Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:35

Mübarizə tariximizin şanlı səhifəsi

Tariximizə qanla yazılmış 20 Yanvar faciəsinin baş verdiyi günlərdən bizi 28 illik bir zaman fasiləsi ayırır. Bu hadisələrin iştirakçısı olan şəhər sakinləri ilə söhbət etdikcə soyuq şənbə gecəsində baş verən qanlı hadisələr kino lenti kimi gözlərimiz önündə yenidən canlanır. İlk həmsöhbətim olan Namiq Qasımov 20 Yanvar gecəsində şahidi olduğu hadisələrdən ürək ağrısı ilə danışdı:
- 20 Yanvar faciəsi heç vaxt yaddaşımdan silinməyəcək. Həmin gecə çalışdığım İlham Allahverdiyev adına Gəmiqayırma və Gəmi Təmiri Zavodunun fəhlələri ilə Badamdar qəsəbəsinin yaxınlığında yerləşən, el arasında "Qurd qapısı" kimi tanınan yerdə dayanmışdıq. Havanın çox soyuq və küləkli olmasına baxmayaraq, buraya xeyli adam toplaşmışdı. Məqsədimiz şəhərimizə girmək istəyən qoşunların qarşısını kəsmək idi. Böyük bir tonqal çatıb ətrafında dayanmışdıq. Heç kimin evinə qayıtmaq fikri yox idi. Gecənin bir aləmində yanımıza bir dəstə adam gəlib dedi ki, daha burada dayanmağın mənası yoxdur. Qoşunlar metronun "XI Qızıl ordu" stansiyası tərəfdən şəhərə giriblər. İndiki Mətbuat prospekti ilə yüksək sürətlə irəliləyirdik. Yollarda maşın olmadığından işıqforlara da məhəl qoymurduq. Məqsədimiz hadisə yerinə tez çatmaq idi. Bakı Dövlət Universitetinin yanına çatanda uzaqdan tankların bizə tərəf şütüdüyünü gördük. Düşündük ki, indicə bizə atəş açacaqlar. Amma onlar bizə güllə atmasalar da, məcbur etdilər ki, yolumuzun səmtini dəyişib metronun "Elmlər Akademiyası" stansiyasına tərəf düşək. Başqa çıxış yolumuz olmadığından onların tələblərinə əməl etdik. Metronun yanından sağa dönüb geri qayıtdıq. Bu yolda hərbçilər gözə dəymirdi. 20 nömrəli məktəbin yanından da sağ tərəfə döndük ki, Badamdar qəsəbəsinə gedək. Elə bir az yuxarı qalxmışdıq ki, zirehli texnikalar nərilti-gurultu sala-sala buradakı yol dairəsinin yaxınlığında qabağımızı kəsib avtobusumuzu mühasirəyə aldılar. Gecənin bu vaxtında şəhərimizə soxulmuş Sovet əsgərləri üstümüzə qışqırıb bir-birilərinə deyirdilər ki, bunlar "boyeviklər"dir. Bizi mühasirəyə alandan sonra bir-bir yerə düşməyimizi əmr etdilər. Sifətlərindən vəhşilik yağan bu əsgərlər bizimlə çox kobud davranırdılar. Avtomatlarının qundağı ilə vura-vura bizi üzü üstə asfalta uzadıb ciblərimizi axtarmağa başladılar. Bu, qaniçən cəlladlar elə bilirdilər ki, biz silahlıyıq. Əynimdəki kiteli, başımdakı papağı görən quldurlar barmaqlarını mənə tuşlayıb "afqanes" dedilər. Mənim üstümü lap ciddi yoxladılar. Silah tapmayandan sonra onlardan biri yüksək səslə nalayiq söyüşlər söydü. Mən də həmin söyüşlərlə ona cavab qaytardım. Gözləmədiyi bu cavabdan əsəbiləşən quldur məni avtomatın qundağı və süngüsü ilə vurmağa başladı. Güclü zərbələr nəticəsində həm başımdan, həm də qolumdan yaralandım. Süngü dəyən yerlərdən qan axırdı. Səs-küyə qonşu binaların eyvanlarına çıxanlar hərbçilərə yalvarırdılar ki, rəhmə gəlib bizi öldürməsinlər. Gözləri qızmış sərxoş imperiya əsgərləri bu anlarda heç kimi eşitmək istəmirdilər.
Qəflətən yanımızda peyda olan zabit onların üstünə qışqırandan sonra əsgərlər rədd olub getdilər. Tanklarına minməzdən əvvəl hərbçilərdən biri bizi gəzdirən avtobusun mühərrikini işə salıb, ötürücünü keçirib, sükanı buraxıb özü yerə tullandı. İdarəolunmayan avtobus bir az irəli gedib işıq dirəyinə dəyib dayandı. Zərbənin gücündən qabaq şüşə çilik-çilik olub yerə töküldü. Əsgərlər gedəndən sonra iş yoldaşlarım başıma yığışdılar. Yaralarımdan axan qan kəsilmək bilmirdi. Sürücü tələsik maşını işə salmaq istdədi ki, məni xəstəxanaya çatdırsın. Amma mühərriki işə sala bilmədi. Məlum oldu ki, quldurlar gedərkən maşının açarını da özləri ilə aparıblar. Axır ki, çox əlləşəndən sonra avtobusun mühərriki uğuldadı. Amma şəhərdə atışma getdiyindən küçələrə çıxıb xəstəxanaya getmək də təhlükəliydi. Şəhər imperiya əsgərləri və zirehli texnikalarla dolu idi. Böyük çətinliklə yaşadığım 20-ci sahəyə qayıda bildim. Qonşuluğumuzda tibb bacısı yaşayırdı. Gecənin yarısı olsa da, onu yuxudan oyatdım ki, yarama baxsın. Sağ olsun şəfqət bacısı, yarama dava-dərman qoyub başımı sarıdı. Səhər tezdən şəhərə çıxanda küçə və prospektləri qan içində gördüm. Sovet əsgərləri öz ölkəsinin dinc, əliyalın və heç bir günahın sahibi olmayan vətəndaşlarını böyük amansızlıqla, vəhşiliklə qətlə yetirmişdilər. Ağrı-acısını yaşadığımız o gecəni heç vaxt yaddan çıxarmayacağam. Sovet əsgərlərinin amansızlığı bizi mübarizə yolumuzdan döndərmədi. Axır ki, arzumuza çatdıq, ölkəmiz müstəqilliyinə qovuşdu.
- O dəhşətli günlərdə ölkəmizin paytaxtında baş verən hadisələrdən çox narahat idim, - deyə şəhid anası Lyudmila Bessantina söhbətimizə davam etdi: - Nəsə ürəyimə dammışdı ki, qorxulu hadisələr olacaq. Amma bir neçə gündən sonra övladımı itirəcəyimi heç ağlıma da gətirmirdim. Yanvarın 19-da erkən yatmağımıza səbəb televiziyanın yayımını dayandırması idi. Gecə yarıdan sonra tankların gurultusuna, silahların şaqqıltısına yuxudan ayıldıq. Öz-özümə sual verdim: aman Allah, bu nə atışmadır, güllələri hara və kimə atırlar? Biz İnşaatçılar prospektindəki "Olimp" mağazası yerləşən binanın beşinci mərtəbəsində yaşayırdıq. Özüm-özümə verdiyim suallara cavab tapmaq üçün pəncərəyə yaxınlaşıb küçəyə baxmaq istədim. Mənimlə bərabər yuxudan oyanan 17 yaşlı qızım Vera da küçədə nələr baş verdiyini öyrənmək üçün işığı yandırıb pəncərədən aşağı boylandı. Bu vaxt pəncərəmiz atəşə tutuldu. Bir göz qırpımında şüşələr çilik-çilik olub yerə töküldü. Tez geri çəkilib döşəmənin üstünə uzandıq. Vera "ay ana, məni vurdular," - deyib yerə yıxıldı. Tez özümü onun üstünə atdım. Qızımı qan içində görəndə dəhşətə gəldim, ağlım başımdan çıxdı. İmperiya əsgərləri Veranı vurmuşdular. Aman Allah, bu nə işdir başıma gəlir? İndi mən nə edim, başıma nə çarə qılım, qızımı xəstəxanaya necə çatdırım? Çaşıb qalmışdım, nə edəcəyimi bilmirdim. İlk ağlıma gələn bu oldu ki, təcili yardıma zəng vurum. Nömrəni yığıb həkim çağırdım, ünvanı dedim. Çox keçmədi ki, təcili yardım maşını gəldi. Onda Vera özündəydi, bizimlə danışırdı. Onu aşağı düşürüb ehtiyatla maşına qoyduq. Qızımı bu vəziyyətdə tək qoya bilməzdim. Ona görə də tez keçib maşında oturdum. Binanın arxasından dönüb küçəyə çıxdıq. Elə hey sürücünü tələsdirirdim ki, yolda ləngiməsin, bizi xəstəxanaya tez çatdırsın, Veranın həyatını xilas edək, onu ölümdən qurtaraq. İlahi, şəhərimizin küçələri nə gündə idi! Zirehli, tırtıllı texnikaların gurultusu, avtomat və başqa silahlardan açılan atəş səsləri hər tərəfi başına götürmüşdü. Qaniçən imperiya əsgərləri bir neçə yerdə maşınımızın qabağını kəsdilər. Yaralı apardığımızı bildirib çətinliklə də olsa irəliləyirdik. Şəfa ocağına vaxtında çatsaydıq, bəlkə də həkimlər qızımın həyatını xilas edə bilərdilər. Amma başımıza bədbəxt hadisə gəldi. Silahlı quldurlar xəstəxanaya çatmağa az qalmış yaralı aparan təcili yardım maşınını atəşə tutdular. Sürücü yararsız hala düşmüş maşını çətinliklə də olsa yolun kənarına çəkib saxladı. Qızıma tibbi yardım edən həkimin özü də ağır yaralanmışdı. Belə ağır vəziyyət yarandığını görən sürücü maşındakı rabitə vasitəsilə ikinci yardım briqadası çağırdı. Qızımın vəziyyəti ağırlaşırdı. Xeyli gözlədikdən sonra təcili yardım maşını gəlib çıxdı. Veranı da, həkimi də həmin maşına qoyub yolumuza davam etdik. Amma artıq gec idi, 17 il sevə-sevə böyütdüyüm, özümdən də çox sevdiyim qızım Vera keçinmişdi, gözlərini əbədi olaraq yummuşdu. O gözlər bir daha açılmayacaq, bizə baxmayacaqdı. Dünya-aləm başıma fırlandı, sarsıldım, bütün varlığım titrədi. Qızımın qatilləri bir vaxtlar şəninə sülh mahnıları qoşulmuş Sovet əsgərləri idi. Ağlamaqdan göz yaşlarım da qurumuşdu, qışqırmaqdan səsim batmışdı. Başqa şəhidlər kimi Vera da böyük ehtiramla Xiyabanda dəfn edildi. Buna görə Azərbaycan xalqına, qızımın xatirəsini əziz tutan bütün insanlara dərin minnətdarlığımı bildirirəm...
Bəli, o faciədən illər ötsə də, xalqımız azadlığı və müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarını heç vaxt unutmayacaq. Çünki onların adı xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazılıb.
Vahid MƏHƏRRƏMOV