Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:20

Xocalım, ay Xocalım!...

Şaxtadı, sazaqdı. Belə ayamlarda onsuz da unudulmayan, unudulmayacaq bir gecənin şaxtasını, sazağını yenə canımızda hiss edirik. 26 il əvvəlin 26 fevral gecəsinin ilik donduran şaxtası ruhumuzu didişdirir. 26 ildi həmin gecə yeri-göyü qarğıyanların fəryadını, göz yaşları ürəyinə axanların naləsini, taqəti tükənən qocaların təəssüfə bükülü qəhərini eşidirik: "Siz gedin, məni özünüzə yük eləməyin...". Halsız qocaların qollarından yapışan qollar görürük. Baba ömrünü nəfəsi duyulan ölümün əlindən aldıqdan sonra həmin gecə donmayan nəvələr indi babadılar, nəvələrinə uşaqlığında gecənin gecə vaxtı ağ qarda, göy buzda ölümdən necə can qurtardıqlarını danışırlar. Nəvələr 26 il əvvəlin olmuşlarını bir az həyəcanla, bir az vahiməylə, bir az hiddətlə dinləyirlər. Dinləyə-dinləyə nələr düşünürlər, nələr?! O düşüncələrin mahiyyətinin qisas olduğuna zərrəcə şübhəm yoxdu. Qisas işğalın gözlərini ovmaqdı...
Həmin gecə ölümdən can qurtaran gəlinlər indi nənədi. 26 ildi soyuq, şaxta-sazaq dərdini üzə vurmayan bu nənələrin tırınqısını dondura bilmir.
Biri deyir: közüm qar altda qaldı. Biri deyir: oğlum qar altda qaldı, qızım qar altda qaldı. Biri deyir: dodağımı yandıran sözüm qar altda qaldı...
Bu səssiz hıçqırıqlar Xocalıda ovunacaq, Xocalıda kəsəcək.
Həmin gecə Ağdama üz tutanlardan 5-6 ana körpələriylə birlikdə bir mağaraya sığınıb. Analardan biri ağlayan südəmər körpəsinin ağzını əlləriylə qapayıb ki, ermənilər səsə gəlməsinlər. Körpənin ağlartısı  5-6 ananın, 7-8 uşağın ölümünə səbəb olardı. Körpə keçinib. Ana hıçqırtı içində "Balamı çölün düzündə qoymaram!" - deyib, ciyərparasını özüylə Ağdamacan gətirib. Orada bilib ki,  körpəsi sağdı, nəfəsi özündədi; xanimanı dağılan ananın sevinci gözlərindən yaş dərib...
O körpə sağdımı? O gecə nəfəsini itirən, dan üzü yenidən doğulan o körpə, yəqin ki, özünü Xocalı faciəsinin yaşıdı bilir. Haqlıdı. Ölüm fidan bir ömürə qıymayıb... O körpə indi anadı. Yaşıdı olan həmin gecəni heç zaman xatırlaya bilməyəcək - onda südəmər körpəydi. Ağrılar içində eşitdiklərini danışır balalarına. Bu illər ərzində həmin gecə ağzını qapayan əllərdən öpəndə anasının göz yaşları ürəyini isladıb: deyə bilməyib, deməyib ki, bu əllər səni boğmuşdu qızım...
26 ildi dan yeri sökülər-sökülməz ermənilərin yaxınlaşdığını görən atanın yeri göyə dikəldən, göyü yerə ələyən fəryadını eşidirik: "Bağışla qızım, bağışla". Əvvəl qızının, sonra özünün ürəyinə saplanan xəncərin sivriliyini köksümüzdə, ürəyimizin başında hiss edirik. Bu ata-balanı əsir edə bilməyən düşmənlərin yanıb-yaxıldığını görürük.
26 ildi xarici jurnalistlərin yazdıqlarını yana-yana oxuyuruq:
Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər ("Sandi Tayms" qəzeti,  London).
Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır ("Tayms" qəzeti, London).
Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir ("İzvestiya" qəzeti, Moskva).
Neçə 26 illər keçəcək, həmin gecənin dəhşətləri unudulmayacaq. Yaxın vaxtlarda torpaqlarımız işğaldan azad ediləcək. Cocuq Mərcanlı kimi Xocalıya da yeni görkəmdə yeni yaşam veriləcək. Onda nənələr-babalar nəvələrinə Xocalı faciəsi haqqında Xocalıda danışacaqlar.
İllərdi  göynərtiylə yazdığım "Xocalım, ay Xocalım!" şeiri ruhumun, ruhum göy üzünə can atan bu seirin can sirdaşıdı. Şeirin son bəndi yaxın vaxtlarda Xocalıda yazılacaq - qalib Azərbaycan əsgərinin dalğalandıracağı bayrağın kölgəsində...
Ötən ilin bu vaxtlarıydı. Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisiylə Xocalı soyqırımı haqqında kompazisiya  hazırlanırdı. "Xocalı soyqırımı" abidəsinin ətrafında gecə çəkilişləriydi. Xalq artisti ünlü xanəndə Alim Qasımovun yanıqlı oxuması ötüb-keçənləri yolundan eləyirdi. Bir nənənin bu ecazkar oxumaya qarışan hıçqırığı qəlbimi qana döndərmişdi:  "Son nəfəsimi Xocalıya təslim etməsəm, gorum od tutub yanar...". Təsadüfüydümü, duyumun təsiriydimi, hər nəyiydisə, Abdulla Qurbaninin bu oxuma qüdrətində dediyi misraları gizildəyən yaralara məlhəm bilmişdim:

Sevgidə qüdrət var!..
Vətən sevgisi
Nisgili biryolluq itirəcəkdir.
Nənələr, babalar,
                 əsgər oğullar
sizi Xocalıya yetirəcəkdir!..

Nənə Abdulla Qurbanini əzizi kimi bağrına basmağa tələsmişdi...
Bu inam - Azərbaycan əsgəri bizi Xocalıya yetirəcək! - gözlərimizin nuruna, ürəyimizin təpərinə dönmüşdü. Azərbaycan Ordusunun qüdrətini görürdük. 2016-cı ilin aprel döyüşlərini görürdük.
Bu inam indi dah dönməzdir.

Rəşid HÜSEYNOV, əməkdar jurnalist