Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:19

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

Mövzu: 26 Fevral - Xocalı faciəsi.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Xocalı faciəsinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan, həmin faciənin iştirakçılarının xatirələrindən istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.
2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi. Xocalının  qisasını Azərbaycan əsgəri almalıdır.


Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət

Ermənilərin öz "Böyük Ermənistan"  dövləti yaratmaq məqsədi daşıyan cəfəng planlarını həyata keçirmək üçün XX əsrin axırında azərbaycanlılara qarşı törətdikləri ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımı - Xocalı faciəsidir.
1989-1990-cı illərdə keçmiş Sovet İttifaqının bir çox respublikalarında milli silahlı qüvvələrin yaradılması tələbi ilə mitinqlər keçirilirdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) erməni separatçıları yaranmış vəziyyətdən bacarıqla istifadə edərək, "azərbaycanlılar Qarabağın erməni əhalisinə təhlükə yaradırlar" bəhanəsi altında DQMV-dən hərbi xidmətə çağırılan erməni gənclərinin SSRİ silahlı qüvvələrinin o zaman vilayətdə yerləşən hərbi hissələrində, Stepanakertdəki (indiki Xankəndidə) 366-cı alayda və Martunidəki (indiki Xocavənd) sərhəd dəstəsində xidmət keçmələrinə nail oldular. Beləliklə, Azərbaycan ərazisində (keçmiş DQMV-də) Sovet ordusunun bazasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhlükə yaradan erməni silahlı dəstələrinin yaradılmasının ilkin mərhələsi başlandı.
1991-ci ilin noyabrında SSRİ rəhbərliyi daxili qoşunları yerləşdikləri respublikaların rəhbərliyinə tabe etmək haqqında qərar qəbul etdi. Ancaq Azərbaycanda yerləşən daxili qoşun hissələrinə rabitə qurğularını sökmək, rabitə avadanlıqlarını, silah və texnikanı respublikadan çıxarmaq tapşırığı verilmişdi. Buna baxmayaraq, Qarabağın dağlıq hissəsindən 1991-ci ilin dekabrında çıxan daxili qoşun hissələri silahları və texnikanı erməni dəstələrinə qoyub gedirdilər. 1991-ci ildə Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları bir cox yaşayış məntəqələri ermənilər tərəfindən işğal olundu. 1991-ci il hadisələri Dağlıq Qarabağ ətrafında gedən proseslərin mahiyyətini açdı. Azərbaycan Ermənistan tərəfindən gizlədilməyən təcavüz faktı qarşısında qaldı.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Silahlı Qüvvələri tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), pis silahlanmış və yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DİN, MTN, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən (ümumi sayı cəmi 2000 nəfərə qədər) ibarət idi. Bu şəraitdə erməni silahlı dəstələrinin şəxsi heyəti sayca azərbaycanlılardan çox olmasa da, daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdi. Həm də MDB silahlı qüvvələrinin 366-cı alayı onların tərəfində idi. 366-cı alayın 129 zabit və gizirinin 49-u milliyyətcə erməni idi. Alayın 2-ci taboruna isə erməni mayor Seyran Oqanyan komandirlik edirdi.
Artıq 1992-ci ilin fevralında Dağlıq Qarabağda Rusiyanın köməyi ilə silahlandırılmış, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Dağlıq Qarabağın tərkibində və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydançaları hazırlayırdılar. Gorus-Stepanakert (indi Xankəndi), Gorus-Hadrut reysləri təşkil olunurdu.
Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Dağlıq Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün ermənilər Xankəndi ilə Əsgəran arasında yerləşən, qədim zamanlardan azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ələ keçirməli idilər.

26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi. Xocalının qisasını Azərbaycan əsgəri almalıdır
   
Xocalı Qarabağ hadisələri başlanmazdan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən bir qəsəbə idi. 1988-ci ilə olan məlumata görə, qəsəbədə 2135 nəfər adam yaşayırdı. Dağlıq Qarabağda yeganə təyyarə meydanı da burada idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Respublika MTN-nin məlumatına və digər sənədlərə əsasən faciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ilə avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlanırdı. Axırıncı mülki vertolyot yanvarın 28-də gəldi. Son dəfə fevralın 13-də hərbi vertolyot ərzaq və yanacaq gətirdi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi Vətənini tərk etmək istəmirdi. Şəhər mühasirədə yaşayırdı, ancaq təslim olmurdu.
Xocalını aeroportun komendantı, milis kapitanı Əlif Hacıyevin rəhbərlik etdiyi və sərəncamında olan ancaq 1 "Alazan" tipli artilleriya qurğusu, 3 zirehli transportyor olan, yalnız atıcı silahlarla silahlanmış, Milli ordunun, XTMD-nin və yerli özünümüdafiə dəstəsinin döyüşçülərindən ibarət 160 nəfərlik qüvvə qoruyurdu. Şəhərin müdafiəçiləri ermənilərin bütün hücumlarını qətiyyətlə və mərdliklə dəf edirdilər. Məhz buna görə də əgər əvvəllər ermənilər azərbaycanlıların yaşadıqları kəndləri işğal edərkən, əsasən piyada bölmələri ilə kifayətlənirdilərsə, Xocalıya son hücum zamanı (fevralın 25-dən 26-sına keçən gecə) ilk dəfə artilleriyadan və zirehli texnikadan geniş və planlı istifadə etdilər.
1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri MDB-nin 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsl genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüşdülər və dinc əhalinin şəhərdən çıxa bilməsinə şərait yaratdılar. Şəhərin müdafiəçiləri bu qeyri-bərabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər, onlardan bir çoxu əsl qəhrəman kimi döyüşdə həlak oldu. Milis kapitanı Əlif Hacıyev Xocalı aeroportunun müdafiəsində son nəfəsinə qədər vuruşdu. Milli ordunun zabiti baş leytenant Tofiq Hüseynov əhalini şəhərdən çıxardıqdan sonra yenə döyüşə girdi. Patronu qurtaran Tofiq Hüseynovu ayağından yaralayan ermənilər ona təslim olmağı təklif edirlər. Ancaq Tofiq sonuncu qumbara ilə özünü öldürərək düşmənə təslim olmadı. Səhərə qədər gedən döyüşdə onlarla döyüşçümüz qəhrəmancasına həlak oldu. Bir neçə nəfər yaralı halda düşmənə əsir düşdü. Ermənilər yaralı döyüşçü Faiq Əliməmmədova nə qədər işgəncə versələr də, "Qarabağ sizindir" sözlərini dedirdə bilmədilər. Faiq son nəfəsində də "Qarabağ da bizimdir, Xocalı da bizim olaraq qalacaq. Ermənilərin nəinki Qarbağda, heç yerdə vətənləri yoxdur" sözlərini demişdir. Araz adlı döyüşçünün ermənilərə sərt və məğrur cavabına görə dərisini diri-diri soysalar da, igid döyüşçü dediyindən dönmədi. Təəssüf ki, döyüşçülərimizin qanı bahasına şəhərdən çıxmağa müvəffəq olan dinc əhalinin çox az hissəsi xilas ola bildi. Şəhərdən çıxanlar ermənilərin pusqularına düşürdülər. Bu dəhşətli gecədə 613 nəfər öldürüldü, 1000 nəfərdən çox insan yaralandı, 1275 nəfər erməni əsirliyinə düşdü. Hətta həlak olanların meyidləri də təhqirə məruz qaldı.
366-cı alayın Xocalıda qanlı cinayət törədilməsində iştirakı dünya ictimaiyyətinə məlum olduqdan sonra MDB silahlı qüvvələrinin komandanlığı həmin alayın cinayətlərini ört-basdır etmək üçün onu münaqişə zonasından və sonra isə Azərbaycandan təcili çıxarmağa məcbur oldu. Lakin alayın silah və texnikasının çox hissəsi ermənilərə saxlanıldı. Seyran Ohanyanın komandiri olduğu 2-ci tabor isə demək olar ki, tam heyətdə Xankəndidə qaldı.
Münaqişə zonasında cərəyan edən sonrakı hadisələr göstərdi ki, Xocalının işğalı ilə Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibənin ilkin mərhələsinə qədəm qoydu. Xocalının işğalı Azərbaycanda onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Prezident Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Azərbaycan Xalq Cəbhəsinin dövləti idarə məsələlərinə müdaxilə təsiri artdı. Bu isə cəmiyyətdə xaosa səbəb oldu. Yaranmış vəziyyətdən bacarıqla istifadə edən ermənilər 1992-ci ilin mayında Dağlıq Qarabağda azərbaycanlıların son dayağı - böyük strateji əhəmiyyəti olan Şuşa şəhərini işğal etdilər. Bir neçə gün sonra mayın 17-də Laçını işğal edən erməni silahlı dəstələri Ermənistanla Dağlıq Qarabağı quru yolu ilə birləşdirən, eni 20 km-ə qədər olan dəhliz yaratmağa müvəffəq oldular.
Bu günlər Xocalı faciəsinin 26-cı ildönümü tamam olur. Xocalı faciəsində həlak olanların xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əziz olmalıdır. Hər il fevralın 26-da bu dəhşətli faciəni yad edən hər bir azərbaycanlı ermənilərin vəhşiliyini unutmamalıdır. Lakin biz Xocalı faciəsini tarixi hadisə kimi yadda saxlamaqla kifayətlənməməliyik. Xocalı faciəsi azərbaycanlıların qəlbinə qorxu, ermənilərin üstünlüyünə inam hissləri səpməməli, əksinə, qisasçılıq hisslərini alovlandırmalıdır. Biz yaddan çıxartmamalıyıq ki, o müdhiş gecədə həlak olan vətəndaşlarımızın, qocaların, qadınların, uşaqların, əsir düşmüş, alçaldıcı təhqirlərə məruz qalmış, namusu tapdalanmış qız-gəlinlərin qisası hələ alınmayıb. Ümummilli lider Heydər Əliyevin dediyi "Azərbaycan milləti aciz millət deyildir. Azərbaycan gənci erməni gəncindən aciz deyil, gücsüz, cəsarətsiz deyil, əksinə, azərbaycanlılar daha qüdrətli, güclü və cəsarətlidirlər. Ancaq bu insanı, bu gənci müharibə etməyə, silahdan istifadə etməyə öyrətmək lazımdır" fikirlər bir daha sübut edir ki, azərbaycanlılar, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan gənci düşməndən qisas almağa qadirdir. Düşməndən qisası isə ancaq döyüş meydanında almaq olar.
Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Həmin torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü daxili və xarici siyasət aparılır. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldilib. Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətçiliyimizi qorumaq, torpaqlarımızı düşməndən azad etmək üçün Azərbaycanın güclü ordusu olmalıdır. Ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusu qarşısında hər an torpaqlarımızı azad etmək üçün hazır olmaq vəzifəsini qoymuşdur. Cənab Ali Baş Komandan Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışarkən demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o, öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır. Xocalı faciəsində, eləcə də ermənilər tərəfindən törədilmiş digər cinayətlərdə həlak olmuş, təhqir edilmiş soydaşlarımızın qisasını ancaq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə almaq olar.
Aprel döyüşləri Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan və azğın düşmənimiz ermənilər üzərində şanlı qələbəsi kimi tarixə düşdü. 2016-cı ilin apreli Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, cavanından, qocasından asılı olmayaraq, daim döyüşə hazır olduğunu göstərdi.  Ermənistanın hərbi-siyasi rejimi isə anladı ki, indiki Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını azad etməyə qadirdir və Xocalıda törədilən soyqırımın qisasını mütləq alacaq.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi