Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:28

Bir ovuc torpaq

Hər tədbirin özünəməxsus qayəsi olur...
Kütləvi vətənpərvərlik tədbirlərinin mahiyyəti vətənləşdirmək niyyətidi...
Vətənləşmək Vətəni özünə, adına layiq olan müqəddəslik mərtəbəsində yaşatmaqdı. Belə yaşayanlara əsl vətəndaş deyirik...
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, şair-publisist Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla Qazaxda keçirilən "Ordumuz - qürurumuz, xalqımız - dayağımız" kütləvi vətənpərvərlik tədbirində bir rəmz mənə də ecazkar duyğular yaşatdı. Böyük Qələbənin rəngini gördüm, yaxın vaxtlarda müqayisəyəgəlməz könül xoşluğuyla yaşayacağımız anları indidən yaşadıq...
Qazax ermənilərlə sərhəddi. Otuz ilə yaxındı düşmənin həmlələri, hücumları burada da mərdliklə dəf edilir. Ermənilər bu tərəflərdə də təxribatlar törədə bilmir. Əsgərlərimizdə Göyəzən əzəməti var, Avey qüruru, Damcılı duruluğu var. Dan üzü çiçəklərin ləçəyinə düşən şeh də, hərdən əsən, hərdən əsə-əsə kükrəyən yellər də, dənəbir-dənəbir yağan ağ yağışlar da burada xidmət edən əsgərlərə təbiətin xeyir-duasıdı. "Ordumuz - qürurumuz, xalqımız - dayağımız" tədbirini bu ehtirama söykənən söz - səs-rejissura abidəsi bilmək günah deyil. 
Tədbirdə Qazaxın min illərin o üzündən boy verən tarixi xatırlandı, bu tədbir hər açılan səhəri "Misri" deyən, "Qəhrəmani", "Cəngi", "Döşəmə Koroğlu"... deyən bir bölgənin şeiriyyət dünyasına işıq saldı, qəhrəmanları, şəhidləri anıldı. Qazaxın şeirsiz günü olmayıb. Şeir bu tədbirin də göyqurşağına döndü. Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri şair Barat Vüsalın oxuduğu şeir toplaşanları duyğulandırdı da, Vətənə torpağa köklənmiş düşüncələrini pilələşdirdi də.
Barat Vüsalın şeiri mahiyyəti etibarilə torpağın (Azərbaycan torpağının!) müqəddəsliyinin, qadirliyinin, ilahiliyinin etirafıdı: bir ovuc torpaqdı yaralarımızın məlhəmi.
Vüsal Ağayev Emin Sabitoğlunun "Vətən bayatıları"nı oxuyurdu. Bu kövrək oxuma rəmzi olaraq yaralı əsgərin oxumasıydı. Mahnı bitər-bitməz kimsə şairə bir dəsmal arası torpaq verdi. Torpağı öpüb yaralı əsgərin yaralarına çilədilər. Və kimsənin gözləmədiyi möcüzə! - yaralı əsgər əl arabasından düşdü, üzü səngərlərə tərəf yol aldı. Döyüş növbətçiliyi aparmağa, Ali Baş Komandan döyüş əmri verərsə, döyüşməyə, Böyük Qələbənin əsgəri olmağa!.. Budur, bir ovuc torpağın qüdrəti! Budur, torpağa mehr-ülfət! Torpağa mehr-ülfət Vətənə sevgidi, Vətən sevgisidi. Bu, həm də sözün-şeirin qüdrətidi. Şeir deyirdi ki, sevin torpağı - Vətəni, qoruyun torpağı - Vətəni, sevə-sevə qoruduğunuz, qoruya-qoruya sevdiyiniz torpaqdı yaralılarımızın məlhəmi. Abdulla Qurbani şeirin mahiyyətini müəyyənləşdirən fəlsəfəni tədbirin ruhu kimi təqdim etdi. Duyğulandırıcı rəmzlə! Bu da qüdrətdi!
Tədbirin mahiyyəti - fəlsəfəsi deyirdi ki, Vətənin çöl-çəməni, yol-yamacı, dağı ilə vətənləşin, sər çeşməsi, gur bulağı ilə vətənləşin, ağacların budağını yarpaq-yarpaq əsdirən mehi ilə, çiçəklərin ləçəyinin şehi ilə vətənləşin, duyum-duyum, duyğu-duyğu  vətənləşin, şəhidlərin ruhu ilə vətənləşin! Güvəndiyimiz Azərbaycan əsgəri bu məzmunda mükalimələşmənin də vətənləşmə olduğuna varlığıyla inanır...
Və bu ovqat içində Barat Vüsalın neçə gündü könlümün şəriksiz sultanına dönən şeirilə şeirləşdim:
Qara qəhərini qara yazmadı,
Nişan da vermədi qara dərmanı.
Qara lövhə bildi qara günləri, 
Nə yazdı ağ yazdı qara - dərmanı.

Qanadı qırılmış sar gördü, güldü,
Payızın telində qar gördü, güldü,
Dağlara can atan tar gördü, güldü,
İsti nəfəs bildi tara dərmanı.

Gördü ki, dərdimiz çataq-çataqdı,
Dərdə əmzik verən şər də  oyaqdı...
Dedi ki, bir ovuc qara torpaqdı,
Əsgər yarasına yara dərmanı!..

O şeirin də, bu ovqatın da, bu ovqatdan rişələnən bu şeirin də mahiyyəti Ali Baş Komandanın əmriylə Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbədi. Qədim tarixlərdə, eləcə də oğuzlarda qəza ifadəsinin bir çaları da torpaq uğrunda döyüş olub. Döyüşə gedənlər "Qəzan mübarək!" - duasıyla uğurlanıb. Vətən kəlməsini ürəkdə cücərdib başda göyərdənlər Ali Baş Komandan əmr etsə, Azərbaycan əsgərinə "Qəzan mübarək!" də deyəcəyik, "Zəfərin mübarək!" də!
Rəşid HÜSEYNOV, əməkdar jurnalist