Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 11:49

Şərqə Günəş Azərbaycandan doğdu

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu  təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Çar Rusiyasının işğalçılıq siyasətinin davam etməsinə baxmayaraq Azərbaycanda da milli dövlətçilik istəyi alovlanırdı. Lakin XIX əsrin sonlarına yaxın Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Kazım bəy, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlər Avropanın intibah dövrünün incəliklərini öyrənir və mənsub olduqları millətin inkişaf yolunu maariflənməkdə, milli şüurun inkişafında görürdülər. "Mənim millətimin təbii qabiliyyəti avropalıların təbii qabiliyyətindən yüksəkdir", - deyən Mirzə Fətəli Axundovun ana dilimizin inkişafında böyük xidmətləri olub.
Həsən bəy Zərdabi isə qabaqcıl maarif sisteminin və tərbiyə üsulunun, mədəni dəyərlərin mənimsənilməsini irəli sürən ilk mütəfəkkirimizdən idi: "Zəmanə dəyişib, indi elm-təhsil etmək gərək. Ona binaən lazımdır ki, elm kitabları gətirib öz dilimizdə öyrənək", - deyirdi Həsən bəy. İşıqlı insanlar milləti əsrlər boyu məhkum olduğu zülmətdən, əsarətdən və cəhalətdən xilas etmək üçün bir yola çıxdılar və bu yolu başa çatdırmaq üçün həyatlarının sonunadək mücadilə etdilər.
1917-ci ilin fevralında xalqlar həbsxanası adlandırılan çar Rusiyasında baş verən burjua-demokratik inqilabı və onun ardınca dünyanın siyasi mənzərəsini dəyişən Oktyabr çevrilişindən sonra millətimizin varlığı təhlükə altına düşdü. Erməni daşnakları daha da fəallaşdılar, Ağcaqum çölündə güllələnən Şaumyanın yerində Mikoyan peyda oldu, bolşeviklərlə separat  danışıqlara gedən ermənilər Rusiyanın əlində amansız cəllada çevrildilər. Amma bütün qadağalara baxmayaraq tərəqqipərvər xalqımız öz istiqlaliyyəti uğrunda mübarizə aparmağı bacardı. Yeni yaranmış Milli Şuranın 1918-ci il 28 may tarixli iclasında Azərbaycanın müstəqilliyi haqqında tarixi İstiqlal Bəyannaməsi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti mahiyyət etibarilə Şərq aləmində ilk dəfə xanədan dövlət üsul-idarəsindən fərqli sivil dövlət qanunları ilə idarə olunan bir quruluş idi. Bunlar o dövrə qədər Avropa  və Rusiya dövlətçiliyində mövcud qul, təhkimli kəndli üsul-idarəsindən çox fərqlənirdi. Siyasi quruluşuna görə mütərəqqi ideyaları özündə birləşdirən gənc dövlətimiz tezliklə dünyanın bütün aparıcı dövlətləri tərəfindən tanındı. Cümhuriyyətin əsas prinsipi "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarı idi. Lakin azadlığımıza qənim kəsilən bolşeviklər dövlətçiliyimizi məhv etmək üçün hər tərəfdən hücuma keçdilər.
Azərbaycanın müstəqilliyinə qarşı mübarizədə Rusiya daşnak Ermənistanla birləşdi. Moskvanın təhriki ilə daşnaklar 1920-ci ilin martında Qarabağda və Gəncəbasarda qiyam qaldırdılar. Bütün bunlardan istifadə edən XI qırmızı ordu ölkənin müdafiəsiz qalan Şimal sərhədlərindən içəriyə doğru hərəkət etdi və ölkədə vəziyyəti daha da gərginləşdirdi.
1920-ci ilin martında qaniçən ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi istiqamətinə hücum edib Əsgəran qalasını ələ keçirdilər. Erməni daşnak hücumlarının, qiyamının qarşısını almaq üçün hökumət general Həbib bəy Səlimovun komandanlığı ilə böyük bir hərbi qüvvəni Qarabağa göndərir. Və tezliklə Əsgəran qalası da erməni daşnak qüvvələrindən azad olunur. Arxiv sənədlərindən də məlum olur ki, guya bolşeviklər ölkədə qayda-qanun yaratmaq məqsədilə Rusiyaya müraciət etmək və XI qırmızı ordunu Azərbacana dəvət etmək istəyirlər.
1920-ci il aprelin 15-də  Fətəli xan Xoyskinin bolşevik Rusiyasının rəhbərlərindən olan Çiçerinə göndərdiyi notada göstərilir: "Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti Sovet hökumətinin məqsədindən xəbərsiz olduğu üçün xahiş edir, ordunun göstərilən rayonda toplanmasının səbəbləri barədə məlumat verəsiniz". Lakin Çiçerin cavab verməyi belə lazım bilmir, əksinə bəyan edir ki, artıq Azərbaycanda vəziyyətə müdaxilə etmək məqamı çatıb. Mikoyanın  başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI qırmızı ordunu Bakıya çağırdılar. Plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana "daxil olmalı" idi. Məqsəd dünya ictimaiyyətində belə bir fikir formalaşdırmaq idi ki, guya Azərbaycan xarici müdaxilənin deyil, daxili çəkişmələrin qurbanı olub. Lakin heç bir qiyam başlamadan ordu birləşmələri aprelin 27-də öncədən hazırlanan "Bakının işğal planı"nı həyata keçirmək məqsədilə Bakıya girdilər. Və həmin andan ölkə parlamentinə Azərbaycan Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi və Rusiya Kommunist  Bolşevik Partiyasının Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qırğınlara və qurbanlara yol verilməməsi üçün Azərbaycan parlamenti həmin gün axşam hakimiyyətin kommunistlərə təhvil verilməsi barədə qərar qəbul etdi. Neft səltənətinə sahib çıxmaq, Bakıda hakimiyyəti bütünlüklə ələ keçirmək üçün bolşeviklərlə maraqları üst-üstə düşən erməni daşnaklarının xəyanəti, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu daha da tezləşdirdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən devrildi.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın tarixində çox şərəfli yer tutan dövlətçilik mərhələsidir. Məhz bu tarixlə bugünkü müstəqilliyimizin və suverenliyimizin bünövrəsi yaradılıb.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"