Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:10

Keçirilən təlimlər günümüzün reallığıdır

Son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həllini tapa bilmədiyi üçün hərbi vasitələrdən istifadə istisna olunmur. Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı ordumuzda müxtəlif hərbi təlimlərin keçirilməsi də təqdirəlayiqdir. Hərb, həm Azərbaycanın elitasının, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqlərində səslənir, həm də beynəlxalq ictimaiyyətdə döyüş ehtimalının artmasına narahatlığı formalaşdırır. Azərbaycanın dövlət başçısının müsahibələrindən birində söylədiyi - əgər bir ölkənin milli maraqları axıra kimi belə nəzərə alınmayacaqsa, nəzərdə tutulmayan gərginliklər də qaçılmaz olacaq - fikri işğalçı Ermənistana və onun havadarlarına layiqli mesajdır.
Tarixi torpaqlarımızın işğal altında qalması tələb edir ki, Azərbaycan hər an müharibəyə hazır olsun. Gələcəkdə müqəddəs vəzifəmizin təmin edilməsinə yardımçı olacaq təlimlər, sözsüz ki, müharibənin başlanmasına əsas hazırlıq mərhələsi kimi başa düşülməməli, şəxsi heyətdə döyüş hazırlığının yüksəldilməsi, vərdişlərin təkmilləşdirilməsi, ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılması kimi qəbul edilməlidir. Ancaq inkar etmək olmaz ki, yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə həyata keçirilən təlimlər torpaqlarımızın azad edilməsi naminə şəxsi heyətin döyüş hazırlığının artırılmasına xidmət edir.
Bu gün Azərbaycan Ordusu müxtəlif formalı təlimlərə üstünlük verməklə döyüş hazırlığını lazımi səviyyədə saxlamağa çalışır. Eyni zamanda təlimlər zamanı qoşunların döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, həmçinin maddi-texniki təminat məsələləri də yoxlanılır.
Beynəlxalq ictimaiyyətin müharibə ehtimalının olduğu bölgələr sırasında Qafqaz bölgəsi, xüsusilə Dağlıq Qarabağ ilk yerlərdən birini tutur. Eyni zamanda bir çox mütəxəssislər və politoloqlar bu ehtimal üzərində dayanır. Bütün bunlara baxmayaraq, ölkə Prezidenti İlham Əliyev yenə də danışıqlar limitinin bitmədiyini bildirir. Azərbaycanın həyata keçirdiyi hərbi təlimlər Ermənistanı da çox narahat edir.
Azərbaycan Ordusu aprel döyüşlərində gücünü düşmənə və onun havadarlarına göstərdi. Bu gün ordumuz Ali Baş Komandanın qeyd etdiyi kimi yenilməz ordudur: "...Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Aprel döyüşləri bunu bir daha göstərdi. Bu, böyük tarixi qələbə idi. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik".
Bu gün ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyir. Ancaq bu, Ermənistan rəhbərliyinin sülh danışıqlarından boyun qaçırması səbəbindən reallaşmır. Azərbaycan və Ermənistan liderlərinin xeyli sayda görüşlərinə baxmayaraq, Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli bir irəliləyiş təmin edilməyib. Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən hazırlanan yenilənmiş Madrid prinsiplərinin qəbulunda zaman baxımından strateji davranması, Azərbaycanı alternativ həll axtarışına vadar edir. Azərbaycan 7 il bundan əvvəl hərbi doktrinasını qəbul etdi. Bu isə imkan verdi ki, Azərbaycan özünün milli təhlükəsizliyi baxımından siyasi, hərbi, iqtisadi, psixoloji üstünlüyə malik olsun.
Bu gün dünyada mövcud olan və ayaqda durmağı bacaran ölkələrin hamısı öz milli və hərbi təhlükəsizlik maraqlarını qorumağa çalışır. Bu baxımdan Azərbaycan indiki məqamda, Ermənistanın təhdidi ilə üz-üzə qaldığı bir zamanda milli və hərbi təhlükəsizliyinə xüsusi diqqət yetirir. Ölkənin iqtisadi inkişafı nəticəsində yeni silah və texnologiyaların alınması və istehsalı, ən vacibi daxili sabitliyin təmin edilməsi ilə düşmənə qarşı hərbi güc tətbiqi get-gedə əhəmiyyət qazanmağa başlayır. Silahlı Qüvvələrimizin uğurları da dünya dövlətlərinə diqtə edir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Bizim ölkə olaraq məqsədimiz, öz milli maraqlarımızı yüksək səviyyədə qorumaq, təhdidlərə qarşı barışmaz olduğumuzu dünya ictimaiyyətinə sübut etməkdir.
Azərbaycanın sahib olduğu iqtisadi imkanlar da bizə üzləşdiyimiz problemləri həll edə bilmək imkanı verir. Bu iqtisadi imkanlar müdafiə xərclərində əhəmiyyətli artım və hərbi sənayemizin inkişafına zəmin yaradıb.
Hərbi istiqamətdə olan uğurlarımız, Azərbaycanın hərbi büdcəsində görünən artım Ermənistanda narahatlıq doğurmaya bilməz.
Milli təhlükəsizliyin və milli gücün geniş əhatəsi, beynəlxalq əlaqələr və siyasət baxımından söz mövzusu olan təlimlər Şimaldan Cənuba doğru müəyyən narahatlıqlar doğurur. Azərbaycanın hərbi və milli təhlükəsizlik siyasəti, ərazi bütövlüyünün qorunması prinsipinə əsaslanır və iki əhəmiyyətli sənəddə bu fikir öz əksini tapıb. 2007-ci ilin mayında nəşr olunan "Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası" və 2010-cu ilin iyununda hazırlanmış "Azərbaycanın Hərbi Doktrinası" Azərbaycan Silahlı Qüvvələrinin infrastrukturunun, texniki təchizatının və müdafiə qabiliyyətinin NATO standartlarına uyğunlaşdırılması günün ən vacib tələblərindən biridir. Bununla Azərbaycan özünün müdafiə siyasətinin modernləşdirilməsinə xüsusi əhəmiyyət verir. Gözlənilən təhlükə və təhdidləri aradan qaldırmağı qarşıya məqsəd qoyan Azərbaycan ikitərəfli (Türkiyə-Azərbaycan), üçtərəfli (Türkiyə-Azərbaycan-Gürcüstan) və çoxtərəfli NATO təlimlərinə üstünlük verir. Bu, eyni zamanda ölkəmizin dünyanın ən böyük və qüdrətli hərbi təşkilatı olan NATO ilə hərbi əməkdaşlığına da təminatdır.
Müharibə ölkənin inkişafına güclü mənfi təsir edən vasitədir. Azərbaycan torpaqlarının işğalda olması, bölgənin sürətlə militarizasiyası, regionda mütəşəkkil cinayətlərin və terrorizmin doğurduğu çətinliklər, bir sıra daxili və xarici faktorlar milli təhlükəsizliyi təhdid edir. Bütün bunların qarşısını almaq üçün Azərbaycanın milli maraqlarını, yəni, bütövlükdə cəmiyyətin və dövlətin maraqlarını nəzərə almaq lazımdır.
Azərbaycanın milli maraqlarını ümumi olaraq bu şəkildə sıralamaq olar:
- dövlətin ərazi bütövlüyünün qorunması, beynəlxalq hüquqla tanınmış sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi;
- Azərbaycan xalqının həmrəyliyinin təmin edilməsi,
- Azərbaycançılıq ideologiyasının təşviqi;
- demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi;
- Azərbaycan vətəndaşlarının maraqlarının və hüquqlarının, həm daxildə, həm də xaricdə ən yüksək səviyyədə qorunması;
- ölkənin təbii qaynaqlarından istifadə edilərək iqtisadi sabitliyin təmin edilməsi, təhsil və texnoloji inkişaflara uyğunlaşdırmaq yolu ilə Azərbaycan xalqının layiq olduğu ən yaxşı səviyyədə həyat şərtlərinin təmin edilməsi;
- beynəlxalq siyasətdə sabit, demokratik bir dünya nizamının ortaya çıxmasına kömək edilməsi və bu mövzuda təsirli olunması.
Bundan başqa Azərbaycan milli maraqlarına qarşı olan və eyni zamanda aşağıda göstərilən təhdidləri nəzərə almalıdır:
- Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü aradan qaldırmaq cəhdləri;
- hüququn üstünlüyü və ictimai təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənən mənfi fəaliyyətlər;
- etnik, siyasi və dini fundamentalizm;
- terror və kütləvi qırğın silahlarının yayılması;
- regional münaqişələr və sərhəd sonrası cinayətlər;
- Azərbaycanın enerji infrastrukturuna istiqamətlənən fəaliyyətlər;
- iqtisadi qeyri-sabitlik;
- regional hərbi mərkəzləşmə.
Bütün bu söylədiklərimizi ümumi bir ifadə ilə belə qeyd edə bilərik ki, Azərbaycan hərbi baxımdan Silahlı Qüvvələrin inkişafını diqqətdə saxlamalı, ölkənin ərazi bütövlüyünün zamanında və lazım olduğu anda "asimmetrik" təhdidlərə qarşı cavab verəcək şəkildə modernizasiyası prioritetli hədəf olaraq davam etdirilməlidir.
Bir sözlə, Azərbaycanda intensiv təlimlərin kecirilməsi günümüzün tələbi, ordu quruculuğunda əhəmiyyət kəsb edən əsas amillərdəndir. Deməli, reallıq təlimlərin keçirilməsini labüdləşdirir və təlimlər günümüzün reallığına çevrilir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"