Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:32

Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

 

(IV məqalə)


Bu sazişdən əlavə iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında da sənəd imzalandı və həmin sənədə müvafiq olaraq Gürcüstan həm hərbi texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. Bu respublikadan gətirilmiş olan silah, sursat və təchizat Azərbaycanın qoşun hissələrini, o cümlədən şimal sərhəddini qoruyan qoşun bölmələrinin maddi-texniki imkanlarını xeyli yaxşılaşdırdı.
1919-cu ilin avqustunda kifayət qədər formalaşmış hərbi hissələr Lənkəran bölgəsinin Azərbaycan hökumətinə tabe olmayan qüvvələrdən təmizlənməsi üzrə ilk irimiqyaslı döyüş tapşırığının yerinə yetirilməsində iştirak ediblər. Bu barədə Hərbi Nazirlik Azərbaycan hökumətindən hələ 1919-cu il iyulun əvvəllərində göstəriş almışdı. Həmin vaxt bölgədə nəzarət bolşevik qüvvələrinin əlində idi. Lakin onların elan etdikləri  "Muğan Sovet Respublikasının" ömrü də uzun olmadı. Ağqvardiyaçı rus zabitlərinin rəhbərliyi altında olan qüvvələr iyulun 24-25-də Lənkəranın mühüm obyektlərini yenidən nəzarət altına aldılar. İyulun 26-da Prişibdə özlərinin qurultayını çağıran ağqvardiyaçılar bölgədə öz hakimiyyətlərini bərpa etdiklərini bildirdilər. Bu qüvvələri bölgədən sıxışdırıb çıxarmaq və bölgədə Azərbaycan Xalq Cümhuriyyətinin səlahiyyətlərini bərqərar etmək üçün Lənkəran dəstəsi yaradıldı.
1919-cu il avqustun əvvəllərində Lənkəran dəstəsi artıq formalaşdırılmış və hərəkət üçün müəyyən hazırlıq da görülmüşdü. Bununla bağlı avqustun 4-də hərbi nazir müvafiq əmr imzaladı. Həmin əmrlə dəstənin komandanlığı Ümumi qərargahın rəisi general-mayor Həbib bəy Səlimova həvalə olundu və ona Hacıqabul, Salyan, Pokrovsk, Prişib və Lənkəran marşrutu ilə Lənkəran qəzasına hərəkət etmək və orada qayda-qanun bərqərar etmək tapşırılmışdı.
Dəstənin tərkibinə 5-ci Bakı piyada alayı, 3-cü Şəki süvari alayı, 2-ci yüngül topçu, 6-cı dağ topçu və əlahiddə qaubitsa batareyaları, istehkam taqımı və zirehli maşınlar taqımı daxil idi.
Hacıqabulda toplaşan Lənkəran dəstəsi avqustun 13-də Lənkərana doğru hərəkətə başladı. Dəstənin qarşısına qısa müddət ərzində bölgədəki silahlı qüvvələri tərksilah etmək vəzifəsi qoşulmuşdu. Dəstənin qətiyyətli və çevik fəaliyyəti ilə sentyabrın 3-də tapşırılan vəzifə müvəffəqiyyətlə yerinə yetirildi və bölgədəki rus qüvvələri təkrsilah edildilər. Hərbi nazir S.Mehmandarov Lənkəran dəstəsinin fəaliyyətinin nəticələri ilə bağlı 19 sentyabr 1919-cu il tarixli 420 saylı əmrini imzaladı. Əmrin ikinci bəndində deyilirdi: "Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan hökumətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi qərargah rəisi general-mayor Səlimovun komandanlığı altında üç qoşun növündən ibarət xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi.
Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni güclü istidə bizim gənc ordumuz xəstələr və arxada qalanlar olmadan 15 günə qət etmişdir. Bütün yürüş ərzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən heç birinə kiçik bir ziyan da vurulmamışdır. Yolboyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli davranışlarını böyük minnətdarlıqla qeyd edirdilər. Mən buna dəstənin Lənkərandan getməsindən sonra şəxsi səfərim zamanı əmin oldum. Hamıda əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökülmədən həyata keçirildi. Azərbaycan Ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli  döyüşçü kimi göstərən gənc əsgərlərə ürəkdən "sag ol" deyirəm".
Tərksilah zamanı əhalidən və Muğan qüvvələrindən 22 ədəd top alındı. Həmin topların 20 ədədi tam işlək vəziyyətdə, 2-si sökülmüş vəziyyətdə idi. Bundan başqa 25 ədəd tam işlək pulemyot və 7 ədəd işləməyən pulemyot toplanmışdı.
Lənkəran dəstəsinin cənub bölgəsində fəaliyyəti ərzində yuxarıda göstərilən silahlardan başqa Muğandakı qüvvələrdən və rus əhalisindən 517 ədəd berdanka tüfəng, 93 ədəd türk tüfəngi, 382 ədəd ov tüfəngi, 289 ədəd müxtəlif silahlar, 36 ədəd süngü, 670 ədəd ingilis patronu, 12454 ədəd berdanka patronu, 26 ədəd səhra bombası, 3 ədəd aeroplan bombası, 15 ədəd qılınc və 40 ədəd xəncər alınmışdı. Bütün bu silahlar sonradan Lənkəranda təşkilinə başlanan köməkçi tabora təhvil verilmişdi.
1919-cu ilin sentyabrında Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının ştatlarının hazırlanmasına başlandı. Sentyabrın 14-dən təyyarə dəstəsinin və zirehli avtomobillər dəstəsinin, sentyabrın 24-dən mövqe batareyasının, oktyabrın 1-dən isə "Astarabad" hərbi gəmisinin ştatları qüvvədə sayıldı.
6-cı Göyçay piyada alayının formalaşdırılması da böyük sürətlə aparılırdı. Qışlıqların çatışmaması, geyim, ərzaq çətinlikləri olmasına baxmayaraq, 1919-cu il oktyabrın sonuna qədər alayın təşkili demək olar ki, başa çatdırıldı.
Formalaşma prosesinin necə getməsi barədə hissə komandirləri mütəmadi olaraq hesabat verirdilər. Həmin hesabatlar həm diviziya komandirinə, həm Ümumi qərargaha, həm də Baş Ərkani-hərbə göndərildi. Hissə komandirləri komplektləşmənin, silah və texnika ilə təchizatın vəziyyəti, işlək silahların miqdarı, xarab silahların bərpası, şəxsi heyətin əhval-ruhiyyəsi, ərzaq, geyim və tibbi vəziyyəti, təlim-tərbiyənin gedişi, fərariliyin vəziyyəti, qoşunların yerləşdirilməsi və sənədləşmənin aparılması barədə yuxarı orqanlara məlumat verməli idilər. Bütün bu məsələləri özündə birləşdirən xüsusi hesabat forması hazırlanmışdı ki, onların öyrənilməsi rəhbər orqanlara formalaşma prosesini daimi nəzarət altında saxlamaq imkanı verirdi.
1919-cu ilin sonuna kimi Lənkəran köməkçi (ehtiyat) taboru alaya çevrilərək 7-ci Şirvan alayı adlandırıldı, Bakı İstehkamat Hissəsinin müdafiə taboru yaradıldı, süvari, piyada alaylarının, əlahiddə taborların və hərbi məktəbin döyüş bayraqlarının təsviri təsdiq edildi.
1919-cu ilin sonlarından etibarən qoşun hissələri, əlahiddə taborlar və hərbi məktəb üçün döyüş bayraqlarının tətbiqinə başlandı. Bu bayraqlar da milli dəyərlər əsasında hazırlanmışdı və onun verildiyi hissənin Azərbaycan Ordusuna məxsusluğunu təsdiq edirdi. Bayraqlar eyni təsvirə malik idilər. Onların layihəsinin hazırlanması Nazirliyin hərbi topoqrafiya şöbəsinə tapşırılmışdı və həmin layihə hazırlanarkən milli simvolların istifadəsinə, milli ənənələrə bağlı müəyyən elementlərin tətbiqinə xüsusi diqqət yetirilmişdi.
Döyüş bayrağı - parça, lent, ucluq, ağac və dəstəkdən ibarət idi. Parça gümüşü saçaqlarla tamamlanan, kənarlarına naxış vurulmuş mavi rəngli stof ipəkdən və atlasdan ibarət idi. Bayrağın o biri üzünün naxışı görünməsin deyə parça ikiqat bükülmüşdü. Yuxarı sol küncündə gümüşü saplarla səkkizguşəli ulduz və aypara çəkilmişdi. Bayrağın kənarı ilə işlənmiş naxış şərqin böyük sərkərdəsi Teymurləngin Səmərqənd şəhərindəki qəbrinin üzərində olan təsvirdən götürülmüşdü və Azərbaycan Ordusunun döyüş bayrağında şərqin qəhrəmanlıq ənənələrinə sadiqliyini təcəssüm etdirirdi. Bayrağın bir üzündə ərəb hərfləri ilə "Azərbaycan" sözü, o biri üzündə isə Qurandan ayə - "Nəsri min Allah və fəthi qərib" (Allahdan kömək olarsa qələbə yaxındadır) yazılmışdı. Bayrağın lentləri 15 santimetr enində yaşıl və qırmızı parçadan hazırlanmışdı və ucluqları 10 santimetr uzunluğunda saçaqlarla tamamlanmışdı. Qırmızı lentin üzərində gümüşü saplarla 7 ox olan ox qabı, nizə və iki yay çəkilmişdi. Yaşıl lentin üzərində də gümüşü saplarla içində 7 ox olan ox qabı, iki yay, boncuq və Teymurləngin nizəsinin rəsmi işlənmişdi. Lentlər bayraq ağacının yuxarısına düyünlənirdi. Bayrağın ucluğu 5 hissədən ibarət idi: klnus, silindr, kürə (şar), kəsik elliposid və nizə. Bayraq ağacı 2,6 metr uzunluğunda və 3,7 santimetr diametrində olmalı idi. Dəstək gümüşü silindrdən ibarət olub, bayraq ağacının qurtaracağına geyindirilirdi. Dəstəyin aşağı  və yuxarı qurtaracağı 2,5 millimetrlik qızılı haşiyə ilə əhatə edilmişdi. Daha sonra 1,5 millimetr enində qızılı haşiyə ilə tamamlanmış mavi mina var idi. Qızıl haşiyənin arasında yuxarı künclərdə Azərbaycan ulduzları nəqş olunmuş, aşağı künclərdə isə qızıldan aypara ziqzaq, daha sonra bayrağın rəngləri ilə boyadılmış, kürəciklərlə bəzədilmiş qabarıq gümüşü halqadan keçirdi. Dəstəyin gümüşü hissəsində bayrağın məxsus olduğu hissənin adı və həmin hissənin yaranma tarixi həkk olunudu.
Döyüş bayrağının təsvirinin elan olunması ilə bağlı nazirin əmrində deyilirdi ki, təsdiq olunmuş layihənin əsasında indiki dövrdə xalqın milli şüurunun inkişafı, məscid və kitablarda, habelə böyük Teymurləng və onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim memarlıq nişanələri dayanmışdır ki, onlar indi 8-ci Ağdaş piyada alayının və Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması ilə başa çatdırıldı.
Bütün bu təşkilatı işləri həyata keçirməklə Hərbi Nazirlik 1919-cu ilin sonunadək Azərbaycan Ordusunun şəxsi heyyətinin sayını isə 5 min başa çatdırmalı idi. Nəzərdə tutulmuşdu ki, ilin sonunadək atların sayı 10 min baş olacaqdır.
Ordunun sayının il ərzində iki dəfə artırılmasına nail olmaq üçün 1920-ci ilin elə ilk günlərindən çox geniş quruculuq işlərinin aparılması planlaşdırıldı. Tərtib edilmiş fəaliyyət planına görə il ərzində aşağıdakı hissələr yaradılmalı idi: 1) 9-cu piyada alayı, 2) 9-cu piyada alayının yaradılması ilə 3-cü piyada diviziyasının qərargahı təşkil edilməli, 7-ci Sirvan, 8-ci Ağdaş və 9-cu piyada alayları bu diviziyaya tabe etdirilməli idi; 3) 4-cü süvari alayı; 4) iki qaubitsa batareyası; 5) qaubitsa divizionunun qərargahı; 6) bir dağ-süvari batareyası; 7) dağ-süvari divizionunun qərargahı; 8) üç batareyadan ibarət yüngül səhra divizionu və onun qərargahı; 9) hər biri bir bölük həcmində olan dörd məhəlli komanda və hər biri yarım bölükdən ibarət olan üç məhəlli komanda. bu məhəlli komandalar səfərbərlik idarələrinin yanında yaradılmalı və çağırışçıların xidmət yerinə çatdırılması ilə məşğul olmalı idi.
Bütünlükdə qısa müddət ərzində döyüşkən və hazırlıqlı bir ordu yatarmaq mümkün oldu və bu ordunun köməyi ilə 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ ətrafında başlanan kütləvi erməni hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.
Ümumən, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütünlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda silahlı qüvvələr quruculuğu tarixində xarakter etibarı ilə tamamilə yeni bir səhifə açıldı. XX əsrin əvvəllərində yenidən reallığa çevrilən Azərbaycan Ordusu quruculuğu yeni və mütərəqqi dəyərlər üzərində aparılırdı və həmin dəyərlər şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətindən irəli gəlirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ən yaxşı ənənələri bizim müasir və güclü ordumuzun simasında öz əksini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən tarixi reallığa çevrilən və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək səviyyəsinə çatan Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir. Son illər ərzində Azərbaycan Ordusunun siması tamamilə dəyişilmişdir. Bu ordu xalqımızın sevic, qürur və güvənc yerinə, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadir olan bir orduya çevrilmişdir. 2016-cı ilin aprel döyüşləri də bunu nümayiş etdirdi. Həmin döyüşlərin uğurları bizim böyük qələbəmizin başlanğıcıdır. Bu uğurun sona çatdırılacağı gün isə hec də uzaqda deyil. Azərbaycan Ordusunun gücü bizdə belə bir əminlik yaradır.
Ehtiyatda olan polkovnik Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru