Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:22

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

Mövzu: Azərbaycan Respublikasında dövlətin gənclərə qayğı və diqqəti. 2 Fevral - gənclər günüdür.
Suallar: 
1. Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə qayğısı və diqqəti.
2. Azərbaycan gənclərinin milli-mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
3. Azərbaycanın müstəqilliyini qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur.
 Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə qayğısı və diqqətı

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir xalq üçün ən başlıca məsələdir. Çünki gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən qüvvəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik qüvvəsi  olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.
Respublikamızın müstəqilliyinin ilk dövrlərində əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahidə olunan milli oyanış, sosial-siyasi fəallıq gənclərdən də yan keçməmişdi. Sovet imperiyasına qarşı mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olub.
Müstəqilliyimizin bərpası ilə Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasiətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı.
1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Məhz həmin ildən etibarən Azərbaycanda dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı.
Ölkə rəhbərliyinə gəldikdən az sonra gənclərin problemləri ilə dərindən maraqlanaraq onların böyük bir qrupu ilə görüş keçirən ulu öndər Heydər Əliyev tərəfindən 26 iyul 1994-cü il tarixdə indiki Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərmanın imzalanması respublika gənclərinin fəaliyyətinin təşkilatlanması istiqamətində ilk addım oldu. 
Cəmiyyətdə gənclərin rolunun genişləndirilməsi istiqamətində növbəti addım isə 1996-cı il fevralın 2-də ilk dəfə olaraq Müstəqil Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi oldu. Forumda gənclərin vəziyyəti və problemləri ətraflı müzakirə olundu. Əbədiyaşar Prezidentimiz Heydər Əliyev forum iştirakçıları qarşısında proqram xarakterli nitq ilə çıxış edərək müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında konkret vəzifələr qoydu.
1997-ci il fevralın 1-də forumun birinci ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında fərman imzalaması gənclərimizə göstərilən diqqət və qayğının daha bir parlaq nümunəsi oldu. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
1999-cu il martın 2-3-də gənclərin II forumu keçirildi. Forumun işində iştirak edən ulu öndər Heydər Əliyev gənclərə diqqət və qayğı göstərilməsinin vacibliyini bir daha vurğuladı, ayrı-ayrı dövlət orqanlarının qarşısında bu sahədə bir sıra vəzifələr qoydu. Forumun qəbul etdiyi sənədlər növbəti mərhələdə gənclərlə işin yeni əsaslar üzərində qurulmasını təmin etdi.
1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət gənclər siyasəti haqqında" fərman dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm mərhələnin başlanğıcı idi.
6 may 2002-ci ildə isə gənclərin hərtərəfli inkişafını təmin etmək, problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək üçün "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanuna əsasən, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi - gənclərin sosial, fiziki, mənəvi və intellektual inkişafına, problemlərinin həllinə və hüquqlarının müdafiəsinə kömək göstərmək, imkan və bacarıqlarını reallaşdıra bilmək üçün şərait yaratmaqdır.
2003-cü il oktyabrın 13-də Azərbaycan gənclərinin III forumu keçirildi. Ümummilli lider Heydər Əliyev səhhəti ilə əlaqədar forumun işində irştirak edə bilməsə də, forum iştirakçılarına məktubla müraciət etdi. Həmin müraciətdəki "Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır" sözləri Azərbaycan gəncliyinə Ümummilli Lider tərəfindən verilən ən yüksək qiymətdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini təmin etmək idi. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, həmçinin, "Gənc ailə", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin əsasını yaratdığı gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi:
 - Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək;
- Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək;
- Gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək;
- Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq;
- Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.
Bunlar Ümummilli Liderin müəyyən etdiyi strateji hədəflər olub ki, bu gün də Azərbaycan gəncliyi bu hədəflərə doğru inamla irəliləyir.
Azərbaycan gənclərinin milli-mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən respublika gənclərinə münasibətdə həyata keçirilən tədbirlər müasir dövlət quruculuğu prosesində gənc nəsli daha da ön plana çəkir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişi ilə  gənclər siyasəti mahiyyətcə yeni mərhələyə yüksəldi. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sahədə də siyasi xətti ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Məhz, 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. Neft gəlirlərini insan kapitalına çevirən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. Həmçinin, 2007-ci ilin ölkədə "Gənclər ili" elan edilməsilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuş oldu. Hətta, 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsilə dövlətimizin başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Eyni zamanda, Azərbaycan Respublikasının vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da gəncələrə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz, birinci xanımın sədrliyilə Bakıda "Gənclərin məşğulluq sammiti"nin keçirilməsi həmin diqqətin əyani isbatıdır.
Təkzibolunmaz faktdır ki, gənclərimizin həm Azərbaycanda, həm də xaricdə dəstəklənməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi rolu var. Elə "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı" çoxşaxəli fəaliyyətilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu illər ərzində gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Gənclərin mənəvi-əxlaqi və hərbi vətənpərvərlik tərbiyəsi, onların ordu sıralarında xidmətə hazırlanması işinin gücləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi, orta təhsil müəssisələri və hərbi qurumlarla birlikdə tədbirlər keçirirlər. 1995-ci ildən etibarən orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Şahin" hərbi-idman oyunları, 1998-ci ildən isə VII-IX sinif şagirdləri arasında "Cəsurlar" hərbi-idman və turizm oyunları keçirilir.  
Azərbaycanın müstəqilliyini qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur
Cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında öz konstitusion borcunu - Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Ümummili lider Heydər Əliyevin "Ordu xidməti çox böyük fədakarlıq tələb edir, cəfakeşlik tələb edir. Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur" sözləri dövlətin ordu gənclərinə diqqətinin və qayğısının təzahürüdür.
Gənc nəslin məhz hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması xalq və dövlət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan Ordusunda geniş tədbirlər həyata keçirilir. Bu baxımdan təkcə 2017-ci il ərzində Bakı şəhərində və rayonlarda dövlət qurumları və ictimai təşkilatlarla birlikdə Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunda keçirilmiş kütləvi tədbirlər, ordu, səngər həyatı ilə cəmiyyətin, xüsusən onun aparıcı qüvvəsi olan gənc nəslin yaxından tanış edilməsi üçün kütləvi informasiya vasitələrinin, Qeyri-Hökumət Təşkilatlarının və ictimaiyyət  nümayəndələrinin hərbi hissələrə, cəbhə xəttinə ziyarətləri gənc nəslin mübariz ruhda yetişdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-ci ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.
Bu gün Azərbaycan Ordusunun qarşısında respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi kimi müqəddəs bir vəzifə durur. Bu vəzifəni yerinə yetirəcək insanlar isə birinci növbədə Azərbaycanın vətənpərvər gəncləridir.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi