Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:09

Mübarizlik, əzmkarlıq qələbə sevinci yaşadır

Mərkəzi Ordu İdman Klubunun yunan-Roma güləşi üzrə məşqçisi, beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, Olimpiya oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilovla müsahibəni təqdim edirik.
- Cənab mayor, sizi kifayət qədər peşəkar idmançı və məşqçi kimi tanıyırıq. Bu yolda  ilk addımlarınızı nə vaxt atmısınız? Sizə idmanı sevdirən hansı hissləriniz olub?
- 1977-ci ildə Qərbi Azərbaycanda doğulmuşam. 1990-cı ilə kimi orada yaşamışıq. Sonra ermənilərin etnik təmizləmə siyasətinə məruz qaldıq. Hətta evimizi də partlatdılar. Biz də yüz minlərlə soydaşımız kimi doğma Bakımızda, Suraxanı rayonunda məskunlaşdıq. Uşaqlıqdan mübarizə aparmağı sevmişəm. Heç vaxt uduzmaqla barışmamışam. Məhəllədə güləşdə məni yıxan olmazdı. Həmişə lider, qalib olmağı istəyirdim. Bir gün yığışıb yaxınlıqda yerləşən "Neftçi" İdman Cəmiyyətinin binasına getdik. Yaşıdlarım arasında, ancaq Güloğlan adlı  bir nəfərə uduzurdum. Lakin mübarizəmdən əl çəkmirdim. Sabahkı günü səbirsizliklə gözləyirdim ki, Güloğlanla güləşəcəm, onu udacam. Hələ bir ara siqaret də çəkirdim. Hiss edirdim ki, bu pis vərdişdən əl çəkməliyəm. Belə də oldu, zərərli vərdişi birdəfəlik tərgitdim. Həmin gündən, ancaq sağlamlığıma, məşqlərə fikir verməyə başladım. Nəhayət, Güloğlanı məğlub etdim. Bununla da idman karyeram başladı.
- Dedikləriniz hər bir gəncə örnəkdir. Hamıya idmanla məşğul olmaq, sağlamlıq lazımdır. Bəs sizin peşəkar güləşçi kimi yetişməyinizdə kimlərin zəhmətini vurğulayardınız?
- Əli Paşayevi. Əli müəllim, sözün əsil mənasında, əlimdən tutub. Uşaqlarla məşqə gedəndə təqribən 10 nəfər olardıq. Onların arasında ən çəlimsizi, zəifi mən idim. Birinci gün məni komandaya qəbul etmədilər, məyus halda zalı tərk etdim. Bu vaxt bir nəfər əlimdən tutub saxladı, "səninlə özüm məşğul olacam" dedi. Sonradan öyrəndim ki, bu adam Əli Paşayevdi. Əlqərəz, beləcə məşqlərə başladım. Bir müddət hazırlaşandan sonra yeniyetmələr arasında keçirilən Avropa çempionatına göndərildim. Onda Əli müəllim baş məşqçimiz idi. Həmin yarışda 3-cü yeri qazandım. İlk dəfə onun ağladığını gördüm. Səbəbini soruşanda, "sevincdəndir, oğlum, bu mənim ilk nəticəmdir. İlk dəfədir ki, dünya arenasında tələbəm medal qazanır.  Bu həm də klubumuzun dünya səviyyəsində ilk uğurudur" dedi. "Neftçi" cəmiyyətinə də güləşdən ilk medalı mən gətirmişdim. Ondan sonra sevindiyim günlər çox oldu. Olimpiya çempionumuz Fərid Mansurov, qardaşı, dünya mükafatçısı Rəşad Mansurov və digər peşəkar idmançılar da bizim sıralarımızda yetişiblər.
- Dünyanın bir nömrəli futbolçusu Messi ilə oxşar karyeranız var. Ona da vaxtı ilə səndən futbolçu olmaz demişdilər. İlk uğurunuz və sonrakı qələbələriniz haqqında danışın. İlk dəfə qızıl medalı nə vaxt qazanmısınız və həmin gün hansı hissləri keçirdiniz? 
- İlk vaxtlar məğlubiyyətlərim olurdusa da, mübarizliyimi heç zaman itirmirdim, sağlam rəqabət haqqında düşünürdüm. Nəhayət, 1995-ci ildə Mərkəzi Ordu İdman Klubunda təşkil olunan ölkə çempionatında qalib oldum və adımı yığma komandaya yazdılar.  Sonradan çoxlarının kürəyini yerə vurdum. İlk qızıl medalı 2001-ci ildə hərbçilər arasında keçirilən dünya çempionatında qazandım. O sevinci, qürur hissini, inanın ki, söyləmək çətindi. İllərdir çəkdiyin əziyyətin bəhrəsini görəndə fərqli və qarışıq hisslər keçirirsən. Kürsünün ən uca pilləsinə çıxırsan, təmsil olunduğun dövlətin himni səslənir, bayrağı ən yüksəkdə dalğalanır və düşünəndə ki, bunlara səbəb sənin qələbəndir, onda həyəcandan, qürurdan sinən qabarır, yerə-göyə sığmırsan.  İndi də o günləri xatırlayanda həyəcan keçirirəm.
- Bəs idmançı taleyinizdə ən əlamətdar hadisə nə zaman olub?
- Bütün yarışlarım yaddaqalandır, çünki hər birində illərin zəhmətini yaşamışam. Lakin iki görüşü xüsusi vurğulamaq istəyirəm. Misirdə keçirilən turnirdə 3-cü yeri qazandıqdan sonra, yeniyetmələr arasında Avropa çempionatında iştirak etdim. Həmin yarışda  5-ci rəqibimə qalib gəldikdən sonra yarımfinalda rusiyalı idmançıya məğlub olaraq, 3-cü yer uğrunda erməni güləşçi ilə mübarizə apardım. Ona gözünü açmağa macal vermədən qəti qələbəmi təmin etdim. 1999-cu ildə isə yenə də hərbçilər arasında dünya çempionatında finala qədər irəlilədim və Olimpiya çempionu olmuş, təcrübəli yapon idmançısı ilə qarşılaşdım. Gərgin mübarizə gedirdi. 3-2 hesabı ilə geridə qalırdım. "Baş-qol" adlanan bir fənd işlətdim və 3 xal qazanaraq hesabda önə keçdim. Sonda hakimlər qələbəni mənə vermək istəyəndə, yaponlar etiraz etdilər və o fəndin guya boğucu fənd olduğu ideyasını irəli sürərək video görüntülərə baxdılar. Və bizə qarşı haqsızlıq oldu, qələbə rəqibə verildi. Lakin bu məndə nə ruh düşkünlüyü, nə də məyusluq yaratdı. Əksinə, mübarizliyimi, əzmkarlığımı daha da artırdı. Növbəti dəfə  2001-ci ildə Hüseynağa Ələsgərovun rəhbərliyi altında yenidən hərbçilərin dünya çempionatında iştirak etdim və qalib oldum. Dalbadal ölkəmizə qızıl medalla qayıtdım.
- Şərəfli peşə sahibi - hərbçi olaraq Silahlı Qüvvələrimizdə keçirilən idman yarışlarını, birincilikləri necə dəyərləndirərdiniz?
- Hərbi xidmətə ilk dəfə 1998-ci ildə, İdman Akademiyasından məzun olduqdan sonra gəlmişəm. Hər vətənpərvər gənc kimi, əsgər olmaq mənim də arzum idi. Mərkəzi Ordu  İdman Klubunda əsgəri xidmət  keçmişəm. Sonra zabit kimi xidmətimi də elə burada davam etdirmişəm. Həm zabit kimi ordumuza xidmət etməkdən, həm də beynəlxalq idman arenasında ölkəmizi tanıtdırmaqdan qat-qat qürurluyam. Hərbçilər arasında kütləvi idman yarışlarının keçirilməsini mən də alqışlayıram, bu çox əhəmiyyətlidir. Bu tədbirlər hərbçilərimizə, əsgər və zabitlərimizə yüksək mənəvi ruh, mübarizlik, çeviklik aşılayır. Bu cür keyfiyyətlər isə hərbçiyə xas olan ən vacib amillərdir. 
- Bir qədər də yetirmələrinizdən danışın.
- İstər idmançı, istərsə də məşqçi kimi uğur qazanmaq üçün fərdi bacarıqla yanaşı, ölkədə idmana yaradılan şərait də vacib məsələdir. Buna görə Ali Baş Komandanımıza bütün idmançılar adından minnətdarlığımı bildirirəm. Hazırda Azərbaycanda idman sahəsində də məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Elə bir şəhər, rayon tapılmaz ki, orada müasir idman-sağlamlıq kompleksləri istifadəyə verilməsin. Bütün bunlar gənc nəslin idmana marağını formalaşdırır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurla davam etdirən  Ali Baş Komandan İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman həyatında dönüş nöqtəsi oldu və ölkədə idmanın sürətli inkişafına zəmin yaratdı. Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi dünya miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi də idman siyasətimizin uğurlarıdır.
Uğur qazanan yetirmələrimdən Dünya çempionu Həsən Əliyevi, Olimpiya qalibi leytenant Rafiq Hüseynovu, yayda Avropa çempionu olan Asim İmanzadəni vurğulaya bilərəm. Ətrafımda məşq edən hər kəsə əzmkar, mübariz olmağı tövsiyə edirəm. Əgər qarşına bir məqsəd qoymusansa, heç nədən çəkinmədən əlindən gələni etməlisən. Bax bu zaman qələbə sənin olacaq.
- Yeniyetmə və gənclərin idman vərdişlərinə yiyələnməsi, sabahın əsgərləri kimi onlara hansı üstünlükləri qazandırır? Bir zabit və peşəkar idmançı kimi gənclərimizə, əsgərlərimizə tövsiyələrinizi, arzularınızı da qələmə almaq yerinə düşərdi.
- Biz unutmamalıyıq ki, torpaqlarımızın 20 faizi işğal altındadır. Hər birimizin ən ümdə vəzifəsi torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın döyüş əmrinə daim hazır olmaqdır. Döyüş zamanı isə elə bir məqam yaranır ki, düşmənlə üz-üzə gəlirsən, əlbəyaxa savaşırsan. Bu anda  şəxsi idman bacarıqların, fiziki hazırlığın, çevikliyin öz sözünü deyir. Gənclərimiz idmanla nə qədər çox məşğul olsa, fiziki hazırlıqlarını artırsalar, gələcəkdə Vətən qoruyucusu kimi sağlam, iradəli, dözümlü, möhkəm olacaq, torpaqlarımızı daha da inamla qoruyacaqlar. Hər bir gəncə, əsgərə tövsiyəm odur ki, Vətənimizi, dövlətimizi, millətimizi böyük ürəklə sevsinlər.
- Taleh müəllim, maraqlı söhbətə görə sağ olun.

Söhbətləşdi: Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"