Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 12:04

“Bu yol canından keçməyə hazır olanların yoludu...”

Müsahibimiz ordumuzun vətənpərvər zabitlərindən biri baş leytenant Xalid Zahir oğlu Məmmədzadədir. 1993-cü ildə Saatlı rayonunun Dədə Qorqud kəndində sadə bir ailədə dünyaya göz açıb. Ali hərbi təhsilli gənc zabit xidmət illərində yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlara layiq görülüb. 2014-cü ildən zabit kimi orduda xidmət edən müsahibim həyatını torpaqlarımızın azad olunması uğrunda mübarizəyə həsr edib. Əsgərlərini də döyüş ruhunda tərbiyə edən zabitin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsində iştirak etməkdir.
- Xalid, hərbi peşəni necə seçdin? Daha doğrusu, hərbçi olmağına stimul verən nə oldu?
- Daim rənglər uşaqların diqqətini cəlb edir. Hərbi formanın təfəkkürümüzdə dərk etmədiyimiz qarışıq rəngləri məni və əkiz qardaşım Samiqi də valeh edirdi. Yaşa dolduqdan sonra qarışıq və valehedici geyimin hərbi forma olduğunu dərk etdik. Atam bizim bu sevgimizi hiss edib ikimizə də forma tikdirdi. ...Böyüdük, məktəbli olduq. Bir parta arxasında əyləşən gündən Vətənin, torpağın uğrunda candan keçməyi öyrəndik. Yuxarı siniflərdə tarixə nəzər saldıq, Məlahət müəllimin hər dərsin ilk 10 dəqiqəsində vətənpərvər hekayətlərini dinlədik, qəhrəmanlarımızın həyatını, ermənilərin yurdumuzda törətdiyi qanlı faciələri yaddaşımıza həkk etdik. Ürəyimin ağrıdığını ilk dəfə yalın ayaqla yurd-yuvasından didərgin düşən yaşıdlarmı görəndə hiss etdim. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin, hərbi operator Seyidağa Mövsümovun çəkdiyi kadrlar insanın mənəviyyatını titrədirdi. Əsasən də körpələrin diri-diri yandırılmasını, qocalara, qız-gəlinlərə verilən işgəncələri görəndə özümə rahatlıq tapa bilmirdim. Niyə bu vəhşilik törədilib? Bu körpələrin, qocaların günahı nə idi?
Böyüdükcə düşməndən qisas almağı düşündük. Və bir gün Samiqlə qərara aldıq ki, Vətən torpaqlarının azad edilməsi uğrunda öndə gedənlərdən olmalı, Vətən sevgisi ilə silaha sarılmalıyıq. Belə də etdik, hazırda ikimiz də fərqli yerlərdə torpaqlarımızın keşiyindəyik.
- Bəs hərbi formanı geyindiyin günü necə xatırlayırsan?
- O günü heç vaxt unutmaram. 25 avqust 2007-ci il... Cəmşid Naxçıvanski adına Hərbi Lisey... 14 yaşım vardı. Liseyin həyətinə daxil olanda müxtəlif səslər eşidirdik. Valideynlərin bəziləri nəsihət verir, bəziləri qürur hisslərini bölüşürdü. Bölük komandirimiz zabit Sahib Məmmədov bizə də hərbi formanı təqdim etdi. Uşaqlıqdan arzusunda olduğumuz rəngbərəng formanı Silahlı Qüvvələrin nümayəndəsi olaraq geyindiyimiz ilk günü və atamın "bu gündən Vətənin oğlusuz. Vətəni sizlərə, sizləri Allaha əmanət edirəm" sözlərini heç vaxt unutmaram.
- Atanızın əmanət hesab etdiyi Vətənə layiqincə xidmət etməyi bacarırsanmı?
- Qardaşım cəbhə bölgəsində yerləşən başqa bir hərbi hissədə xidmət edir. Mən də burada Vətənin keşiyindəyəm. Zənnimcə, hər ikimiz əmanətə gözümüz kimi baxırıq.
- Bir qədər də hərbi təhsil aldığın illərdən danış...
- Bir çox təcrübəli zabitdən dərs alaraq hərbçi kimi formalaşmışam. Ali hərbi məktəbdə oxuduğum illərdə də, sonralar da özümə tələbkar olmuşam, bu gün də belədir. Hərbi biliklərə yiyələnmək üçün çox oxumalı, müasir silah-texnikanın sirlərini öyrənməlisən. Etiraf edim ki, ilk zamanlar çox əziyyət çəkmişəm. Lakin çəkdiyim əziyyət peşəkar zabit kimi formalaşmağımda mühüm rol oynayıb. Hərbi təhsil aldığım illər həyatımın ən mənalı illəri siyahısına daxildir.
- Hərbi təhsil aldıqdan sonra ön xətdəki hərbi hissədə xidmətinə başladın. İlk əsgərin, cəbhə yoldaşın haqqında təəssüratlarını bölüş.
- Əsgərlərimi heç vaxt unutmuram. Lakin Balakən rayonundan hərbi xidmətə çağırılan əsgər Ramazan Xalitovu əsla yaddan çıxarmaram. Bəstəboy, enlikürək, sarışın əsgər idi. Gözlərinin qarışıq rəngi, iti baxışları vardı. Bizim bölməyə yenicə təyin olunmuşdu. İlk dəfə döyüş növbətçiliyinə çıxanda düşmən atəşkəsi pozdu. Sual verdim: qarşındakı kimdir? - Düşmən, deyə cavab verdi.  Düşməni cavab atəşilə susdur, - dedim. Əsgər Xalitov ilk dəfə düşmənə atəş açdı. Gözlərindəki sevinci, üzündəki təbəssümü, bütün bədənini əhatə edən qüruru hiss etdim.
- Uşaqlığından danışanda gözlərində sevinc, fərəh hiss olunur. O illər üçün darıxırsanmı?
- Uşaqlıq çağları insanın qayğısız günləridir. Lakin mən uşaqlığımı da, gələcəyimi də burada, - Vətənin keşiyində tapmışam. Saatlı rayonunda böyüsəm də, bu səngərlər də mənə doğmadır. Sevdiyim nə varsa ətrafımdadır. Müasir silah-texnika, ürəyi Vətən sevgisi ilə döyünən silahdaşlarım. Onlardan güc alıram. Keçmişi qaytarmaq olmur, o səbəbdən də ötənləri xatırlayıb kədərlənməyə dəyməz.
- Günün nizam qaydalarına uyğun olaraq fəaliyyətdəsən. Silahın və əsgərlərinlə düşmənlə üz-üzə dayanmısan. Bu qədər çətin və məsuliyyətli peşəni seçməkdə peşman deyilsən ki?
- Burada olmağımızın bir səbəbi var - Vətən sevgisi, bir məqsədi var - torpaqlarımızı azad etmək. Günün nizam qaydalarına riayət edirik, dağların zirvəsində keşik çəkməyin yaratdığı fərqli çətinliklərin öhdəsindən layiqincə gəlirik. Yorulmuruq, ruhdan düşmürük, axı burada olmağımızın səbəbini, məqsədini düşünüb rahatlıq tapırıq. Düşmən qarşısında sinəmizi sipər edib, Vətəni qorumağın mənəvi borc, Vətənə bir övlad haqqı olduğunu düşünərkən fərəh və qürur hissi yaşayırıq.
- Vətən sevgisindən savayı insanı tutduğu peşəyə həvəsləndirən müxtəlif vasitələr var ki, bunlardan biri də yuxarı komandanlığın sənə diqqət yetirməsidir. Fəaliyyətiniz necə qiymətləndirilir?
- Dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxri fərman və təşəkkürlə mükafatlandırılmışam. Ümumiyyətlə, nümunəvi xidmət edən zabit, gizir və əsgərlərə diqqəti hər zaman hiss edirik. Düşünürük ki, aldığımız hər bir mükafat ümümilikdə hamımızın uğurudur. İlk fəxri fərmanımı zabit Əflatun Nurəliyev təqdim etmişdi. Döyüş postu yoxlanarkən heç bir çatışmazlıq müəyyən edilmədiyi üçün mükafata layiq görülmüşdüm. O an yaşadığım qürur hissi elə bil mənə dünyalar yaşatdı.
- Deyirlər ki, yaxşı, bacarıqlı komandir öz əsgərləri ilə tanınır...
- Bəli. Bacarıqlı əsgərlə döyüşə gedən komandir məğlubedilməzdir. Silah-sursatdan önəmlisi insan amilidir. Müdafiə nazirimiz bir dəfə deyib ki, ən müasir silahı da idarə edən əsgərdir. Düşünün, Vətəninə sevgisi olmayan əsgər döyüş meydanında uğur qazana bilərmi? Şükürlər olsun ki, həm döyüş hazırlığı baxımından, həm də mənəvi-psixoloji cəhətdən savaşa hazır olan əsgərlərim var. 
- Topraqlarımızın bir hissəsi işğaldadır, əsirlikdə qalanlarımız, şəhidlərimiz var. Bunları dərk edib hərbçi olmaq istəyən gənclərimizə nə tövsiyə edərdin?
- Milli-mənəvi ruhda yetişən hər bir gənc özünə iki sual verməli və bu sualları tərəddüdsüz cavablandırmalıdır. İlk sual  belədir: mən kim olmaq istəyirəm? Əgər bu suala tərəddüd etmədən hərbçi olmaqla cavab verirsənsə, onda ikinci bir sual meydana çıxır. Niyə məhz hərbçi olmaq istəyirəm? Bu suala cavab verərkən səmimi olmaq lazımdır. İlk sualın cavabında məğrurluq, qorxmazlıq, cəsurluq, mərdlik və dürüstlük var. Əgər torpaqlarımızın işğalda olduğunun fərqindəsənsə, körpələrin, qocaların, şəhidlərin qisasını düşməndən almaq istəyirsənsə, onda səndən mükəmməl hərbçi olacaq. Yox bunları dərk etmək gücündə deyilsənsə, onda bu sənəti seçməyin faydası yoxdu. Düşün ki, bu yol Vətən üçün canından keçməyə hazır olanların yoludu...
- Bacarıqlı və təcrübəli komandir kimi komandanlığın rəğbətini, şəxsi heyətin isə sevgisini qazanmısan. Bəs gənc komandirə görə, sevgi hansı mərtəbədədir?
- Düz qeyd etdin, sevginin mərtəbələri var. Ən yüksək mərtəbəsi isə Vətən sevgisidir. Səmimi deyirəm, hərbçi yoldaşlarına həsəd aparıram. Çünki hər bir qadın ona olan sevgini başqa bir sevgi ilə bölüşə bilməz. Lakin hərbçiyə sidq-ürəkdən könül verib ailə quran və bu yolda bütün çətinliklərə sinə gərən qadınlarımız da az deyil, Vətən sevgisi, torpaq məhəbbəti onlara da əziz olduğu üçün hərbçilərlə ömür-gün yoldaşı olmağa qərar verirlər. Bu isə sevgi aləmində əsl qəhrəmanlıqdır.
- Xalid, səni tanımaqdan, söhbətlərindən zövq aldım. Minnətdaram!
- Mənim üçün də maraqlı oldu. Çox sağ ol!
Söhbətləşdi:
baş leytenant Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"