Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:05

“Gələn il sizi əsgər kimi sevindirəcəm”

Müəllim əməyinin nəticəsində cəmiyyət inkişaf edir, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar formalaşır. Bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşılıb.
Ümummilli liderimiz Heydər Əliyev müəllim adını  uca tutar, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi. Ulu Öndər deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir".
Nəsimi rayonunda yerləşən Milli Qəhrəman Abdulla Rəhimovun adını daşıyan 247 sayli tam orta məktəbdə vətənpərvərlik mövzusundan yazılar hazırlayan zaman şəhid məzunun sinif rəhbəri olan Zemfira Fərmanova ilə söhbətləşdik.
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, müəllim də öz yetirmələrinin xoş sorağını alanda ürəyi sevincdən dağa dönür. 48 ildir pedaqoji sahədə fəaliyyət göstərən Zemfira müəllim də ad-san sahibi olan yetirmələri barədə iftixar hissi ilə danışır, onların xoş xatirələri gözləri önündə canlandıqca nurlu çöhrəsində sanki günəş doğurdu. "Gələcəyimiz olan nəslin düzgün tərbiyə edilməsi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Çünki uşaqların həyata fərqli baxışları, nitqi məktəbdə təşkil olunan tərbiyəyə əsasən formalaşır. Öyrədəcəyimiz elm, bilik, savad, həyata doğru-düzgün baxış, xoş əməllər sayəsində gələcəyimizin etibarlı təminatı olan nəsil formalaşır. Milli Qəhrəman Abdulla Rəhimov kimi Vətənini canından əziz bilən igidin müəllimi olmağım mənə qürur hissi yaşadır. Şagirdlərimizlə daim Abdulla kimi igid, cəsur oğullarımızın Vətən, torpaq sevgisindən söhbətlər aparırıq. Biz müəllimlərin ən böyük xoşbəxtliyi təhsil verdiyimiz şagirdlərin Vətənə layiqli vətəndaş olmalarıdır".
Gənclərimizin Vətən sevgisinin heç nə ilə müqayisəedilməz dərəcədə böyüklüyündən soz açan müəllim aprel döyüşlərinin xalqımızın qələbə inamını gücləndirdiyindən, gənclər arasında çox böyük canlanma yaratdığından da söz açdı. Məktəbin əlaçı şagirdlərindən olan Tərlanın 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrikinə müəllim, "İnşallah, gələn il tələbə kimi təbrik edərik, oğlum", - deyərkən, şagirdin gülümsünərək, "Müəllim, tələbə deyil, gələn il sizi əsgər kimi sevindirəcəm", - deyə cavab verməsi müəllimə bənzərsiz sevinc yaşadıb. O deyir ki, Tərlanın səsindəki qətiyyət, inam məni çox qürurlandırdı. “Onun, "Sənədlərimi ali məktəbə Vətən qarşısında müqəddəs borcumu ödədikdən sonra verəcəm"  sözlərini bu gün də unutmuram.”
Yeni ili Şəmkir rayonunda qeyd edən Zemfira müəllim "N" hərbi hissəsində keçirilən "Açıq qapı" günündə də iştirak edib. "Orduda gedən islahatlardan kütləvi informasiya vasitələrinin vasitəçiliyi ilə xəbərdar idim. Ordumuzda böyük islahatlar aparılır. Hərbi hissədə bunun canlı şahidi oldum. Dövlətimizin əsgərlərə yaratdığı şəraitlə tanış olarkən sevincdən ürəyim dağa döndü. Əsgərlərimizin şəraitinə baxanda adamın ürəyi açılır. Bu gün güclü, müasir texnikalarla təchiz edilmiş qüdrətli ordumuz var. Yaxın gələcəkdə ordumuzun xalqımızı qələbə ilə müjdələyəcəyinə inanırıq", - deyə müsahibim hərbi hissə ilə bağlı təəssüratlarını bölüşərkən bildirdi.
Hər birimizin taleyində müəllimlərin xüsusi yeri var. Əlimizdən tutub əlifbanın ilk hərfini, "ana, Vətən" kəlmələrini yazmağı öyrədən müqəddəs peşə sahiblərinin əməyi danılmazdır. Zemfira müəllimin timsalında bizə qətrə-qətrə Vətənə, torpağa sevgi aşılayan müəllimlərin qarşısında ehtiramla baş əyirik.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR