Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2018 09:16

Bu gün fırça mənim üçün bir silahdır

İntiqam Ağayev rəssamdır. Sumqayıt şəhərində anadan olub. Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Vətənpərvərlik elə bir duyğudur ki, məqamında özünü daha həssaslıqla təsdiqləyir. Bu, vətəndaşlıq deməkdir. Müstəqil dövlətimizin ordusu yarananda İntiqam  da onun ilk əsgərlərindən biri kimi Qarabağın müdafiəsinə yollanıb. Şuşa, Ağdam, Tərtər, Goranboy, Füzuli və başqa bölgələrdə vuruşub. 1993-cü ildə zabitlik kursu keçərək kiçik leytenant rütbəsi alıb. Tərtər rayonunun ərazisi uğrunda gedən döyüşlərdə yaralanıb, müalicə olunandan sonra yenə də səngərlərə qayıdıb. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Hər rəssamın fərqləndirdiyi mövzular olur. Döyüşmüş zabit kimi müharibə yolu keçmiş rəssam məhz bu mövzuda əsərlər yaradır. Bunu vətəndaşlıq borcu bilir...
"Azərbaycan Ordusu"

1992-ci il fevralın 26-da bizi Xocalıya göndərdilər. Həmin vaxt Xocalı faciəsi baş vermişdi. Bizi yaralıları və meyitləri çıxarmağa cəlb etdilər. Gördüklərimdən dəhşətə gəldim. Şəhər sakinlərinin meyitləri qarlı meşələrə, dağlara səpələnmişdi. Hər tərəf meyitlərlə dolu idi. İki qocanın və bələkdə olan bir körpənin meyitini çıxara bildik. Onları Ağdam rayonundakı məscidə gətirdik. Bu müqəddəs məkana çatanda gördük ki, uşaq tərpənir, sağdır. O, bələkdə olduğuna görə şaxta onu tam dondurub öldürə bilməmişdi. Sonra vertolyotların uçuşu üçün təhlükə yarandığından gözləməli olduq. Bir neçə gündən sonra bizi Ağdam və Ağdərənin müdafiəsinə göndərdilər.
Hələ kiçik yaşlarımdan hiss etmişdim ki, nəsə çəkmək istəyirəm. İlk "əsərlərimi" divarlara və asfalta çəkirdim. Zaman keçdikcə bu sahəyə marağım daha da artırdı. Çəkdiyim şəkillər ildən-ilə bir-birindən yaxşı alınırdı. Daim ürəyimi döyəcləyən arzular məni Əzim Əzimzadə adına rəssamlıq məktəbinə apardı.
Mənim üçün müharibə mövzusunda əsər yaratmaq ağrılı və əzablıdır. Bu iş mənə çox çətinliklə başa gəlir. Bu, bəlkə də döyüşlərdə iştirak etdiyimdən, gördüyüm qan-qada və göz yaşlarından irəli gəlir. Müharibənin bütün kiçik detalları mənə tanışdır. Döyüşdüyüm müddətdə qanlı hadisələrlə çox rastlaşmışam.
Müharibə dağıdıcı və məhvedici olsa da, o həm ədəbiyyata, həm də incəsənətə mövzular verir. İncəsənət və ədəbiyyat adamları isə bundan bəhrələnərək müharibələrə nifrət aşılayan əsərlər yaradırlar.
Hər hansı bir əsər kətan üzərinə köçməzdən əvvəl rəssamın ürəyində yaranmalıdır. Belə tabloların ömrü həmişə uzun olur. Mənim "İsti qar" adlı bir əsərim var. Bax, mən orada soyuq rənglərdən isti tablo yaratmağa çalışmışam. Həmin əsər də müharibə mövzusundadır. Tabloya baxanda görürük ki, əsgərlər qarın üstündə ocaq qalayıb isinmək istəyirlər. Buna görə də mən əsərimə "İsti qar" adı vermişəm.
Aprel döyüşləri ordumuzun qüdrətini, zabit və əsgərlərimizin gücünü və hünərini göstərdi. Qələbə həm bir rəssam, həm də bir keçmiş döyüşçü kimi məni çox sevindirdi. Sevincimi bu mövzuda çəkdiyim "Hücum" adlı əsərə də səpələdim. Təvazökarlıqdan uzaq olsa da deyim ki, əsər güclü alınıb. Deyəsən, ürəyimdən keçənləri fırçanın dili ilə deyə bilmişəm. "Hücum" tablosunda böyük qələbə ovqatı var.
Hamımız intizarla qələbə gününü, qələbə anını gözləyirik. Xalqımızın gündən-günə güclənən ordusundan gözləntisi yalnız Qələbədir. İnşallah, çox keçməz qapılarımızı xoş xəbərlər döyər. Düşünürəm ki, Qələbə mövzusunda çəkilmiş əsərlər adi yox, möhtəşəm və çox qeyri-adi olmalıdır. Burada həm qələbə, həm mübarizlik, həm də sevinc vəhdət təşkil etməlidir. Qələbə mövzusunda çəkilmiş əsərlər arzu və istəklərimizin çələnginə çevrilməlidir.
Bəzən mənə sual verirlər ki, hansı rənglə işləməyi sevirsən.
Mənim üçün rənglərin fərqi yoxdur. Amma sarı, qırmızı və narıncı rənglərə sevgim daha böyükdür.
Ötən ilin noyabrında rəssamlıq həftəsi çərçivəsində C.Naxçıvanski adına Hərbi Liseydə zabit və kursantlarla görüşüm oldu. Çox yaddaqalan bir gün yaşadım. Ordumuzun gələcək zabitləri qarşısında danışmaq, əsərlərimi nümayiş etdirmək mənim üçün qürurverici idi. Kursantları görəndə ürəyim dağa döndü. Belə görüşlər yaradıcılığıma müsbət təsir göstərir.
Jurnalist Vahid Məhərrəmovun böyük fikir adamı Plutarxdan xatırlatdığı bir fikri unutmamışam. Şəkil çəkmək, səssiz poeziyadır, poeziya isə danışan şəkildir.
Çox müdrik fikirdir. Bu səssiz poeziya rəssamı sehirləyən, ona ilham verən güclü bir qüvvədir. Rəssam bu səssiz poeziyanın içində özünü çox rahat hiss edir və yeni-yeni əsərlər yaratmağa köklənir.
Görkəmli rəssamımız Vidadi Nərimanbəyov Böyük Vətən müharibəsi mövzusunda maraqlı və yaddaqalan əsərlər çəkib. Aradan illər keçsə də, bu əsərlər hələ də öz təsir gücünü itirməyib. Ümumiyyətlə, dəyərli rəsm əsərlərinin ömrü çox uzundur.
Sənətkarın özü-özünü tərifləməsinə yaxşı baxmıram. Kimin əsərinin uzunömürlü, yaxud qısaömürlü olacağını zaman göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik.
Mən daha çox şahidi olduğum və ağrılarını yaşadığım anları tabloya köçürürəm. Buna görə də əsərlərimin real həyat səhnələrini əks etdirdiyi gücündə olduğunu düşünürəm.
Dünən düşmənlə əsgər, zabit kimi, bu gün rəssam kimi döyüşürəm. Bir vaxtlar silahla dediklərimi indi fırça ilə təkrar edirəm. Deməli, bu gün fırça mənim üçün bir silahdır. Ümumi götürəndə ikisi də çətindir, ikisi də mürəkkəbdir. Döyüşdə fiziki cəhətdən çox güclü və yüksək hazırlıqlı olmalısan, rəssamlıqda isə mənəvi dünyanın zənginliyindən qidalanmalısan, idrakının ənginliklərində dolaşmalısan. Çəkdiyim əsərlərlə gənclərdə torpaqlarımızı zəbt etmiş erməni qəsbkarlarına nifrət oyatmaq istəyirəm. Qoy böyüməkdə olan nəsillər dostumuzla düşmənimizi yaxşı tanısınlar.
Söz də rəsm əsərləri kimi qüvvətli və qüdrətlidir, yenilməz və məğlubedilməzdir. Zabit və əsgərlərimizə əzmkarlıq və xidmətlərində uğurlar arzulayıram. Onlar xalqımızı Qələbə müjdəsi ilə sevindirəcəklər.

İntiqam AĞAYEV