Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:30

Qürur duyuruq ki, belə orduda xidmət edirik!

Vətənpərvərlik tərbiyəsi ailədən başlayır, məktəblərdə davam etdirilir, ictimaiyyətin təsiriylə genişlənir, hərbi xidmətdə formalaşır. Buna görə də "gənc əsgərlərin hərbi xidmətə hazırlığı ailədən başlayır" - deyə bilərik. Ön xətdə yerləşən hərbi hissələrdə bu amilə ciddi diqqət yetirilir.
Hərbi hissəmizə gələn hər əsgərlə fərdi söhbətlər aparırıq. Əsgərin düşüncələrinin mahiyyətini, bu və ya digər məsələyə münasibətini və s. öyrənmək vacibdir. Digər hərbi hissələrdə olduğu kimi, bizim hərbi hissədə də buna həssas yanaşırlar, daha doğrusu, bu, bizim hərbi xidmətimizin tərkib hissəsidir.
Hər əsgərin özünəməxsus xarakteri var. Xarakterlərin, maraqların öyrənilməsi işin təşkilində əhəmiyyətli olur. Fərdi söhbətlərin məzmunu da, aparılması metodları da, təbii ki, hərbi Nizamnamələrin tələblərinə uyğun olur. Bu baxımdan zabitlər söhbəti qarşılıqlı etibar, qarşılıqlı inam əsasında təşkil edir. Əsgər hərbi xidmətinin nədən ibarət olacağını məhz təyin edildiyi hərbi hissədə bilir. Bilir ki, Vətəni qoruyacaq. Məhz hansı mövqedə qoruyacağı ona izah edilir, həmin ərazi ilə yaxından tanış olur. Atıcı silahların istismar xüsusiyyətlərini ilkin hazırlıq mərhələsində mənimsəmiş əsgərlə təkmilləşmə məşğələləri də təşkil olunur ki, bu da onun döyüş növbətçiliyi aparmasında olduqca gərəklidir.
Əsgərin hərbi xidmətində mənəvi-psixoloji hazırlığın roluna da ciddi diqqət yetiririk. Əsgər nəyi qoruduğunu bilir, necə qorumalı olduğunu öyrənir. Bu baxımdan əsgər dostluğu da əhəmiyyətlidir. Hərbi hissəmizdə zabit-əsgər münasibətinin səmimliyinə çalışırıq. Komandirinə inanan əsgər daha güclü əsgərdir. Əsgər dostuna inanan, güvənən əsgər qəlbindən keçənləri onunla bölüşür. Nəticə etibarilə onu narahat edən nə varsa öz həllini tapır. Əsgər üçün hərbi xidmətdən kənar qayğılar olmur. O, yaxşı bilir ki, belə qayğılar onun hərbi xidmətinə təsir göstərə bilər.
Ümumiyyətlə, əsgər hərbi xidmətə ailə problemi ilə gəlməməlidir. Əgər varsa, onu unutmağa çalışmalıdır. Necə deyərlər "Öncə Vətəndir!" - amalıyla yaşamalıdır.
Gənc əsgərlərin hərbi xidmətə hazırlığı müəyyən mərhələləri əhatə edir. Hər mərhələ əvvəlkinin davamı olmaqla, eyni məqsədə yönəldilir - vətənpərvər və bacarıqlı əsgər formalaşdırmaq. Bu prosesin bir mərhələsi də mənəvi-psixoloji hazırlıq sistemidir. Biz Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirməklə bu prosesi uğurla həyata keçiririk.
Əsgərlərimiz torpaqlarımızın işğaldan azad edilməsi amalı ilə xdimət edirlər.
Gənc əsgərlərin döyüş növbətçiliyinə hazırlığı ordu quruculuğunun tərkib hissələrindən biridir və hərbi hissənin komandanlığı, zabitlər məhz bu amil əsasında xidmət edirlər...
Azərbaycan əsgərinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır". Zabitilərimiz, əsgərlərimiz doğma ordumuzda xidmət etmələri ilə  qürur duyurlar.
Şahmar PİRİYEV, "N" hərbi hissəsi