Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2017 09:14

“Hərbi həkimlik qədər müqəddəs peşə tanımıram”

Həmsöhbətimiz Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının rəisi tibb xidməti polkovnik-leytenantı Mehriban Quliyevadır.

- Yaxşı olar ki, söhbətə elə tanışlıqdan başlayaq.
- 1971-ci ildə Bakı şəhərində dəmiryolçu ailəsində doğulmuşam. Anam evdar qadın olub. Atam isə dediyim kimi, uzun müddət, 40 ildən artıq dəmiryol sahəsində çalışıb. Bəlkə də belə bir ailədə niyə həkim peşəsini seçməyim qəribə görünə bilər. Lap uşaqlıq illərimdən həkim olmaq arzusu ürəyimə hakim kəsilib. Atam mənə məktəbdə xərcləmək üçün pullar verəndə kitab mağazalarına qaçıb tibbə aid maraqlı kitablar alardım. Beləliklə 1988-ci ildə 20 saylı orta məktəbi müvəffəqiyyətlə bitirib Azərbaycan Tibb Universitetinə daxil oldum.
- Mehriban xanım, bəs hərbçi olmaq fikri Sizdə nə vaxt, nədən yarandı? Axı adətən belə nüfuzlu bir təhsil ocağını bitirənlər çox yüksək fikirdə olurlar...
- Əvvəlcə qeyd edim ki, hələ tələbəlik illərində əmək fəaliyyətim başlanıb. Musa Nağıyev adına təcili yardım xəstəxanasında tibb bacısı kimi çalışanda yaralı döyüşçülərə tibbi qulluq göstərirdim. Onda oğlan tələbə yoldaşlarım da cəbhə xəttinə yollanmışdı. Yaralı əsgər və zabitlərimizin şəfa tapmasına az da olsa köməyim dəydiyi üçün özümü xoşbəxt sanırdım. Elə bu hisslər də məni hərbi həkim olmağa ruhlandırdı. Həmin dövrdə ölkəmizdə  vəziyyətin son dərəcə ağır, mürəkkəb olduğunu başa düşürdüm və buna görə də orduda hərbi həkim kimi xidmət etmək, Vətənimə, xalqıma töhfə vermək qərarına gəldim.
- Hərbi səhiyyədə çalışan peşəkar insanlardan kimləri ideal seçdiniz?
- 1994-cü ildə Daxili Qoşunların nəzdində olan hərbi hospitala üz tutdum və burada tale məni nəcib bir adamla - təcrübəli tibb xidməti polkovniki Siyavuş Rüstəmovla görüşdürdü. Əsl vətəndaş, böyük ürək sahibi idi. Çox təəssüf ki, onun haqqında keçmiş zaman ifadələrini işlətməyə məcburam, çünki həyatla vaxtsız vidalaşıb. Onu hərbi kollektivdə hamı çox istəyirdi, mühafizədə dayanan əsgərdən tutmuş, həkimə, xəstələrə qədər - hər kəs ona ehtiram bəsləyirdi. Siyavuş həkim Daxili Qoşunlarda tibb xidmətinin təşkilinə, bu qoşun növündə hospitalın yaradılmasına böyük əmək sərf etmişdi. Məhz belə bir nəcib insanın, vətənpərvər və tələbkar zabitin tabeliyində xidmət etmək mənə çox vərdişlər aşıladı. Ömrünün mənasını Vətənə, xalqa xidmətdə tapıb, gecəsini-gündüzünü bu müqəddəs amala bağlayan hər kəsi özümə ideal bilirəm.
- Mehriban xanım, hərbi səhiyyəmizdə xidmətləri olan bir çoxları ilə görüşüb qəzetimiz üçün müsahibələr hazırlayanda adətən məni maraqlandıran bir sual da olub. Hərbi həkim üçün hansı and daha müqəddəsdir: Hippokrat andı, yoxsa Hərbi and?
- Mən deyərdim ki, hər ikisi eyni dərəcədə əhəmiyyətlidir, vacibdir. Ümumiyyətlə, bir qayda olaraq hansı peşənin sahibi olursan, ol, ən birincisi, əsl vətəndaş olmağı bacarmaq lazımdı. Əgər Hippokrat andı peşə andımız sayılırsa, Hərbi and Vətənimizə, xalqımıza, dövlətimizə sədaqət andımızdır. Yüksək rütbəli tibb zabiti olsam da, bu gün də, sabah da özümü Vətənimizin əsgəri hesab edirəm. Ümumiyyətlə, yer üzündə hərbi həkimlik qədər müqəddəs peşə tanımıram.
Hərbi formanı orduya taleyim bağlanan gündən müqəddəs sayıram, çünki əsgər, yaxud zabit bir dövlətin, bir millətin rəmzi deməkdir. Müstəqil dövlətin ərazilərini düşmənlərdən qorumaq kimi ən müqəddəs vəzifə məhz əsgər və zabitlərimizə həvalə olunur. Mənim yanıma müxtəlif bölgələrdən zabit, gizir, yaxud da əsgər gələndə, heç fərq qoymadan hər birini eyni hörmətlə qarşılayıram. Axı Vətənimiz, torpaqlarımız belə insanların hesabına qorunur.
- Bir çoxlarından xoşbəxtlik nədir sualına cavab soruşanda xoşbəxtliyi yalnız sağlamlıqda axtaranlar da tapılır. Bu fikirlə razılaşmaq olarmı?
- Xeyr. Xoşbəxtlik nisbi anlayışdır, heç kim mütləq xoşbəxtliyə yetişə bilmir. Amma xoşbəxtliyin sirrini yalnız sağlamlıqda axtarmaq əsla düzgün alınmaz. Elə adam tapırsan ki, uzun ömür sahibidir, amma yaşadığı illərin heç bir mənası yoxdur. Hərb elminin məşhurlarından Pavlov hesab edirdi ki, heyvanı da əhliləşdirib ona şüur aşılamaq mümkündür, amma insan vicdan meyarı ilə başqa canlılardan seçilir. Yəni demək istəyirəm ki, hər kəs ona nəsib olan ömür payını vicdan, məsuliyyət hissi ilə mənalı yaşamalıdır. Məsələn, qəhrəmanlarımızı, şəhid olan fədakar hərbçilərimizi götürək. Belələri bir ailədə, bir nəsildə doğularaq bir el üçün, millət, xalq üçün yaşadılar. Bu gün də, sabah da dillərdə əzbər olacaqlar. Gərək həyatını elə yaşayasan ki, dönüb arxaya, yaşadığın illərə nəzər yetirəndə peşiman olmayasan. Məhz buna görə də hər kəs özünə bir sualla hesabat verməlidir: Mən xalqım, Vətənim üçün nələr etmişəm? Əgər bu suala cavab verməyə haqqın varsa, deməli özünü xoşbəxt saya bilərsən.
- Yəqin ki, Mehriban xanım da xoşbəxtlərdən biridir...
- Yox, belə düşünməzdim, gəlin sualı başqa mənada cavablandıraq. Mən düşünürəm ki, vətənpərvər insanlar qədir-qiymət sahibləridir. Və bu mənada özümü xoşbəxt hesab edərdim, çünki ömrümün böyük hissəsi Vətənimizə xidmətlə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, vətənpərvərlik böyük bir məfhumdur. "Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Əslində dahi rəhbərin irsi, həyatı və fəaliyyəti hər kəsə, həm zabitlər, hərbi qulluqda çalışanlar, həm də cəmiyyətin müxtəlif sahələrində işləyən adamlar üçün əsl nümunədir, məktəbdir. Mən də zamanında onun müasiri olduğum üçün fəxarət duya bilərəm. Heydər Əliyev elə bir dünya şöhrətli dövlət rəhbəri idi ki, çox çətin və mürəkkəb şəraitdə heç nədən, hətta fiziki varlığını itirməkdən belə çəkinmədən Vətənimiz üçün nələr etmədi. Təkcə müasir Silahlı Qüvvələrimizin inkişafında onun müdrik komandan kimi misilsiz xidmətlərini təhlil edəndə başa düşürsən ki, görün bu insan nə qədər böyük istedada, qurub-yaratmaq enerjisinə malik olub. Hərbi səhiyyəmizin yaranıb formalaşması məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Bir müddət, daha dəqiq desəm, 6 ay qardaş Türkiyə Respublikasında dünya şöhrətli Gülhanə Araşdırma və Egitim Xəstəxanasında təkmilləşdirmə kursu keçmişəm. Bu, böyük tibb ocağıdır və müasir tibb elminin nailiyyətləri  əsasında tam formalaşıb...
- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm, bir zaman orada müalicə olunan Ulu Öndərimiz ölkəmizdə də belə bir səhiyyə ocağının yaradılmasını arzulamışdı...
- Ümumiyyətlə ömrünü həsr etdiyi Vətənimizin bütün sahələrini inkişaf etdirmək, Azərbaycanı beynəlxalq aləmdə sayılıb-seçilən bir dövlət kimi tanıtmaq onun ən böyük arzusu idi. Əlbəttə, doğru dediniz, Heydər Əliyev ölkəmizdə hərbi təbabəti arzuladığı kimi yaratmağa səy göstərdi. Və bu yolu hazırda onun siyasət və həyat məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev böyük inamla davam etdirir. 2003-cü ildən bəri, 15 ilə yaxın bir zamana diqqət yetirin, görün cənab Prezident dövlətimizin inkişafı, xalqımızın rifahı naminə nə qədər işlər görüb. "Azərbaycanda ordu quruculuğunu daha da inkişaf etdirmək mənim siyasi xəttimin əsas istiqamətlərindən biri olacaqdır", - deyən cənab Ali Baş Komandanın məqsədyönlü siyasəti nəticəsində Silahlı Qüvvələrimiz qısa bir vaxtda böyük inkişaf yolu keçdi. Təsadüfi deyil ki, dünya orduları sırasında Azərbaycan Ordusu da qabaqcıl yer tutur. Ordumuz hərbi qüdrətinə görə xalqımızın inam və güvənc yerinə çevrilib. Əslində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası Qarabağımıza, qədim Şuşamıza qayıdışın başlanğıcı olaraq xalqa böyük ruh aşıladı. Ötən ilin qısamüddətli aprel döyüşləri yaddaşımızı silkələdi, vətəndaşlarımızda ordunun gücünə inam yaratdı. Artıq Azərbaycan xalqı ruhən əmindir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbi gücünü durmadan artıran ordumuz Qələbəmizi mütləq təmin edəcəkdir.
- Cənab polkovnik-leytenant, uzun müddətdir hərbi səhiyyə sistemində çalışdığınız üçün bir sualı da cavablandırmağınız yerinə düşərdi. Azərbaycanın hərbi təbabətinin dünəni və bu günü, inkişafı barədə nə deyə bilərsiniz?
- Ölkəmizdə hərbi səhiyyə sisteminin yaranması və formalaşması prosesi kino lenti kimi yaddaşımdadır, ötən illərə diqqət yetirəndə nə qədər əhəmiyyətli, vacib işlərin görüldüyünə əmin oluram. Azərbaycanda sürətli iqtisadi inkişaf strategiyası, yuxarıda qeyd etdiyim kimi, bütün sahələrin, həmçinin hərbi tibb xidmətinin böyük miqyasda inkişafına zəmin yaratdı. Doğrudan da qısa vaxt ərzində bu sahədə mühüm islahatlar aparıldı, yeni hospital və əlahiddə tibb müəssisələri yaradıldı, müasir tibbi avadanlıqlar alındı. İndi hərbi səhiyyəmizin maddi-texniki bazası, peşəkar kadr potensialı xeyli möhkəmlənib, artıq ən mürəkkəb müayinə və müalicələr uğurla həyata keçirilir. Rəhbərlik etdiyim üçün demirəm, bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının kollektivi də hərbi qulluqçuların sağlamlığının qorunmasında dəyərli köməyini əsirgəmir. Hərbi qulluqçuların illik geniş tibbi müayinəsi hazırda bizim poliklinikada yerinə yetirilir və tibbi personalımız bu vacib işin öhdəsindən bacarıqla gəlir. Təsəvvür edin, minlərlə hərbi qulluqçu, habelə müqavilə əsasında həqiqi hərbi xidmətə cəlb edilənlər, zabit və gizirlərin ailə üzvləri, 20 təqvim ilindən artıq xidmət edib ehtiyata və istefaya buraxılan hərbçilər bizə müraciət edirlər. Çalışırıq ki, hər kəs bizdən razı qalsın, buna görə də kollektivimiz öz üzərində daim məsuliyyət hiss edir.
Yeri gəlmişkən, gündəlik fəaliyyətimizdə bizə dəstək olan hər kəsə, cənab Müdafiə nazirinə, Baş Qərargah rəisinə və Tibb Baş İdarəsinin rəhbərliyinə dərin minnətdarlığımı da doğma qəzetimiz vasitəsilə çatdırmağınızı xahiş edirəm. Son bir neçə ildə Müdafiə Nazirliyi rəhbərliyinin hərbi tibb heyətinin toplantılarında müntəzəm iştirak etməsi, cənab nazirimiz general-polkovnik Zakir Həsənovun dəyərli fikir və tövsiyələrini bizimlə bölüşməsi fəaliyyətimizə böyük stimul yaradıb. Nazir həmişə tövsiyə edir ki, hərbi xidmət yalnız sağlam insanların ünvanıdır, burada hərtərəfli sağlamlığa malik olanlar xidmət etməlidirlər. Bir dəfə cənab nazir çıxışında qeyd etdi ki, hərbi tibb işçisi Vətəni qoruyan şəxsin qulluğunda dayandığı üçün bunun həm şərəfli, həm də məsuliyyətli olduğunu dərindən başa düşməlidir. Bu, bizim məsuliyyət hissimizi daha da artırır və ölkəmizin, torpaqlarımızın müdafiəsi kimi çətin və şərəfli sahədə xidmət edən hər kəsin sağlamlığını etibarlı şəkildə qorumağa ruhlandırır.
- Mehriban xanım, söhbətimizin sonunda fürsətdən istifadə edib qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi qəzetimizin oxucuları adından səmimi təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. İl başa çatanda elə bil adamın ruhu da təzələnir, arzuları çoxalır. Sizin də arzularınızı qələmə almaq istərdim.
- Təbrikə görə çox sağ olun. Mən də doğma qəzetimizin yaradıcı kollektivini, redaksiyada çalışan hər kəsi qarşıdakı əlamətdar günlər münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm. Bu gün Azərbaycan vətəndaşı bir böyük arzu ilə yaşayır: doğma yurd yerlərimiz işğaldan azad edilsin və ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Bundan böyük arzumuz, məqsədimiz ola bilməz.
İndi də xatırlayıram, 14 yaşım vardı, Ağdama, qohumlara qonaq getmişdik. Səhəri gün Şuşaya getməli idik, amma qəfil bir hadisə buna mane oldu. O vaxtdan Şuşa həsrəti ürəyimdədir.
Doğrudur, insan daim arzularla yaşayır, bəlkə də arzular olmasa ömrümüz, günümüz mənasız olardı. 80 yaşında ahıl bir adamı da dindirsək, ürəyindəki nə qədər istəyini bölüşər. İnşallah, üzümüzə gələn yeni 2018-ci il xalqımız, millətimiz, dövlətimiz üçün daha da uğurlu olsun.
- Maraqlı söhbət üçün sağ olun.

Söhbəti apardı: Arif PƏNAHOV, "Azərbaycan Ordusu"