Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:23

Gəncliyin amalı dövlətçilikdir

Gənclər Günü təkcə gənclərin günü deyil.
Gənclər Günü həm də gənclərə inananların, güvənənlərin, onların qabiliyyətini, malik olduğu potensialı üzə çıxardıb, dövlətçiliyimizin daha da möhkəmlənməsinə istiqamətləndirənlərin günüdür.
Azərbaycanda Gənclər Gününün təsis edilməsi gənclər siyasətinə həssas yanaşmanın təzahürüdür.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan, xalqın təkidli tələbiylə böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin hərtərəfli dinamik inkişafını təmin etmək məqsədilə gənclərin erudisiyasından, potensial imkanlarından bəhrələnmə dövlətin daxili siyasətinin tərkib hissəsi oldu.
Cəmiyyətin bütün sahələr üzrə hərtərəfli inkişafında insan amili həmişə mühüm rol oynayıb. Bu baxımdan gənclər siyasətinin mahiyyəti dövlətçiliyə sədaqətdir. Başlıca qayəsi gənclərin malik olduğu potensialı üzə çıxarmaq, onu dövlətçiliyə, dövlətçiliyin söykəndiyi sahələrin inkişafına istiqamətləndirmək olan, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında hazırlanan "Azərbaycan gəncliyi: 2017-2021-ci illərdə Dövlət Proqramı"nın məqsədi gəncləri azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında formalaşdırmaq, onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirməkdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə, inamla deyib: "Azərbaycan güclü dövlətdir". Deməli, Azərbaycanın gəncliyi güclüdür. Ölkə başçısı deyib: "Azərbaycanın güclü ordusu vardır". Deməli, Azərbaycanın əsgərləri-gəncləri güclüdür.
Azərbaycan Ordusunun böyük əksəriyyəti gənclərdir. Qətiyyətlə demək olar ki, "Azərbaycan gəncliyi: 2017-2021-ci illərdə Dövlət Proqramı" ordu quruculuğunun tərkib hissəsidir.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu, ordu  ilə xalqın birliyini, bu vəhdətin dönməzliyini təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbəni yüksək dəyərləndirdi. Bu dəyər orduya, deməli, həm də Azərbaycan gəncliyinə verilən dəyərdir.
Proqramda qeyd edilir: "Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir". Azərbaycan dövlətinin xarici siyasətinin əsasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təşkil edir. Sülh danışıqları baş tutmasa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. Azərbaycan əsgəri buna qadirdir. Bu Proqram çağırışçıların vətənpərvərlik duyğularının da formalaşmasında vəsilə olacaq və sabahın əsgərlərinin hərbçi kimi, vətəndaş kimi mətinləşməsini təmin edəcək.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin xətti ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərində Nazirliyin yüksək rütbəli zabitlərinin çıxışları, tövsiyələri, hərbi xidmətin mahiyyətinin tezisləri təsdiqləyir ki, bu Proqram həm də ordu quruculuğunun tərkib hissəsidir. Hər bir zabit, hər bir əsgər üçün Vətənin müqəddəsliyi hərbi xidmətin qayəsidir. Əsgər döyüş növbətçiliyinə bu sevgi ilə gedir, düşmənin təxribatlarının qarşısını bu sevginin zəmanətiylə alır, - Vətəni bu sevginin işığında qoruyur.
Qəhrəmanlıq zaman-zaman örnək kimi yaşadılır. Şəhidlərimizin qəhrəmanlığı belə örnəklərdir; gənclər qəhrəmanlığı öz dəyərində böyük sevgilərlə yaşadır. Mübariz İbrahimov şəhid olanda 25 yaşı vardı. Samid İmanov şəhid olanda 32 yaşı vardı. Çingiz Qurbanov şəhid olanda 20 yaşı vardı. 2 Fevral Gənclər Günü həm də şəhidlərimizin ruhuna ehtiram günüdür; unudulmayanları həmin gün daha kövrəkliklə, daha böyük sevgilərlə, ehtiramlarla yad edirik.
Bu günlərdə ön xətdə əsgərlərimizlə söhbətləşirdik. Vətəndən, torpaqdan, gözlədiyimiz, təşnəsi olduğumuz Böyük Qələbədən danışırdıq. Kimsə soyuq-sazaq hiss etmirdi. "Gənclik dözümlülükdür" - dedim. Leytenant Şahmar Piriyevin əsgərlərin üzündən üzülməyən baxışlarının doğmalığını, bu doğmalığın qədərsiz sevgi olduğunu duydum:
- Azərbaycana sevgi, hərbi xidməti mənəvi borc bilmə, mənəvi borcu əsl vətəndaş heysiyyətiylə yerinə yetirmə - dözümlülüyün əsası budur. Azərbaycan əsgəri Azərbaycan gəncliyini təmsil edir. Azərbaycan gəncliyi Vətəni belə qoruyanların layiqli davamçıları olacaq. Bu inam hamımızın inamıdı - dövlətçiliyə sədaqətin təsdiqidir.
Hərbi xidmət həm də gənclərin xarakterini möhkəmləndirir, təlimlərdə döyüş hazırlığını artıran əsgərin mənəvi-psixoloji hazırlığı zabitlərin söhbətləriylə, müxtəlif məzmunlu tədbirlərin aşıladığı mahiyyətlə təkmilləşir. Nəticə etibarilə əsgər məfkurəmizin əsgəri olur. Bütövlükdə Azərbaycan gəncliyinin bu xarakterə malik olmasına zəmin yaranır. Bu zəmin Azərbaycan əsgərinin qətiyyətindədi, sevgisindədi, sədaqətindədi. Bu qətiyyət, bu sevgi, bu sədaqət  Azərbaycan gəncliyinin mənəvi gücüdü, qüdrətidi...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist