Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2017 09:42

“Musiqi ilə yaşayıram”

Musiqi dünya mədəniyyətinin bir hissəsi kimi bəşər övladı ilə birlikdə meydana gəlib. İnsan nitq vasitəsilə ifadə edə bilmədiyini musiqinin köməyi ilə çatdırıb. Musiqi həyatın özüdü, daha doğrusu, insanların, bütün canlıların həyat simfoniyasıdı. Elə bil, dünyada küləklər də musiqi ilə əsir. Diqqət yetirsən nəğməkar bulaqların həzin pıçıltısında da min bir məna taparsan, həzin musiqi dinləyərsən. Səhərin qızaran dan yeri də, günəşin dağların arxasına çəkilib qürub etməsi də şirin bir nəğmədir. Körpəsini ovutmaq üçün beşik başında səslənən sehrli ana laylası da gerçək bir həyat əsərini xatırladır. Fəslin, məkanın, hisslərin, duyğu və arzuların, bütün insanların eyni dildə danışdığı yeganə vasitədir musiqi.
Bu gün haqqında danışacağım Əlahiddə Nümunəvi Hərbi Orkestrin solisti gizir Kənan Akif oğlu Qədimov gözəl səsə malik ifaçılardandı. Onun səsi insanı başqa bir aləmə, yəni, xəyal aləminə aparır. Bu səs bizə dahi Müslüm Maqomayevi xatırladır. Təsadüfi deyil ki, MDB ölkələri arasında keçirilən "Katyuşa" festivalında digər millətin nümayəndələri də ona "Müslüm" deyə müraciət ediblər.
"Hər bir solist ifası ilə musiqiyə yeni nəfəs gətirməlidir, hər yazılan musiqi isə tamaşaçının qəlbinə təsir etməli və həyəcanlandırmalıdır", - deyə istedadlı solist Kənan Qədimov bizə sirli-sehrli sənət dünyasından danışdı. - 20 iyun 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. 7 yaşımdan Sumqayıt Musiqi Kollecində skripkanın sirlərini öyrənmişəm. Valideynlərimin incəsənətə sonsuz həvəsi, eyni zamanda daxilimdə musiqiyə olan sevgi məni bu sənətə gətirib.
- Valideynlərinin incəsənətə bağlılığı, musiqiyə olan sevgin skripkaçı olmağına yardımçı olub. Bəs, vokal sənətinə gəlişin...
- Skripka üzrə 4 il təhsil aldıqdan sonra kəşf etdim ki, səsim var. Ona görə də "Yeni Ulduz" müsabiqəsinə qatıldım. Müsabiqədən sonra valideynlərim də, müəllimlərim də bildirdilər ki, bu səsi məhv etməyə sənin mənəvi haqqın çatmır. Uzun götür-qoydan, böyük sənətkarlarımızdan biri Xalq artisti Xuraman Qasımovanın xeyir-duasından sonra Azərbaycan Milli Konservatoriyasına daxil olmaq qərarına gəldim.
- Belə çıxır ki, vokal üzrə müəllimin ustad vokalçılarımızdan biri Xuraman Qasımova olub?
- Xeyr. Ötən illər əzrində bir vokalist müəllimim olub. O da Solmaz xanımdır. Onun sayəsində vokal sənətinin sirlərini öyrəndim, Azərbaycan Milli Konservatoriyasına daxil oldum. İtaliyada, Macarıstanda, Avstriyada və dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının qalibi oldum.
- Sənin üçün həmin müsabiqələrdən ən yadda qalanı hansıdır?
- Nalçikdə keçirilən musiqi festivalı yaddaşımın dərinliklərində gözəl bir iz buraxıb. Həmin festivalda fransız mahnısı Notre Dame de Paris "Belle"ni və xalq mahnımız "Sarı gəlin"i ifa etdim. Birinci mahnıda Kvazimoda obrazında vokal, ikincidə isə tamamilə fərqli janrda ifalarım dinləyicilərin təəccübünə və alqışına səbəb oldu. Ancaq ən maraqlısı və yadda qalanı o idi ki, ermənilərin (konsertin səs rejissoru ermənilər idi) orada "fəaliyyəti" sayəsində "Sarı gəlin" mahnısını ifa edəndə texniki qüsur baş verdi. Tərəddüd etmədən zalın auditoriyaya yaxın olan hissəsinə gəlib pianinonun müşayiəti ilə mahnını mikrafonsuz oxumağa başladım. Bu gözlənilməz hərəkətim zalda sürəkli alqışlara səbəb oldu və sonda münsiflər tərəfindən ədalətli qiymətimi aldım -  birinci yerə layiq görüldüm.
- Kənan Qədimov özünü musiqisiz təsəvvür edirmi?
- Kənan Qədimovun həyatı birbaşa musiqiyə bağlıdı, daha doğrusu, musiqi həyatımın mənasıdır. Musiqi dühası Nikkolo Paqanini deyirdi: "Mən musiqi ilə yaşayıram. Bütün hiss etdiklərimi - duyğularımı, arzularımı musiqiyə köçürürəm".  Hər günümün səhəri musiqi ilə açılır, gecəsi musiqi ilə başa çatır. Adətən yuxudan Şopenin məşhur etüdü ilə qalxıram, gün ərzində musiqi dinləyirəm və axşam təmsil olunduğum musiqi qrupu ilə birlikdə konsert proqramlarında iştirak edirəm.
- Musiqiçi kimi hansı bəstəkarların əsərlərinə müraciət edirsən?
- İnstrumentalçı olduğumdan əsasən bəstəkar Vivaldinin, Paqaninin əsərlərinə üstünlük verirəm. Ancaq Azərbaycan bəstəkarlarından Cahangir Cahangirovun, Elza İbrahimovanın, Tofiq Quliyevin əsərlərini də dinləyirəm. Daha çox Elza xanımın əsərləri ruhuma yaxındır.
- Bəs müğənnilərdən kumirin kimdir?
- Həyatda yeganə kumirim ölməz sənətkarımız Müslüm Maqomayevdi. O insanın səhnədə duruşu, səsi əvəzedilməzdi. Otağımın hər bir guşəsini onun şəkilləri bəzəyir. Mənim üçün o musiqi dünyasının birincisidir. Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri danılmazdır. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaratdı. Müslümün xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı yorulmadan dinlədiyim mahnılar sırasındadı.
- Kumirin olan insanı ifan zamanı təkrarlamağa çalışmırsan ki?
- Müslüm Maqomayev istənilən əsərə möhürünü elə vurub ki, onu o səviyyədə oxumaq, dinləyicilərə sevdirmək çox çətindi. Mənim də səsim baritondu. Qeyd etdiyim kimi onun yaradıcılığına o qədər bağlanmışam ki, əsərlərini ifa edərkən ustadın cazibə qüvvəsindən kənara çıxmağa çətinlik çəkirəm. Bəzi xırdalıqlarda dahi sənətkarımızı təkrarlasam da, bütün oxuduğum əsərlərdə ürəyimi qoymağa, özüm kimi ifa etməyə çalışmışam.
- Yaxşı müğənni və ya solist olmaq üçün daha çox nə tələb olunur?
- Oxumaq üçün ilk növbədə Tanrının bəxş etdiyi səs lazımdı. Ondan sonra təhsil, zəhmət və təcrübə istənilən istedadın tezliklə üzə çıxmasına səbəb olur. Ali təhsil aldığım müddətdə əsasən vacib nəzəri bilikləri mənimsədim. Amma hesab edirəm ki, musiqiçi kimi formalaşmağımda təcrübəm və zəhmətim xüsusi rol oynayıb. İştirak etdiyim bütün festivallarda hər bir millətin musiqiyə və səsə yanaşma tərzini öyrəndim, millətlərin səs məşqini dinlədim.
- Söhbətindən hiss edirəm ki, festivallarda hər bir millətin səs məşqinə xüsusi diqqət verirsən. Maraqlıdır, musiqi dinləyən zaman səni musiqi, söz, yoxsa səs daha çox cəlb edir?
- İlk növbədə bəstəkarın musiqiyə yanaşması mənim üçün maraqlıdı. Sönra sözlərə diqqət edirəm. Yəni, əsasən musiqi və söz məni cəlb edir. Bu vəhdət təşkil edirsə, əsər ruhuma yaxındırsa, onu mənimsəməyə çalışıram. Amma Şərqli olduğumuzdan Şərqin musiqisi də qanımızdadı, bununla belə Qərb musiqisi də məni cəlb edir.
- Musiqi dünyası və hərb sənəti. Bu iki fərqli sənəti bir araya gətirməkdə çətinliyin olmadı?
- Uşaqlıqdan hərbçi görəndə, hərbi formaya baxanda ürəyimdən keçirdi ki, görən nə vaxtsa bu formanı geyinmək mənə də nəsib olacaq? Konservatoriyanı bitirdikdən sonra hərbi xidmətə getdim. Onda 24-25 yaşım vardı. Formanı birinci dəfə geyinəndə uşaq kimi sevinirdim. Əsgəri xidmətim Əlahiddə Nümunəvi Hərbi Orkestrdə keçib. Hərbi xidmət müddətində iştirak etdiyim tədbirlərdə rəhbərlik tərəfindən bəyənildim. Komandanlıq tərəfindən təklif olundu ki, Hərbi Orkestrin solisti olmaq arzun varsa, qal, xidmətini davam etdir. Mən də razılaşdım. 2015-ci ildən Hərbi Orkestrin giziriyəm.
- Hərbi Orkestrdə hansı uğurların olub?
- Xarici ölkələrin nümayəndələrinin qarşılanması və yola salınması tədbirlərində çox iştirak etmişəm. Azərbaycanda keçirilən vətənpərvərlik festivalında 2-ci yerə layiq görülmüşəm. Bu yaxınlarda isə MDB ölkələri arasında keçirilən "Katyuşa" festivalında "Vivat Pobeda" nominasiyası üzrə üçüncü yer tutmuşam.  
- Azərbaycanı hərbçi kimi xaricdə təmsil edərkən hansı hissləri keçirirsən?
- Bir vətəndaş kimi, bir hərbi qulluqçu kimi Azərbaycanı təmsil etmək böyük şərəfdir. Qürur hissi duyuram ki, Azərbaycanı layiqincə təmsil edirəm. Münsiflər heyəti və konsertin təşkilatçıları da məndən çox razı qaldıqlarını bildirdilər. Rusiyada olan kursantlarımız, səfirliyimizin hərbi attaşesi də həmin konsertdə məni dinləməyə gəlmişdi. Qazanılan uğuru özümün deyil, Azərbaycan Ordusunun bütün şəxsi heyətinin uğuru hesab edirəm.
- Məncə, Azərbaycan Ordusunun şəxsi heyətinin ən böyük uğuru böyük Qələbə olacaq...
- O qələbəni hər birimiz səbirsizliklə gözləyirik. Ən böyük arzumuz odur ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanan Azərbaycan bayrağı Şuşada, Xankəndidə tezliklə dalğalansın. Mahnılarımı tarixi torpaqlarımızda səsləndirmək  həyatımda ən böyük arzumdur. Bu yolda bütün hərbçilərimizə yalnız Qələbə arzulayıram.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar N.PƏNAHOVUNDUR