Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:18

Həzrədən səngərə, səngərdən əbədiyyətə (esse)

Dövlətə, dövlətçiliyə, Vətənə, xalqa ad olan sevgi yaşarı sevgidi. Şəhidlərin Vətən sevgisi kimi...
Qusarın Həzrə kəndində anadan olmuşdu Çingiz Salman oğlu Qurbanov...
Azərbaycan Texniki Universitetində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş "Çin olan yuxu" sənədli filminin təqdimat mərasimində eşitdiklərimi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin qəhrəmana həsr olunmuş "Çingiz dastanı" kitabından oxuduqlarımı xatırlayıram. İstər kitabda oxuduqlarım, istərsə də sənədli filmdə eşitdiklərim təsdiqləyir ki, Çingiz aprel döyüşlərini həmişə qürurla xatırlayırmış, o döyüşləri xatırlada-xatırlada xidmət edirmiş. Şəhidliyindən sonra xidmət etdiyi postda əsgərlərlə söhbətləşəndə eşitdiklərim düşür yadıma: Çingiz deyirdi ki, torpaqlarımız işğaldan azad edilməyincə yuxularımız bizə haramdı. Bu yaşda cavanın düşüncələrinə necə həsəd aparmayaydım? Bu düşüncələrin işığını necə min illərin o üzündən düşən nur bilməyəydim? "Məndən ötən sənə dəydi, Səndən ötən mənə dəydi, Məndən, səndən ötən zərbə, Vətən, Vətən, sənə dəydi" misralarını əsgərlərin dediklərinə yedək bilmişdim. Onda əsgərlərdən biri "Bu zərbələrin ağrılarını biz sağaltmalıyıq!" - demişdi. Başqa bir əsgər səngərdaşının mətləbini "Çingiz kimi!" kəlmələriylə tamamlamışdı. Onda may ayı idi. İndi payızdı. Noyabrın 24-ü Çingizin ölümsüz ömrünün 24 yaşı tamam olur....
Çingiz Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiyalar" fakültəsini bitirmişdi. Müəllimləri ona təhsilini davam etdirməyi məsləhət görmüşdülər. Etiraz etmişdi: "Hərbi xidmətə gedəcəm!".  (Professor Ramiz Həsənov: “Biz Çingizi bir neçə aydan sonra universitetimizin magistri kimi görmək istəyirdik”). Bu qətiyyət onun düşüncələrinin haradan qaynaqlandığının təsdiqiydi, şübhəsiz. "Çingiz dastanı" kitabında bir məqamı xatırlamamaq, xatırlatmamaq günahdı: Çingiz orta məktəbdə oxuyanda Sofiya müəllimdən soruşub: "Vətən nədir?". Neçə illər keçəndən sonra məlum olur ki, bu, adi sual deyilmiş. Bu sual formalaşan dünyagörüşün axarını müəyyənləşdirirmiş. Kimsə bilməzdi ki, bu sual zamanında  qəhrəmanlığın yolgöstərəni olacaq...
Kitabdan oxuduqlarımın, sənədli filmdən eşitdiklərimin zəmanəti ilə deyə bilərəm ki, Çingiz qeyri-adi uşaq olmayıb, qeyri-adi yeniyetmə, qeyri-adi gənc, qeyri-adi tələbə olmasa da, qeyri-adi Vətən sevgisinə, qeyri-adi qətiyyətə, cəsarətə malik olan əsgər olub. Bu qeyri-adilik qəhrəmanlıq kimi təzahür etdi. 2016-cı il dekabrın 29-u onun da Vətən sevgisini təsdiqləyən tarix oldu. Bu tarixi hərbi xidmətə Qusar rayonundan çağırılmış Çingiz Qurbanov yazdı. Vətən sevgisiylə, torpaqlarımızın işğaldan azad edilməsi naminə yazdı. Döyüşdə dörd düşmən öldürdü. Yaralandı. Şəhid oldu...
Düşmən onun qəhrəmanlığından heyrətlənmişdi. Bu qəhrəmanlığın əsgərlərini vahimələndirəcəyini bilirdi. Nə qədər gizli saxlamağa cəhd göstərsə də, bu qəhrəmanlıq erməni gənclərinin "gözünü qorxutmuşdu"; bir əsgər çəkinmədən, qorxmadan ölümün üstünə yeriyib. Azərbaycan əsgərləri onun qəhrəmanlığını bu və ya başqa formada yenə təkrar edə bilər.
Çingizin nəşi dövlətin, beynəlxalq təşkilatların təkidlərindən sonra fevralın 5-də qaytarıldı...
Çingiz şəhidliyiylə düşmənə xatırlatdı ki, işğal edilmiş torpaqlarımızdan çəkilməyincə Azərbaycanın hər əsgəri, himnimizdə deyildiyi kimi, Vətənə görə canından keçməyə hazırdır; Azərbaycanın hər əsgəri üçün bir and var: Vətən andı, Azərbaycanın hər əsgəri üçün bir amal var: Təki Vətən yaşasın!..
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2016-cı il tarixli sərəncamı ilə Çingiz  Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi: "Azərbaycan Respublikasının ərazi bütövlüyünun qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra)"...
Abdulla Qurbaninin dediklərini xatırlayır, xatırladıram: Çingiz ilk əsgərdir ki, son mənzilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən yola salıınır. Bu, əsgərə, qəhrəmana sevginin təzahürü idi. Bu, dövlətin əsgərə, qeyri-adi Vətən sevgisiylə xidmət edən, qeyri-adi Vətən sevgisiylə yaşayan əsgərə qədərsiz ehtiram idi. Bu ehtiram düşüncələrə bir həqiqəti də həkk etdi:  Vətən üçün yaşanan ömür ölümsüzdü...
...Çingiz Qurbanovun qəhrəmanlığını hər bir Azərbaycan əsgəri örnək bilir. İllər keçəcək, amma Çingiz Qurbanov adı unudulmayacaq, onun qəhrəmanlığının mahiyyəti yeniyetmələrin, çağırışçıların, əsgərlərin düşüncələrinin şəriksiz istinadgahı olacaq. Bir vaxtlar Çingizin xidmət etdiyi postda əsgərlərlə kəlmələşəndə də, Tovuzun Şəhidlər xiyabanında hərbi səhra paltarı geyinmiş 10-12 yaşlı uşağın dediklərini qürurla dinləyəndə də bunun şahidi oldim...
2017-ci il fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. Dövlət başçısının şəhidə, şəhidliyə, şəhid ailəsinə bu qədərsiz ehtiramı da Vətənə sevgi kimi yaşanıldı. Həmin görüşdə  Prezidentin dedikləri dövlətin əsgərə, əsgərin timsalında Silahlı Qüvvələrə verdiyi dəyərdir və bu dəyər hər bir hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığının daha da yüksəlməsində mühüm amil kimi dəyərlidir: "...Bütün Azərbaycan Çingizlə fəxr edir. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır...". 
Müdafiə nazirinin əmri ilə xidmət etdiyi posta Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verildi. Əsgərə, şəhid əsgərə ehtiram kimi. Bu postda xidmət edən əsgərlərlə görüşdə müşahidə etdiyim bir məqamı Azərbaycan əsgərinin mənəvi dünyasının işığı bildim: döyüş növbətçiliyinə gedən, döyüş növbətçiliyindən gələn əsgərlər də Çingizin barelyefi önündə ayaq saxlayır, onun ruhuyla kəlmələşir sanki...
"Çingiz dastanı" kitabında oxuduğum bir məlumatı indi də böyük qürurla, böyük sevgilərlə yaşamaqdayam: beş nəfərlik alpinist qrupu Şahdağda dəniz səviyyəsindən 4242 metr yüksəklikdə zirvəyə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı yazılmış xatirə lövhəsi bərkidib. İndi bu yüksəklik "Çingiz zirvəsi" adlandırılır. Bu, hər ürəkdə yaşayan Çingizin adını relyefdə də yaşadır...
"Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post"da Salman Qurbanovun oğlunun barelyefindən üzülməyən baxışlarını xatırlayıram, oğlunun ruhuyla kəlmələşməsi düşür yadıma: "Mənim oğlum idin, Vətənin oğlu oldun, oğul...". O kövrək kəlmələri tamamlayan "Təki Vətən yaşasın..." kəlmələrini Vətən sevgisinin işığı bilirəm...
1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olmuşdu Çingiz...
2016-cı ildə Azərbaycan Texniki Universitetini bitirmişdi...
2016-cı ilin iyulunda həqiqi hərbi xidmətə çağırılmışdı...
2016-cı il dekabrın 29-da şəhid oldu.
Qusarda "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov küçəsi...
Qusarda "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına tam orta məktəb"...
Tovuzda "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına küçə"...
Mübariz İbrahimovun qəhrəmanlığı Mübarizləşmə təyini yaratdı, Çingiz Qurbanovun qəhrəmanlığı isə Çingizləşmə...
Dünən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anadan olduğu gün idi...
..."Həzrədən səngərə, səngərdən əbədiyyətə" essesini ölümsüz ömürə ehtiram bilin...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist