Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:37

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

SUALLAR:
1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti.
2. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə
qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti

Artıq 27-ci ildir ki, müstəqil Azərbaycan Respublikası dünya dövlətləri arasında öz layiqli yerini tutur və inkişaf etmiş dövlətlər sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir ki, bunun da ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu vardır. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin və digər ölkələrə göndərilir. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".
Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirmişdir ki, hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Dövlət başçısının sözlərinə görə, bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu silahların, texnikaların bir hissəsi ictimaiyyətə nümayiş etdirilmişdir. Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnikalar alınır və müasirləşmə prosesi daim aparılır. Görülən bütün bu işlərlə yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə də böyük vəsait ayrılır, diqqət göstərilir. Son illər ərzində çoxsaylı zavodlar yaradılıbdır. Azərbaycanda ən müasir texnika istehsal olunur. Gələcəkdə bizim bu sahədə planlarımız çox genişdir və böyükdür. İstəyirik ki, bizə lazım olan hərbi sursat və texnika maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Beləliklə, biz idxaldan da asılılığımızı azaldacağıq. Baxmayaraq ki, silah-sursatın alınması ilə əlaqədar qarşımızda heç bir problem yoxdur, bu proses davam edir və davam edəcəkdir.
Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına və gündən-günə daha da yaxşı yaşayır. Bizim maliyyə imkanlarımız genişlənir. Biz heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda gələcəkdə, əlbəttə ki, Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. Yəni, biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir. Bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir. Ona görə də bu regional amili heç kim inkar edə bilməz. Biz bundan sonra da milli maraqlarımızı bütün vasitələrlə müdafiə edəcəyik və bununla bərabər bölgədə genişmiqyaslı əməkdaşlığın yaranması üçün səylərimizi göstərəcəyik. Bu genişmiqyaslı əməkdaşlığın əsas amili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hələ ki, biz Ermənistan tərəfindən konstruktivlik görmürük. Onların vaxtuzatma və beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərik ki, bəzi beynəlxalq qurumlar onların qeyri-səmimi davranışına, bir növ, göz yummaq istəyirlər. Açıq-aydın görünən danışıqları pozmaq cəhdlərinə, Ermənistan tərəfindən göstərilən bu cəhdlərə, elə bil ki, bəraət qazandırılır. Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki beynəlxalq aləm öz qərarlarına, heç olmasa hörmət etməlidir. Bu olanlara rəğmən Azərbaycanın bütün istiqamətlərdə atdığı addımlar çox uğurludur.

Hərbi hissə və birləşmələrin əsas vəzifələri

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 100 illiyini qeyd edəcəkdir. Ordumuzda yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülür, islahatlar aparılır. Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində  Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunları və taktiki təlimlər bunun əyani sübutudur. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.
Müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Dövlətimizin regionda müstəqil siyasət apara bilməsi üçün yüksək döyüş hazırlıqlı ordusu olmalıdır. Bunun üçün isə Azərbaycan Ordusunun qarşısında 2018-ci tədris ilində aşağıdakı əsas vəzifələr qoyulmuşdur:
- 2017-ci tədris ilində döyüş və mənəvi-psixoloji hazırlıqda əldə olunmuş nəticələrlə kifayətlənməmək, döyüş hazırlığını daha da təkmilləşdirmək, şəxsi heyətin döyüş ruhunu  yüksək səviyyədə saxlamaq;
- birlik, birləşmə və hərbi hissələrdə hərbi intizamı daha da möhkəmləndirmək;
- şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək, onlarda Hərbi Anda, Vətənə, xalqa sədaqət hissləri aşılamaq və gücləndirmək;
- hərbi kollektivləri dostluq və əsgəri yoldaşlıq ruhunda tərbiyə etmək.
Bu gün Azərbaycan Ordusu qarşısında torpaqlarımızı azad etmək üçün hər an hazır olmaq vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır. Bu döyüşlərdə Azərbaycan əsgəri tarixi qələbəni əldə etməklə nəyə qadir olduğunu bir daha sübut edəcəkdir.
Qeyd: İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu şərh edərkən hərbi hissənin, öz bölməsinin 2017-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlığında qazandığı nəticələri bir daha dinləyicilərin nəzərinə çatdırmalı, 2018-ci tədris ilində hərbi hissənin, bölmənin qarşısına qoyulmuş tapşırıqların çatdırılmasına və izah edilməsinə xüsusi diqqət yetirməlidir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi