Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:07

İşğalın sonuna az qalıb...

"N" hərbi hissəsinin döyüş mövqeyindəyik. Düşmənlə üz-üzə  dayanan Vətən keşikçilərinin görüşünə gəlmişik. Şəxsi heyətlə tanışlığım zamanı baş leytenant İsmət Əvəzzadə tərxis  olunmağına sayılı günlər qalan əsgər Şamil Ağabəyovun nümunəvi xidmətindən danışır. Xidmətə gəldiyi ilk gündən məsuliyyətli, nizam-intizamlı olmasından, vətənpərvərliyi, qorxmazlığı ilə komandirlərinin və silahdaşlarının rəğbətini qazanmasından fəxrlə söz açır. "Gördüyünüz kimi, payız fəsli olsa da, artıq qar yağıb. Buranın sərt və uzun  keçən qışı olur. Hava şəraitinin sərtliyinə baxmayaraq əsgərlərimizin hər biri mərdliklə xidmət edir, döyüş növbəsində ayıq-sayıq dayanır. Nümunəvi xidməti ilə seçilən əsgərlərimizdən biri də  Şamil Ağabəyovdur. Bölmə komandiri kimi onunla fərdi söhbət apardığım bir məqamı xatırlayıram. Onda döyüş növbəsinə ilk dəfə çıxırdı. Bu məsuliyyətli və şərəfli vəzifəyə hazır olub-olmadığını soruşmuşdum.  "Komandir, ön xətdə xidmət edəcəyimi eşitdikdə çox sevindim. Əsgər üçün səngərdə xidmət etmək ən şərəfli vəzifədir. Orta məktəbdə adları ilə qürur duyduğum qəhrəmanlarımızın xatirəsi yaşayır bu yerlərdə. Bu gün ilk dəfə döyüş növbəsinə çıxıram, bu vəzifənin məsuliyyətini yaxşı başa düşürəm. Bizə güvənən vətəndaşlarımızı qoruyuruq. Növbəm zamanı ayıq-sayıq olacaq, diqqətimi bir an belə düşməndən çəkməyəcəyəm. Onlardan qətiyyən qorxmuram. Əmin ola bilərsiniz ki, mən bu vəzifənin öhdəsindən uğurla gələcəm" demişdi. Belə vətənpərvər oğullarla bir sırada xidmət etmək seçdiyim peşəyə olan sevgimi daha da artırır, mənə sonsuz ruh yüksəkliyi aşılayır. Şamil kimi mənəvi keyfiyyətlərə malik oğul böyütdükləri üçün valideynlərinə dərin minnətdarlığımı bildirirəm", - baş leytenant İsmət Əvəzzadə deyir.
Belə vətənpərvər igidi tanımağın sevincini mən də yaşayıram. Neçə-neçə qəhrəman oğullarımızın cəng yeri olan barıt qoxulu səngərdə onun kimi bacarıqlı əsgərlər torpaqlarımıza keşik çəkir, işğalçıları ata-baba torpaqlarımızdan qovacaqları günün arzusu ilə xidmət edirlər. Düşmən təxribata əl atdıqda, atəşkəsi pozduqda heç nədən qorxub çəkinmirlər. Vətən uğrunda canlarından keçməyə, şəhid olmağa hər an hazırdırlar. Əsgər Şamil Ağabəyov da məhz belə igidlərdəndir. Döyüş növbəsində dayanıb iti baxışlarını düşmən tərəfdən ayırmayan məğrur əsgərin baxışlarında Vətən sevgisi, düşmənə nifrət sezilir. Növbəni təhvil verdikdən sonra onunla söhbətləşirəm. Hərbi xidmətə gəldiyi ilk günlərdən danışır. "Hərbi formanı geyinib ilk dəfə sırada dayandığım gün çox sevincli idim. Əsgər olmaq hər bir gənc kimi, mənim də ən böyük arzum olub. Həmin gün artıq arzuma çatmışdım. Bundan sevincli nə ola bilər ki", - əsgər deyir. 
Ordu sıralarından tərxis olunmağa hazırlaşan müsahibim söhbətinə davam edərək komandirlərinin nəzərində nümunəvi əsgər adını qazandığı üçün qürur duyduğunu bildirir.
- Hərbi xidmətim dövründə silahlardan istifadə etməyi, döyüş hazırlığına və digər hərbi biliklərə yiyələndim, - deyir. - Həmçinin dözümlülük, mərdlik, qorxmazlıq kimi müsbət keyfiyyətlər qazandım. Yusif Şükürov, Yasin Muradov, Həsən Verdiyev... kimi dostlar tanıdım. Əsgərliyimi başa vursam da, torpaqlarımızın işğaldan azad olunması uğrunda silahdaşlarımla birlikdə döyüşə atılmağa hər an hazıram.
Şamilin nümunəvi xidmətinə görə komandanlıq tərəfindən həvəsləndirici məzuniyyətə də göndərildiyini öyrənirəm. Əsgər həmin gün keçirdiyi hisslərdən də danışır:
- Komandirimiz sıranın qarşısında nümunəvi xidmətə görə məzuniyyətə buraxıldığımı elan etdikdə qürur hissi keçirdim. Bunu sözlərlə ifadə edə bilmirəm. Evimizə gələndə ilk olaraq atamla qarşılaşdım.  Çox sevindi, təəccübləndi. Biləndə ki, nümunəvi xidmətimə görə əlavə məzuniyyətə buraxılmışam, gözləri doldu, məni yenidən bağrına basıb, "halal olsun sənə, oğlum, Vətənə layiqli övlad böyütdüyüm üçün mən də fərəhlənirəm!" dedi.
Düşmənlə təmas xəttində yerləşən bölmənin ürəkaçan şəraitini, Şamil Ağabəyov kimi nümunəvi xidmət edən gənclərimizi gördükcə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hər bir əsgərə, döyüşçüyə yüksək qiymət verdiyinin, diqqət və qayğı göstərdiyinin bir daha şahidi oluram. Əsgərlərimiz də onlara göstərilən qayğıdan fərəhlənir, daha da nümunəvi xidmət etməyə çalışırlar.
Onlar da əmindirlər ki, işğalın sonuna az qalıb...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"