblər işğal etdikləri ölkələri əvvəllər öz qaydaları əsasında idarə edirdilər. Bu qaydalar isə mümkün qədər çox vergi toplamaqdan və başqa dinə mənsub olanlar arasında islam dinini yaymaqdan ibarət idi.
Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdururdu.
VIII əsrin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarşı həm xilafət sarayında, həm də onlara tabe olan ölkələrdə kəskin mübarizə gedirdi. Xilafətə qarşı çıxışlar Azərbaycanda 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdilər və onlara yerli feodallar başçılıq edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə yerli feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpaqlarını, kəndlilər üzərindəki hüquqlarını və digər imtiyazlarını məhdudlaşdırırdılar. Ona görə də feodallar xilafətdən daha çox narazı idilər.
Ərəblərə qarşı 748-ci ildə Beyləqanda başlamış ilk üsyan tezliklə digər vilayətləri, xüsusilə Bərdəni və Ərdəbili əhatə etdi. Xalq hərəkatı Azərbaycanın digər əyalətlərini və bütün Ön Qafqazı bürüdü. 752-ci ildə üsyan amansızlıqla yatırıldı.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı xürrəmilər hərəkatıdır. Xürrəmilərin şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların və digər hakim təbəqələrin asılılığından azad etməkdən ibarət idi.
 
Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə

Tarixi mənbələrin məlumatına görə, xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir. Bu mübarizənin xeyli hissəsinə Bəzz qalasının sahibi Cavidan rəhbərlik etmişdir. 816-cı ildə yerli feodal Əbu İmranla döyüşdə Cavidan ağır yaralanaraq aldığı yaradan öldü. Cavidanın ölümündən sonra xürrəmilərin hərəkatına onun köməkçisi Babək rəhbərlik edir.
Əsrlərdən bəri adı qəhrəmanlıq rəmzinə çevrilmiş Babək öz zəmanəsinin cəsur sərkərdəsi və görkəmli siyasi xadimi idi. Babək 798-ci ildə (bəzi mənbələrə görə 795-ci ildə) Ərdəbil yaxınlığında Bilalabad kəndində anadan olmuşdur. Babək gənc yaşlarında bir neçə il çobanlıq etmiş, iki il Təbrizdə sənətkar yanında şagird olmuş, sonra Cavidanla rastlaşıb xürrəmilərin paytaxtı Bəzzə getmişdi.
Xürrəmilər Babəkə qədər xilafətə qarşı iki dəfə - 778 və 808-ci illərdə üsyan etmişlər. Daha güclü olan ikinci üsyanda on minlərlə adam iştirak edirdi. Ərəb sərkərdəsi Abdulla ibn Malikin başçılığı ilə xürrəmilərə qarşı on min atlı göndərildi. Üsyan amansızlıqla yatırıldı, üsyançıların çoxu öldürüldü, əsir alınmış kişiləri xəlifə Harun ər-Rəşidin göstərişi ilə öldürdülər, qadın və uşaqları isə qul kimi satdılar.
Lakin xilafətin amansız cəza tədbirləri xürrəmilərin azadlıq uğrunda mübarizə əzmini məhv edə bilmədi. Onların sırası seyrəlsə də, düşmənə qarşı döyüş təcrübələri zənginləşdi.
Babək xürrəmilər icmasında  rəhbərliyi qəbul edən zaman onun tərəfdarlarının miqdarı kifayət qədər çox deyildi. O, xürrəmilərə silah paylayıb göstəriş verdikdən sonra əlverişli məqam çatana kimi gözləmələrini tapşırdı. Həmin müddətdə Babək öz adamlarını Azərbaycanın hər tərəfinə göndərərək ölkəni xilas etmək üçün onları ərəblərə qarşı azadlıq mübarizəsinə çağırdı. Ölkənin hər tərəfindən minlərlə insan Babəkin bayrağı altında toplandı. Bəzi mənbələrə görə, Babəkin ordusunda təkcə atlılar 20 min nəfər idi. Babək orduda ciddi intizam yaratmışdı.
Azadlıq ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə də, orada şəhər yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif təbəqələrinə mənsub adamlar da az deyildi.
Xürrəmilər xilafət orduları üzərində parlaq qələbələr çalaraq Azərbaycanı onlardan təmizlədikcə azadlıq mübarizəsinə qoşulanların sayı artırdı. Ərəb tarixçisi Bağdadın verdiyi məlumata görə, Azərbaycanın cənubunda Babək tərəfdarlarının sayı 300 min nəfərə çatırdı.
İşğalçılara qarşı kəskin narazılıq və müqavimət bir çox əraziləri bürüsə də, bütün mənbələr təsdiq edir ki, azadlıq mübarizəsinin əsas mənbəyi Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi.
IX əsrin 30-cu illərinin əvvəlləri azadlıq mübarizəsinin ən uğurlu dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar. Ərəb tarixçisi Dinəvərinin məlumatına görə, bu zaman "Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular, lakin qalib gələ bilmirdilər. Babək qoşunları dağıdır və sərkərdələri öldürürdü."
835-ci ildə xəlifə Mötəsim məşhur sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərə qarşı döyüşən ərəb ordusunun baş komandanı təyin etdi. Ərəblərin xürrəmilərə qarşı mübarizə taktikasını dəyişən Afşin Babəkin tərəfdarları və müttəfiqləri olan yerli feodallar Səhl ibn Sumbatı, ibn Bəisi, Əbu Musanı və onlarla başqalarını öz tərəfinə çəkdi. Xəyanət nəticəsində Babəkin cəsur sərkərdəsi İsma  əsir alındı, 836-cı ildə isə daha bir sərkərdə - Tərxan öz evində öldürüldü.
Azadlıq müharibəsinin ilk dövründə, üsyan sürətlə genişləndiyi şəraitdə mübarizəyə qoşulan, onları silahla, ərzaqla, pulla təmin edən yerli feodallar hərəkatın müəyyən məqamında mülk və imtiyazlarını itirəcəklərini güman edərək mübarizədən uzaqlaşdılar. Bununla belə, təcrübəli sərkərdə olan Babək ağıllı taktika ilə düşmənin planlarını pozur və onları çıxılmaz vəziyyətə salırdı.
Ərəb sərkərdəsi Afşin Babəkə sülh danışığına başlamağı təklif edərək onu inandırmağa çalışırdı ki, bağışlanması haqqında xəlifədən fərman alacaq. Lakin Babək əqidəsindən dönmədi. O, Vətənin istiqlaliyyətini şəxsi xoşbəxtliyinə qurban vermədi. Xəlifənin təklif etdiyi imtiyazları və hədiyyələri xalqına xəyanət kimi qiymətləndirdi.
Belə olduqda həlledici döyüş labüd idi. Daha yaxşı silahlanmış və təchiz olunmuş ərəblər əlverişli vaxtda Babəkin ordusu üzərinə hücum etdilər. 837-ci il avqustun 26-da son döyüş başlandı. Bəzz qalasını hər tərəfdən mühasirəyə alan ərəblər qala divarlarını dağıtmaq üçün daş atan mancanaqlardan və neftlə isladılmış oxlardan da bacarıqla istifadə edirdilər. Qalanın müdafiəsinə Babəkin etibarlı və cəsur sərkərdəsi Adin başçılıq edirdi. Bütün günü davam edən qanlı döyüşdə düşmən əsgərlərindən dəfələrlə az olmalarına baxmayaraq, xürrəmilər misilsiz rəşadət göstərirdilər. Onların qeyri-adi mətanəti və igidliyi ərəbləri heyrətə gətirirdi. Vətənin cəngavər oğulları müqəddəs torpağımız uğrunda şəhid olmağı şərəf sayırdılar. Bəzz döyüşü orta əsrlər müharibələri tarixində ən çox insan qırğınına səbəb olan döyüşlərdəndir. Bu döyüşdə yaralananlardan və itkin düşənlərdən əlavə ərəblərdən 100 min nəfər, üsyançılardan 80 min nəfər həlak olmuşdu. Afşinin göstərişi ilə Bəzz qalası dağıdıldı. Qala müdafiəçilərindən 7600 nəfər əsir götürüldü.
Bəzzin süqutundan sonra Babək qardaşı Abdulla ilə birlikdə köhnə müttəfiqi Səhl ibn Sumbat tərəfindən xəyanət yolu ilə tutularaq ərəblərə təhvil verildi. 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü ilə Babək Samirə şəhərində edam edildi.
Edam zamanı Babək heyrətamiz mənəvi dözüm göstərdi. Cəllad əvvəlcə onun sağ əlini biləkdən kəsdi. Qan axanda Babək sol əli ilə üzünü qana boyadı. Xəlifə ondan nə üçün belə etdiyini soruşanda Babək bildirdi: "Adamlar elə başa düşərlər ki, mən elə əvvəldən ölümdən qorxmuşam. Mən üzümü qana boyadım ki, bənizim solğun görünməsin".

Xürrəmilər hərəkatının əhəmiyyəti

Orta əsrlərdə baş verən digər kəndli müharibələrindən fərqli olaraq bu müharibə hər şeydən öncə istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Mübarizədə xalqın imtiyazlı təbəqəsinin dönüklüyü, ərəblərə nisbətən daha cəsur və döyüşkən türk sərkərdələrinin eyni və digər mənşəli üsyançılara qarşı səfərbərliyə alınması, ən başlıcası ermənilərin xəyanəti və ərəblərə köməklik etməsi azadlıq müharibəsinin məğlubiyyətlə nəticələnməsinə səbəb oldu. Ağır məğlubiyyətə baxmayaraq, xürrəmilər hərəkatı digər asılı xalqların azadlıq mübarizəsinə təkan verməklə yanaşı, Azərbaycanda xalqın şüurunda və əməlində əsrlərlə yaşadı. Üsyançılar və onların rəhbəri Babəkə nifrət hissi bəsləmələrinə baxmayaraq, hərəkatın təsirini və əzəmətini ərəb tarixçiləri də etiraf etmişlər. İbn  Təğriberdi adlı tarixçi yazırdı ki, Babək öz zəmanəsinin qəhrəmanı və xilafəti dəhşətə gətirən bir igiddir.
Bu mövzunu öyrənərkən bir daha qeyd olunmalıdır ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də Ermənistanın işğalındadır. Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədəki mürəkkəb daxili ictimai-siyasi vəziyyətdən məharətlə istifadə edən ermənilər bəzi xarici dövlətlərin dəstəyi ilə Azərbaycanın əzəli torpaqları olan Qarabağın dağlıq hissəsini və daha 7 rayonu işğal etməyə müvəffəq oldular. Ona görə də bu gün Azərbaycan Ordusunun qarşısında duran ən başlıca vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həmişə döyüşə hazır olmaqdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu dərslərdə və təlimlərdə hərb işini vicdanla öyrənməklə yanaşı, öz xalqının qəhrəmanlıq tarixini də bilməli, onlarla fəxr etməli və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə babaların şöhrətli döyüş ənənələrinə yüksək sədaqət nümunəsi göstərməyə hazır olmalıdır.
                                            
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi