Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:05

Azərbaycanın sülhməramlıları

Azərbaycanda ordu quruculuğu hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən yaradılan ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır.
Ordunun gücünü, hərbi qüdrətini yüksəltməklə yanaşı, Azərbaycan NATO ilə səmərəli əməkdaşlığa da üstünlük verir. Burada əsas məqsəd ordu quruculuğu prosesini təkmilləşdirmək, Azərbaycan Ordusunu modernləşdirmək və dünya standartlarına uyğunlaşdırmaqdır.
Bu gün ordumuzun nümayəndələri NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə dəyərli töhfə verir və sülhməramlı əməliyyatlarda fəal iştirak edirlər. Növbəti səfərimiz yüksək standartlara cavab verən, sülhməramlı əməliyyatlarda, rəsmi hərbi qonaqların qarşılanması və yola salınması prosesində zəhməti olan "N" hərbi hissəsinədir.
Ali Baş Komandan İlham Əliyevin bu hərbi hissənin açılışı zamanı söylədiyi fikirləri xatırlayıram: "Bu baza ən yüksək dünya standartlarına cavab verir, son illər ərzində Azərbaycanda yaradılmış ən böyük hərbi obyektlərdən biridir. ...Əminəm ki, ölkəmizin hərbi potensialının gücləndirilməsi üçün bu bazanın çox böyük əhəmiyyəti olacaqdır".
İlkin olaraq polkovnik Qədir Nəsibovla görüşürük. Polkovnik söhbət zamanı bildirir ki, müasir dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu xüsusi önəm kəsb edir. "Müdafiə Nazirliyinin rəhbərliyi də beynəlxalq əlaqələrə xüsusi dəyər verir. Güclü ordunun inkişafının əsas xüsusiyyətlərindən biri də beynəlxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadədir. Azərbaycan Ordusunun döyüş hazırlığında, müasir hərbi texnika və silahlarla təchizatında digər dövlətlərlə münasibətlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan hərbi hissəmizdə müxtəlif bölmələr fəaliyyət göstərir və xüsusi hərbi əhəmiyyət daşıyan funksiyalar həyata keçirilir. Hər bir bölmənin özünə aid spesifik təyinatları var və mühüm tapşırıqlar yerinə yetirirlər. Şəxsi heyətimizin bir qrupu Azərbaycan Respublikasını neçə illərdir ki, xaricdə layiqincə təmsil edir. NATO-nun, beynəlxalq hərbi təşkilatların rəhbərlərinin, eləcə də digər dövlətlərin başçılarının şəxsi heyətimizin xidmətləri barəsində dəfələrlə Ali Baş Komandan cənab İlham Əliyevə, Müdafiə naziri general-polkovnik Zakir Həsənova ünvanladığı təşəkkür məktubları fəaliyyətimizə verilən yüksək qiymətdir."
Bildiririk ki, məqsədimiz hərbi hissədə şəxsi heyətin günün nizam qaydasına uyğun olaraq bir günlük fəaliyyətini yaxından izləməkdi.
Beləliklə, günümüz əsgərlərin səhər “Qalx!” komandası ilə başlayır və əsgərlər fiziki hazırlıq prosesinə cəlb edilirlər. Sıra baxışından sonra şəxsi heyət səhər yeməyinə aparılır. Bundan sonra tədris saatı başlayır.  Müxtəlif media qurumlarını təmsil edən həmkarlarımla birlikdə tədris prosesini yaxından izləyirik.
Birinci daxil olduğumuz sinif otağında leytenant Ağaəli Bağırov patrul xidməti və onun təşkili haqqında məlumat verir: "Əfqanıstanda Azərbaycanı təmsil edən şəxsi heyətimizin əsas işi patrul xidmətinin üzərində qurulub. Patrul xidməti maşınlarla, piyadalarla və havadan helikopterlərlə aparıla bilər. Patrul xidmətinin həyata keçirilməsi üçün əvvəlcədən ərazinin relyefi öyrənilməli, əhali haqda məlumatlar əldə edilməli və ən nəhayət, təhlükəsizlik tədbirləri görülməlidir."
Atıcı silahların xüsusiyyətlələri haqqında dərs prosesi də həmkarlarımda xüsusi maraq doğurur. Baş leytenant Nizami Savzaxanov şəxsi heyətə avtomatın, tapançanın və digər silahların hissələri, həmin silahların istifadə qaydaları və taktiki-texniki xüsusiyyətləri barədə geniş məlumat çatdırır.
Baş leytenant Nəsir Həsənov isə gecəgörmə vasitələri və onların döyüş üstünlüklərindən şəxsi heyətə bəhs edir. Zabit bildirir ki, bu cihazlar gecə və məhdud görmə şəraitində düşmən ərazisini müşahidə etmək üçün nəzərdə tutulub.
Nəzəri tədris prosesi ilə tanış olduqdan sonra rəsmi qonaqların qarşılanması və yola salınmasında xüsusi əməyi olan bölmənin şəxsi heyətinin praktiki məşq prosesini də izləmək imkanı qazanırıq. Quru qoşunları, hərbi hava qüvvələri və  hərbi dəniz qüvvələrinin geyimində olan şəxsi heyət şərti qonağın qarşılanması və yola salınması prosesini məşq edir. Şəxsi heyət silahla davranma üsullarını da həyata keçirir.
Bundan sonra şəxsi heyətin nahar yeməyini yaxından izləyirik. Baş aşpaz Adışirin Həsənov bildirir ki, hərbi hissənin ikimərtəbəli yeməkxanası müasir avadanlıqlarla təmin olunub: "Şəxsi heyət yüksək keyfiyyətli qida məhsulları ilə təchiz olunur. Peşəkar aşpazların əməyi sayəsində milli xörəklər hazırlanır. Hətta əsgərlərin yeməkləri seçim etmək imkanı yaranır. Məsələn, bu gün nahar yeməyinə toyuq qızartması, rizə kiftəsi, kiftə bozbaş, üç çeşiddə plov, kələm dolması, dovğa və müxtəlif növ salatlar hazırlanıb. Şəxsi heyət qəbul etdikləri qidaların hesabına gün ərzində 4900-5000 kalori ala bilir".
Yeməkxananın binasında yerləşən çörək sexi və onun iş prosesi ilə də yaxından tanış oluruq. Öyrənirik ki, çörək sexi İtaliyadan gətirilən avadanlıqlarla təmin olunub. Sexdə çalışan mülki işçilər gigiyenik qaydalara əməl edirlər. Burada şəxsi heyətin sayına uyğun olaraq çörək, bulka məmulatları bişirilir.
Əsgərlərlə birlikdə nahar etdikdən sonra hamam-camaşırxana-qazanxana kompleksinə üz tuturuq. Şəxsi heyətin sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks müasir standartlara cavab verir. Çirkli paltarların qaimə əsasında camaşırxanaya təhvil verilməsi, sayılması, çirklilik dərəcəsinə görə çeşidlənməsi, yuyulması, qurudulması, ütülənməsi və nəhayət, təmiz paltarların təhvil verilməsi prosesini izləyirik.
Əşya xidmətinin rəisi zabit Abbasəli Mustafayev həftədə üç dəfə hamam günü keçirildiyini bildir: "Həmin günlərdə növbətçi feldşer, hamam növbətçisi və hamama nəzarət edən şəxsin nəzarəti ilə şəxsi heyət yuyunduqdan sonra sanitar-gigiyenik qaydalara əməl olunur və təmizlik yüksək səviyyədə qorunur".
Sonra sülhməramlıların Əfqanıstanda mühafizə etdikləri obyektin hərbi hissədə qurulan şərti maketində gedən məşq prosesinə diqqət edirik.
Budur, mülki avtomobil ilkin yoxlama nöqtəsinə yaxınlaşır. Əsgərlər avtomobilə vizual baxış keçirirlər. Sonra maşındakı şəxslər bir-bir sülhməramlı kontingentin əsgərinə yaxınlaşır. Şəxslər kartlarını təqdim edirlər və müvafiq yoxlamadan sonra avtomobilə əyləşirlər. Növbəti yoxlama məntəqəsində isə avtomobil skaynerdən keçir. Bu zaman partladıcı maddələrin və yaxud da narkotiklərin olub-olmaması yoxlanılır. Ən nəhayət, əsgərlər tərəfindən güzgü ilə avtomobilin alt hissəsi yoxlanılır.
Zabit Teyfur Rüstəmov söhbət zamanı bildirir ki, şəxsi heyətimiz Əfqanıstan İslam Respublikasındakı Həmid Kərzai adına Beynəlxalq hava limanının Şimal terminalında NATO qüvvələrinin tərkibində qulluq edir. Şəxsi heyətimiz 52 dövlətdən olan 5000-ə yaxın sülhməramlı kontingentin, NATO hərbi qüvvələrinə məxsus hərbçilərin, yüklərin və sərnişinlərin dislokasiyasına nəzarət edir.
Bu gün sülhməramlılarımız Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirilən "Qətiyyətli Dəstək" missiyası çərçivəsində mühüm vəzifə yerinə yetirir və onların nümunəvi xidməti, peşəkarlığı daim yüksək qiymətləndirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən fəaliyyətə başlayıb. Hazırda 90 hərbi qulluqçumuz, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit bu missiyada iştirak edir.
Sonda şəxsi heyətin "Həyəcan" siqnalı ilə qaldırılması məşqini yaxından izlədik. Və bu zaman şəxsi heyətin, döyüş texnikasının və avtomobillərin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi proseduru haqqında geniş məlumat aldıq. Döyüş hazırlığı qabiliyyətinin yoxlanılmasına xidmət edən bu məşq hər birimizdə xoş təəssürat və inam yaradır.
Əminliklə deyə bilirik ki, bu gün xalqımızın mühüm nailiyyətlər əldə edən Azərbaycan Ordusu ilə öyünməyə haqqı çatır. Bu nailiyyətlər ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsidir. Məhz buna görə də ordumuz regionda peşəkarlıq və təminat baxımından öndədir.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR