Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2018 09:27

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

Mövzu: Azərbaycan xalqının istiqlal mübarizəsi və qəhrəmanlıq ənənələri. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır. 
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən, Azərbaycan xalqının milli-azadlıq hərəkatı və 20 Yanvar faciəsi zamanı qəhrəmanlıq nümunələri göstərmiş Azərbaycan vətəndaşları haqqında məlumatları özündə əks etdirən kitab materiallarından istifadə etməli, öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə almaqla mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
SUALLAR:
1. Azərbaycanda milli-azadlıq hərəkatı və 20 Yanvar faciəsi.
2. Tarixin gerçəkliyi, Qanlı Yanvarın ibrət dərsləri.

Azərbaycanda milli-azadlıq hərəkatı və 20 Yanvar faciəsi
Azərbaycan xalqı əsrlər boyu öz azadlığı uğrunda qəhrəmanlıqla mücadilə edib, müstəqillik naminə qurbanlar verib. Tarix boyu düşmənlərimiz münbit torpaqlarımızın nemətlərindən bəhrələnmək üçün Vətənimizi istila altında saxlamağa, xalqımızın azadlıq və istiqlaliyyət arzularını boğmağa çalışsalar da, buna nail ola bilməyiblər.  Azadlıq qığılcımı zaman-zaman alovlanaraq xalqımızı mübarizəyə səsləyib. Bugünkü azadlığımıza, respublikamızın müstəqilliyə qovuşmasına yol açan, ötən əsrin 80-ci illərinin axırları, 90-cı illərinin əvvəllərində yeni vüsətlə baş qaldıran milli azadlıq mücadiləsi də tarixdir.
1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycanla İran arasında sərhəd dirəklərinin xalq tərəfindən sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Azərbaycanda bütün gücü, möhtəşəmliyi ilə baş qaldıran milli azadlıq hərəkatının ittifaqın imperiya zülmündən əzab çəkən digər xalqları da ayağa qaldıracağından ehtiyatlanan kommunist partiyası rəhbərləri aktiv fəaliyyətə keçməyə qərar verdilər.
Mərkəzi hakimiyyət SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin vasitəsi ilə xalq hərəkatının boğulmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Sumqayıtda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək erməni mənşəli əhalinin "qondarma talanını" təşkil etdi. 1990-cı il yanvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti verdi.
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Fövqəladə vəziyyətin başlanması gizli saxlanıldı. Xalqa məlumat verilməsin deyə, yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-də Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ Müdafiə naziri Dmitri Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika barrikadaları çox asanlıqla dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahlardan güclü atəşə tuturdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu...
Bakıya yeridilən Sovet qoşunları həmin gecə şəhərin müxtəlif yerlərində 121 nəfəri qətlə yetirdi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Respublikanın digər yaşayış məntəqələrinə də Sovet ordusunun hücumu nəticəsində o günlərdə ümumilikdə 132 nəfər, o cümlədən 6 rus, 3 yəhudi, 3 tatar öldürüldü, 744 nəfər yaralandı. Həlak olanlardan 123-ü kişi, 5-i qadın, 4-ü isə azyaşlı uşaqlar, yaralananlardan 25-i qadın, 20-si uşaq idi. 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü.
Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümummilli tətil başlandı. Əli heç yerə çatmayan, öz rəhbərliyi tərəfindən belə ağrısı-acısı duyulmayan xalqın haqq səsinə səs verən, xalqın harayını bütün dünyaya çatdıran o zaman Moskvada DTK-nın nəzarəti altında yaşayan Heydər Əliyev oldu. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Bu tarixi çıxışın mətni  respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin onunla olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi.
Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildilər.
Tarixin gerçəkliyi, Qanlı Yanvarın ibrət dərsləri
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına Sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri və bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət idi. Bu cür cinayətlərin təhqiqi, onların səbəblərinin, nəticələrinin üzə çıxarılması, təşkilatçılarının aşkarlanması məsələsində vaxt amili yoxdur və bunlar vəhşilik, soyqırımı əməllərinin təkrarlanmaması üçün xəbərdarlıq olmalıdır.
Yanvar faciəsinin bir çox səbəbləri var. Bu səbəblər ümumən hansılardır? Əvvəla, mərkəzin Sovet imperiyasını, kommunist sistemini nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq cəhdi, ikincisi, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək cəhdi, üçüncüsü, SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli siyasəti, yenidənqurma haqqında demaqoqcasına şüarlar altında sərhədləri dəyişdirmək və xüsusən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi, dördüncüsü, keçmiş mərkəzin mənəvi, siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan erməni separatizmi və Ermənistanın təcavüzü, beşincisi, o dövrkü Azərbaycan rəhbərlərinin xəyanətkar fəaliyyəti.
Nə üçün Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar Qorbaçov peşman olduğunu bildirdi, gürcü və Litva xalqlarından üzr istədi, Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar isə yalnız bir dəfə, 1995-ci ilin aprelində Türkiyədə səfərdə olarkən "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi" deyə səhvini etiraf etsə də, xalqdan üzr istəmədi.
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər ilin 20 Yanvarında onların əziz xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar qətliamı xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Azərbaycan xalqı öz qürurunu itirmədi, iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda, qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsində 20 Yanvar faciəsinin özünəməxsus əhəmiyyəti var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, axıdılmış qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində  "Qanlı Yanvar" faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçovun, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun və başqalarının cəzalandırılmasını tələb etdi.
20 Yanvar müqəddəs "Şəhid" kəlməsini yenidən bütün tarixi məzmunu ilə dilimizdə canlandırdı. XX əsrin əvvəllərində milli mənliyimiz və müstəqilliyimiz uğrunda şəhid olanların dəfn edildiyi yer, Sovet dövründə Dağüstü park adı ilə əyləncə yerinə çevrilmişdi. Müstəqilliyimiz, milli mənliyimiz, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən övladlarının dəfn olunduğu bu yer xalqın ziyarətgahına çevrilib. "Şəhidlər xiyabanı" - dünənimizi bu günlə, bu günümüzü sabahla birləşdirən, xalqın birliyinin, iradəsinin və qətiyyətinin təsdiqi olan müqəddəs bir məkandır.
2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda, 20 Yanvar meydanında möhtəşəm xatirə kompleksinin ucaldılması da məhz bu məqsədə, acı, lakin şərəfli tarixin xalqın yaddaşında yaşadılmasına xidmət edir.
Bu gün 20 Yanvar faciəsində şəhid olanların xatirəsini hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 28 il keçib. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlərarası münasibətlər sistemində öz yerini tutmuş, bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.
Müstəqilliyimizin ilk illərində - 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı ədalətsiz ərazi iddiası ilə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu. Azərbaycanın ərazi bütövlüyü hələ bərpa olunmayıb. Ona görə də 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində hər bir Azərbaycan vətəndaşı, Azərbaycan Ordusunun hər bir əsgəri, giziri, zabiti bir daha dərk etməlidir ki, şəhidlərimizin qanı bahasına müstəqil olmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
2016-cı il aprelin əvvəllərində düşmən təmas xəttində növbəti dəfə təxribatlar törətdi, ön xəttə yaxın yaşayış məntəqələrimizi artilleriya silahlarından atəşə tutdu. Azərbaycan Ordusunun bölmələri düşmənin bu əməllərini cavabsız qoymadı. Əks-hücum tədbirləri nəticəsində işğalçı Ermənistan ordusunun bölmələri xeyli geriyə atıldı, kənd və qəsəbələrimizi təhlükə altında saxlayan yüksəkliklər düşməndən təmizləndi. Bu döyüşlər Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirdi.
2018-ci tədris ilinin hazırlıq planına əsasən, hərbi hissələrdə və birləşmələrdə döyüş və ictimai-siyasi hazırlıq dərsləri başlamışdır. Qarşıda şəxsi heyəti gərgin dərs prosesi, çöl məşğələləri, taktiki təlimlər gözləyir. Azərbaycan Ordusunun hərbi qulluqçusunun bu dərslərdə və təlimlərdə əldə etdiyi yüksək nəticələr, hər bir nailiyyət, hər bir uğur bizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs mübarizədə qələbəyə daha da yaxınlaşdırır. Müasir döyüşdə ancaq yüksək döyüş hazırlıqlı, həvalə olunmuş texnikanın və silahların sirlərinə mükəmməl yiyələnmiş, intizamlı, mənəvi-psixoloji və fiziki cəhətdən dözümlü olan əsgər qalib gələ bilər...
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi