Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Noyabr 2017 10:31

Konstitusiya - dövlətin Əsas Qanunu

Azərbaycan Prezidenti İlham ƏLİYEV:
...Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.

Hər bir ölkənin tarixində ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri də Konstitusiyanın, yəni, dövlətçiliyin və cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan əsas qanunlar toplusunun qəbul edilməsidir.
Azərbaycan 20-ci əsrin əvvəllərində öz müstəqilliyinə qovuşdu. Çox qısa  dövrdə  əsas dövlət atributlarına mənsub olan xalqımız  mürəkkəb tarixi şəraitin doğurduğu çətinliklər səbəbindən öz Konstitusiyasını yaratmağa imkan tapmamışdı. 1917-ci ilin sosialist inqilabı isə bir çox millətlər kimi bizim də azadlığımızı əlimizdən aldı. Keçmiş sovetlər dövründə Azərbaycan müttəfiq bir respublika olaraq dörd dəfə öz Konstitusiyasını qəbul etsə də, çox təəssüf ki,  bu hüquqi sənədlərdə xalqımıza xas olan milli dəyərlər öz əksini tapa bilməmişdi, çünki xalqın iradəsi nəzərə alınmadan hazırlanan qanunlar əsasən Sovet ideologiyası ruhunda yazılırdı.
1991-ci ildə Azərbaycan müstəqil dövlətçiliyini yenidən bərpa edə bildi. İlk illərdə dövlətin qeyri-peşəkar siyasətçilər tərəfindən idarə olunması cəmiyyətin bütün sahələrində olduğu kimi, qanunvericilik bazasında da boşluq yaratmışdı. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqın təkidilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində vacib islahatlar həyata keçirildi. 1994-cü ildə Ulu Öndərin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı, qanunlarımız milli ruhda hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycanın Əsas Qanunu qəbul edildi. Dövlətin fəaliyyətini tənzimləyən belə bir mükəmməl Konstitusiyanın hazırlanması bir həqiqəti də sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu tarixi sənədin mahiyyətini təhlil edərək deyirdi: "Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk, tamamilə sərbəst, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır".
5 bölmə, 12 fəsil və 158 maddə həcmində qəbul edilən Əsas Qanunumuzun əksər hissəsi, daha doğrusu, üçdən biri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Təkcə bu fakta əsaslanıb Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət olduğunu söyləmək mümkündür. Əlbəttə, bu mühüm qanunvericilik bazası  hazırlanarkən inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi, həmçinin, xalqımıza xas olan humanist dəyərlər nəzərə alınıb. "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" ifadəsi dövlətin idarə olunmasında ölkə vətəndaşlarının iradəsinin nəzərə alındığını göstərir. Prezident və parlament seçkilərinin şəffaf və tam demokratik şəraitdə keçirilməsi də Konstitusiyamızda öz əksini tapıb, birmənalı şəkildə qeyd olunub ki, bütün seçkilərdə xalq öz istəyini azad surətdə ifadə etmək hüququna malikdir. Belə humanist dəyərlər əsasında hazırlanan Əsas Qanunumuz müxtəlif beynəlxalq səviyyəli ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Vətənimizin ərazi toxunulmazlığı və sərhədlərimizin qorunması da Konstitusiyada tam ifadə olunub. Qeyd olunub ki, Azərbaycanın sərhədləri heç bir müdaxilə yolu ilə dəyişdirilə bilməz və onun qorunması dövlətə məxsus olan silahlı birləşmələr tərəfindən təmin edilir.
"Vətəndaşların əsas vəzifələri" bölməsinin 76-cı maddəsində göstərilir: "Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər". Göründüyü kimi, Vətənimizin etibarlı müdafiəsi, dövlətin əsas dayaqlarından biri kimi orduya diqqət göstərilməsi Konstitusiyada şərh olunub. Deməli, torpaqlarımızın müdafiəsində dayanmaq və ölkəni xarici hərbi müdaxilələrdən qorumaq hər bir vətəndaşın konstitusion borcudur. Əgər vətəndaş qanunla müəyyən edilən yaş həddində hərbi xidmətə cəlb edilirsə, bu, onun Qanun qarşısında öhdəliyidir və hamı bu vəzifəni mütləq yerinə yetirməlidir. Son dövrlərin statistikası göstərir ki, Azərbaycan gəncləri hərbi xidmətdən boyun qaçırmır. Bu fakt dövlətimiz tərəfindən məqsədyönlü ordu quruculuğu siyasətinin həyata keçirildiyini, hərbi birləşmələrdə qanunçuluğa və nizamnamələrin tələblərinə ciddi əməl edildiyini, habelə gənc nəsildə Vətənə, dövlətə və xalqa sədaqət hisslərinin yüksək olduğunu deməyə əsas verir. Azərbaycan gəncləri ictimai və dini mənsubiyyətindən asılı olmayaraq orduda xidmət etməyi  ən mühüm vətəndaşlıq borcu hesab edir və hərbi xidmət müddətində Vətəni qorumağın sirlərinə dərindən yiyələnirlər. Bu yaxınlarda cəbhə xəttində olarkən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində yeniyetmələrlə söhbətimizdə onların əksəriyyəti hərbə maraq göstərdiklərini və gələcəkdə müxtəlif hərbi peşələrə yiyələnmək arzusunda olduqlarını bildirdilər. Deməli, hər bir azərbaycanlıda hərbi xidmətə şüurlu münasibət formalaşıb.
Konstitusiyamızda Silahlı Qüvvələr və digər hərbi birləşmələrlə bağlı prinsiplər də öz əksini tapıb. "Dövlətin əsasları" fəslinin 9-cu maddəsində deyilir:
1. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
2. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münasibətlərin həll üsulu kimi müharibəni rədd edir.
3. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Bu maddənin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz ordusunu yaratmaqla heç bir qəsbkarlıq niyyəti güdmür, yalnız öz torpaqlarını təcavüzlərdən qorumağı yeganə məqsəd hesab edir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan üçün ordu quruculuğunu inkişaf etdrmək və hərbi potensialı artırmaq beynəlxalq hüquqla tanınan ərazilərinin işğaldan azad edilməsindən irəli gəlir. Bəzən müxtəlif dövlətlərin rəsmiləri ölkəmizi sürətlə silahlanmada və hərbi gücünü artırmaqda ittiham edirlər. Amma Prezidentimizin qeyd etdiyi kimi, yaxşı olardı ki, nüfuz sahibləri ikili standartlardan əl çəkib dünyada baş verən bütün münaqişələrə ədalət prizmasından münasibət göstərsinlər. Azərbaycan bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirərək üzləşdiyi münaqişənin sülh yolu ilə həllinə yetərincə səy göstərir. Təəssüf ki, işğalçı Ermənistan öz havadarlarına arxalanıb qəsbkarlıq niyyətindən əl çəkmir. Bir fakta diqqət yetirək: münaqişənin ədalətli həlli istiqamətində Azərbaycanın dövlət rəhbərliyi hər dəfə öz imkanlarını əsirgəmir, amma Ermənistan rəsmiləri qeyri-konstruktiv mövqelərindən əl çəkmirlər. İnsan hüquqlarından, demokratiyadan ağızdolusu danışan güclər isə buna nədənsə göz yumurlar. ATƏT və BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr bəzi bölgələrdə öz həllini qısa bir vaxtda tapdığı halda, Azərbaycanın üzləşdiyi hərbi münaqişə 25 ildir ki, həll edilmir. Nəyə görə? - güc sahibi olan dövlətlər bu məsələyə laqeyd yanaşırlar.
Azərbaycan Respublikasında hakimiyyət bölgüsü də dünyəvi dəyərlər və qabaqcıl təcrübələr əsasında öz həllini tapıb. Ölkənin icra hakimiyyəti Prezidentə,  qanunvericilik hüququ isə parlamentə məxsusdur. Ədalət mühakiməsi tam müstəqil olan və toxunulmazlığı dövlət tərəfindən təmin edilən məhkəmələr tərəfindən həyata keçirilir. Burada da məsələnin əsas mahiyyəti ondadır ki, hakimiyyət xalqa məxsusdur və  qərarlar xalqın iradəsi ilə qəbul edilir. Məhz bu cəhətdən bütün qanunlar insanların istək və arzularını ifadə edir. Deməli, dövlətin məqsədi öz vətəndaşlarının firavanlığını təmin etməkdir.
Demokratik dəyərlərə əsaslanan Konstitusiyamızın təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bəzi addımlar atılıb və bütün bunlar da, əslində, hakimiyyətin idarə edilməsində müasir tələblərdən irəli gələn dəyişikliklərdir. Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə zəruri hüquqi islahatlar həyata keçirilib. 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq referendumlarında xalq haqlı olaraq hüquqi zəmində yenilikləri dəstəkləyib və dövlətin siyasi xəttinə fəal dəstəyini bildirib. Bu dəyişikliklərdə, əsasən icra mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub və insanlar öz hüquqlarının etibarlı təmin edilməsi məqsədilə referendumda fəal iştirak edərək dövlətin milli maraqlarını ifadə ediblər.
Ötən il keçirilən son referendumun nəticələrinə qiymət verən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan, doğrudan da, dünyada seçilən ölkələr sırasındadır. "Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır və ordu quruculuğu uğurla gedir". İndi beynəlxalq aləmdə nüfuza malik olan ekspertlər də öz təhlillərində izah edirlər ki, Azərbaycanda həyata keçirilən hüquqi və demokratik islahatlar dövlət və xalq birliyinin möhkəmlənməsinə, müstəqil Azərbaycanın sürətli inkişafına təminat verir.
Müstəqilliyimizin əsas dayaqlarından olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi də Azərbaycanın qüdrətli dövlət olaraq beynəlxalq aləmdə nüfuz sahibi kimi tanınmasına xidmət edir. Bu gün doğma ordumuzun sıralarında xidmət edən gənclər Konstitusiyamızdan irəli gələn tələbləri yetərincə dərk edərək Vətənimizə layiqincə xidmət etməyin məsuliyyətini dərindən başa düşürlər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordunun şəxsi heyəti qarşısında qoyduğu əsas tələb də məhz Vətənə, dövlətə və xalqa şərəfli xidmət nümunəsi göstərməkdən ibarətdir. Nazir əsgər və zabitlərlə görüşlərində tövsiyə edir ki, dövlət rəhbərliyinin və xalqın etimadını layiqincə doğrultmaq əsas vəzifədir. Bu gün təlim və məşğələlərdə döyüş səriştəsini artıran Azərbaycan Ordusunun şəxsi heyəti göstərilən etimadı əməli fəaliyyəti ilə doğrultmağa tam qadirdir.
Arif PƏNAHOV, "Azərbaycan Ordusu"