Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:05

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu

Fevralın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib. Qurultayda Azərbaycanın regionda möhtəşəm nailiyyətlər qazanan, müstəqil beynalxalq siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət kimi öz yerini tutduğu qeyd edilib. Bu tədbirdə aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb. Qurultayda geniş nitq söyləyən ölkə Prezidenti İlham Əliyev Azərbaycanın yürütdüyü daxili və xarici siyasət istiqamətlərini qeyd etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün prioritet məsələ olduğunu qeyd edib.
Bizim xarici siyasətimizlə bağlı apardığımız xətt özünü tam doğrultdu. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Bizim dostlarımızın sayı artır, bizi dəstəkləyən ölkələrin sayı artır. Təkcə bir misalı gətirmək kifayətdir ki, biz bunu sübut edək, o da 155 ölkənin bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına üzv kimi dəstəkləməsidir. Bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi biz öz siyasətimizlə qazanmışıq. O siyasət ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.
Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.
Müsəlman aləmində Azərbaycan çox böyük dəstəyə malik olan bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Baxmayaraq, müsəlman aləmində, əfsuslar olsun ki, birlikdən danışmaq mümkün deyil, ancaq biz öz səylərimizlə bu birliyə aparan yolda çox fəal iş görürük. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, "İslam Həmrəyliyi İli" elan edilməsi müsəlman aləmində çox yüksək qiymətləndirilib. Bu gün hesab edirəm ki, müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla icra edir. Biz bundan sonra da çalışmalıyıq ki, həmrəyliyi möhkəmləndirək, xoşagəlməz tendensiyalar səngisin.
Eyni zamanda, Avropa ölkələri ilə bizim yaxın münasibətlərimiz var. Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlamışdır. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Əlbəttə ki, bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir. Çünki Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik.
İndi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib.
Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.
O ki qaldı Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq. Onu da qeyd etməliyəm ki, dünyanın aparıcı ölkələri də daim silahlanırlar və bu proses bir çox ölkələr üçün də xasdır. Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz, əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək. Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbədə, ölkə qarşısında duran əsas vəzifələrin həllinə yönələcək və ordu quruculuğu burada, bu məsələdə prioritetdir.
Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq. Bu günə qədər 270 minə yaxın köçkün evlərlə təmin edilib. Bu il 20 minə yaxın, bəlkə də bundan da çox köçkünü biz yeni evlərlə təmin edəcəyik. Bu siyasət davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunandan sonra biz bu gün erməni vəhşiləri tərəfindən dağıdılmış bütün şəhərləri, kəndləri yenidən quracağıq. Cocuq Mərcanlı kəndinin timsalında bütün dünya görür ki, biz buna qadirik, bunu qısa müddət ərzində edə bilərik. Bir daha bütün dünya əyani şəkildə görür ki, Azərbaycan xalqı, köçkünlər bir amalla yaşayırlar. Tezliklə öz doğma torpaqlarına qayıtmaq arzuları var və hətta köçkün şəraitində doğulmuş, heç vaxt öz torpağını görməmiş uşaqlar, gənclər də bu arzu ilə yaşayırlar. Bu gün onların bir hissəsi artıq Cocuq Mərcanlıda, öz dədə-baba torpağında məskunlaşıb. Bu da Azərbaycan xalqının yenilməz ruhunu bir daha bütün dünyaya göstərir.