Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:06

“Ordu bizim evimizdir”

"Ordu və cəmiyyət" rubrikasının qonağı Azərbaycan Yazıçılar Birliyinin müşaviri Rauf Aslanovdur.
Antik dövrdən müharibənin ədəbiyyata təsirindən danışan Rauf Aslanov qeyd etdi ki, zamanın hər dönəmində döyüşlərdə göstərilən qəhrəmanlıqlar əvvəlcə dastanlara çevrilib, sonra yazıya köçürülüb. "Dünyada  bir çox xalqların müharibə tarixini yaşadan qəhrəmanlıq dastanları  var. Bu dastanları hər bir xalq əvvəlcə şifahi olaraq nəsildən-nəslə ötürüb. Bu gün dünya ədəbiyyatında yüzlərlə qəhrəmanlıq dastanları mövcuddur. O dastanlar hər bir xalqın maddi mədəniyyət abidəsi sayılır. Xalqımızın da ədəbiyyat tarixində özünəməxsus yeri olan qəhrəmanlıq dastanları var. "Kitabi-Dədə Qorqud" epopeyası ilk yazılı abidəmiz, "Koroğlu", "Qaçaq Nəbi", Qaçaq Kərəm", "Səttarxan" isə nadir sənət inciləridir. Zaman-zaman Azərbaycan torpaqları  yadelli işğalçıların hücumuna məruz qalıb. Döyüşlərdə yağı düşmənə amansız olan ərənlərin haqqında qəhrəmanlıq dastanları yazılıb ki, onlar bu günümüzə qədər gəlib çıxıb.
Çağdaş ədəbiyyatımızın müharibə mövzusu isə Qarabağ müharibəsi ilə bağlıdır. 25 ildən artıqdır ki, şair və yazıçılarımız bu mövzuya dönə-dönə müraciət edirlər. Hər bir azərbaycanlının qəlbində Qarabağ nisgili və işğal altında olan torpaqlarımıza qovuşmaq arzusu var. İllərdir bu ağrı-acı, bu nisgil ədəbiyyatımıza sirayət edir və bu gün də etməkdədir".
Müşavir Azərbaycanın müharibə ədəbiyyatından danışarkən  oxucularımıza Böyük Vətən müharibəsi illərində qələmini süngüyə çevirən şair və yazıçılarımızın yaradıcılığından bəzi məqamları xatırlatdı: "Görkəmli şairlərimizdən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli və başqaları müharibənin ən qızğın vaxtında əsgərlərlə görüşə gediblər, onların qəhrəmanlığını, hünərini tərənnüm ediblər. Günlərlə döyüş meydanlarında cəbhə qəzeti buraxıblar. Tanınmış yazıçılarımızdan isə İsmayıl Şıxlı, Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Qılman İlkin o dövrdə nəşr olunan qəzetlərdə cəbhədə döyüşən əsgərlərin rəşadətindən, şücaətindən  bəhs edən məqalələr yazıblar. "Vətən keşiyində", "Sıravi Əhməd", "Ana və poçtalyon",  "Leninqrad göylərində", "General" və başqa əsərlər müharibə ədəbiyyatımızın ən gözəl nümunələridir".
Söhbətimizi davam etdirərək ordumuzun aprel qələbələrindən böyük həvəslə danışan Rauf müəllim vurğuladı ki, atəşkəsdən 22 il sonra   Azərbaycan və dünyada yaşayan bütün azərbaycanlılar aprel zəfərini bayram etdi. "Peşəkar hərbçilərimizin döyüş bacarığı, qəhrəmanlıqları xalqımızda ruh yüksəkliyi yaratdı. Düşmənə əks-həmlə ilə cavab verən ordumuzun gücü bir daha onu göstərdi ki, Ali Baş Komandan əmr verərsə, işğaldakı torpaqlarımız tez bir zamanda azad edilər. Düzünü deyim ki, aprel döyüşlərinədək ədəbiyyatda sanki bir durğunluq yaranmışdı, bir süstlük vardı. Sanki qələbəyə tamarzı idik. Ordumuzun aprel zəfəri bu həsrətə son qoydu.
Erməni işğalçıları tərəfindən zəbt edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 1994-cü ildə Horadiz əməliyyatı nəticəsində azad olunmasına baxmayaraq, düşmən qüvvələrinin yaratdığı təhlükə aprel hadisələrindən sonra aradan qaldırıldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı çənab İlham Əliyevin Cocuq Mərcanlı kəndinin yenidən bərpası ilə bağlı məlum sərəncamı qaçqın və köçkünlərimizdə öz doğma yurd yerlərinə qayıdacaqlarına ümidi bir daha artırdı. Qeyd etməliyəm ki, bütün bunlar xalqımızın müharibə tarixini, qəhrəmanlıq tarixini ədəbiyyata gətirəcək məqamlardır".
Keçən il oktyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovla  görüşdə  ziyalılar, şair və yazıçılardan ibarət böyük bir nümayəndə heyətinin tərkibində təmsil olunduğunu deyən R.Aslanov bildirdi ki,  belə tədbirlərin ədəbiyyatın inkişafına da böyük təsiri vardır. "Əvvəlcə qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasına  sədr seçilən  xalq yazıçısı Nəriman Həsənzadə fəaliyyətinə birinci olaraq ordu ilə əməkdaşlıqdan başladı. O dedi ki, biz ilk öncə ordu ilə sıx əlaqələr yaratmalıyıq. Hərbi hissələrə gedib Vətənin müdafiəsində dayanan hərbçilərimizlə vaxtaşırı görüşməliyik. Yeni nəşrlərimizi onlara hədiyyə etməliyik. Bu məqsədlə AYB-nin Ağsaqqallar Şurası Müdafiə Nazirliyinə müraciət etdi. Müraciətimiz müsbət qarşılandı və ordu rəhbərliyi ilə görüş gerçəkləşdi. Ölkənin tanınmış elm xadimləri, şair və yazıçıları ilə Müdafiə nazirinin görüşməsi, bir masa arxasında aprel döyüşləri və mövcud vəziyyətlə bağlı geniş söhbətlər aparması, həqiqətən də, tarixi bir hadisə idi. Bu görüş zamanı qərara aldıq ki, ordu-ziyalı  birliyini daha da möhkəmləndirək və əlaqələrimizi genişləndirək. Hər birimiz bu görüşdən xoş təəssüratlarla ayrıldıq".
Müşavir ötən bir il ərzində ordu ilə əlaqəli gördükləri işlərdən də ətraflı danışdı: "Əvvəlcə  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yazıçılar Birliyi ilə 2017-ci ildə keçiriləcək birgə tədbirlər planı təsdiqləndi. Qısa vaxtda müəlliflərin öz avtoqrafları yazılmış çoxlu sayda ədəbiyyat topladıq. Sonra Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi  Zabitlər Evində Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın hərbçilərlə görüşü keçirildi. Görüşdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, xalq yazıçıları Anar, Nəriman Həsənzadə  hərbçilər qarşısında çıxış edərək ordu-ziyalı əlaqələrinin vacibliyini vurğuladılar.  Həmin tədbirdə topladığımız ədəbiyyatları Mərkəzi Zabitlər Evinə təhvil verdik. Eyni zamanda hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində ziyalılar, şair və yazıçılarımızla hərbi vətənpəvərlik tədbirləri  təşkil olunub. Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu" qəzetinin "Ordu və cəmiyyət" rubrikasında elm xadimlərimizin, tanınmış şair və yazıçılarımızın söhbətləri dərc olunub və digər planda nəzərdə tutulan işləri birlikdə həyata keçirmişik."
Son illər orduda  aparılan genişmiqyaslı islahatlardan da söhbət açan Rauf müəllim bildirdi ki, ordu digər güc strukturlarından fərqlidir. "Fərqlidir, ona görə ki, hər kəsin ailəsindən, qohumundan, yaxın qonşusundan olan gənclər orduda xidmətdədirlər. Bəli, biz hərbi deyəndə elə bilirik ki, ailə oradadır. Artıq mənim övladım hərbi xidmətini başa vurub. Bu gün qardaşımın nəvəsi əsgərdir. Vətənin ayıq-sayıq keşikçisidir. Ordu bizim qürur yerimizdir, ordu bizim evimizdir, bu gün monolit xalq-ordu birliyi mövcuddur. Hər zaman  xalqımız ordusunun, Ali Baş Komandanın yanındadır. Bu gün bizim ordumuz əvvəlki ordu deyil. Orduda müasir əsgər yataqxanaları tikilib, daha müasir hərbi şəhərciklər salınıb. Ordu daim güclü və müasir texnikalarla təchiz olunur".
Rauf müəllim onu da bildirdi ki, bir neçə il öncə bir qrup ziyalı, millət vəkili, tanınmış incəsənət və mədəniyyət xadimi, xalq yazıçısı Anar müəllim də daxil olmaqla, cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşlər keçirib, Milli Qəhrəman Mübariz İbrahimovun vaxtilə xidmət etdiyi postu ziyarət ediblər.
Bu günlərdə  də "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup yazıçının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər etdiklərini deyən müşavir vurğuladı ki, onlar hər iki məkanda silsilə tədbirlər keçiriblər. "Bu səfər birliyin "Canımız Qarabağ, yazımız Qarabağ" layihəsi çərçivəsində təşkil olunmuşdu. AYB-nin sədri, xalq yazıçısı Anar, AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi və başqa yazıçı, şairlər nümayəndə heyətinə daxil idilər. Biz əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini və "Aprel şəhidlərinin xatirə kompleksi"ni ziyarət etdik. Sonra şəhid Novruz Aslanovun adını daşıyan Cocuq Mərcanlı tam orta məktəbində şagirdlərlə görüş keçirildi."
Söhbətimizin sonunda Rauf müəllim əminliklə bildirdi ki, günü-gündən qüdrətlənən Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar davamlı  olacaq, işğalda olan tarixi torpaqlarımız tezliklə azad ediləcək və Cocuq Mərcanlı kimi digər torpaqlarımız da yenidən doğma sakinlərini ağuşuna alacaq.
Söhbəti apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"