Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:13

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Hərbi xidmət əleyhinə olan cinayətlər. Hərbi qulluqçuların hüquqi  məsuliyyəti.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Konstitusiyasının, hərbi qanunvericilik aktlarının, Hərbi andın və hərbi nizamnamələrin tələblərini diqqətlə öyrənmək və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların hüquqi məsuliyyəti haqqında.
2. Hərbi xidmət əleyhinə olan cinayətlər.
3. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.
4. Hərbi qulluqçuların intizam məsuliyyəti.
 
Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların hüquqi məsuliyyəti haqqında

Hər bir cəmiyyətin normal həyatı üçün müəyyən qaydaların mövcud olması və ictimai-sosial münasibətlərin nizama salınması zəruridir. Həmin nizamlayıcı qaydalara, cəmiyyətin həyat fəaliyyətinin nizamlanmasına onun üzvlərinin davranışını müəyyən edən hüquqi normaların köməyi ilə nail olunur. Ancaq ictimai-sosial münasibətlərə hüquqi çərçivədə təsir göstərən digər amillər də vardır ki, bunlar da əxlaqi və dini normalar, adət və ənənələrdir.
Hüquqi məsuliyyət dedikdə Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, qüvvədə olan hüquqi sənəd və aktların tələblərinin icrasına dövlətin məcburetmə formasının verilməsi başa düşülür.
Müasir Azərbaycan dövlətçiliyinin banisi, respublikamızın Əsas Qanununun yaradıcısı, ulu öndər Heydər Əliyev gənclərimizə Azərbaycan Respublikasının Konstitusiyasını öyrənməyi tövsiyə edərək demişdir: "Konstitusiyada hər bir vətəndaşın hüquqları və azadlıqları öz əksini tapıbdır, eyni zamanda hər bir vətəndaşın vəzifələri öz əksini tapıbdır. Vəzifələr isə, şübhəsiz ki, hər bir vətəndaşın özünün üzərinə düşən borcdur, məsuliyyətdir".
Konstitusiyanın 24-cü maddəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu isə hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifəsini  əhatə edir.
Konstitusiyanın 72-ci maddəsinə görə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir.
Konstitusiyanın 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsi isə Vətənin müdafiəsini onun hər bir vətəndaşının müqəddəs borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Hər bir şəxs dərk etməlidir ki, hüquq pozuntusuna yol verdikdə onun dövlət qarşısında məsuliyyət vəzifəsi yaranır və belə hallarda dövlət öz məcburetmə formalarını tətbiq etməkdə haqlıdır. Hər bir demokratik cəmiyyətdə hüquqi məsuliyyətin geniş dərk edilməsinin sosial əhəmiyyəti böyükdür və belə bir cəmiyyətə malik olan ölkə hüquqi dövlət quruculuğu yolunda mühüm nailiyyətlər əldə etməyə qadirdir. Hüquqi məsuliyyətin iki məqsədi - ümumi və konkret məqsədi vardır. Ümumi məqsəd demokratik quruluşun şərtlərini hüquqi cəhətdən təmin etməkdən ibarətdir. Hüquqi məsuliyyətin konkret məqsədi - demokratik hüquq qaydasını pozuntulardan mühafizə və müdafiə etmək, vətəndaşları hüquqi cəhətdən, hüququ pozanları isə yenidən tərbiyə etməkdir.

Hərbi xidmət əleyhinə olan cinayətlər

Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı Azərbaycan Respublikası CM-in  327-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin maddəyə görə çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Hərbi xidmət əleyhinə olan cinayətlərin təsnifatı CM-in XII bölməsinin 35-ci fəslində verilmişdir. Bu fəslə 27 maddə daxildir.
Hərbi xidmət əleyhinə olan cinayətləri törədilmə xarakterlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
- hərbi qulluqçular arasında tabelik münasibətləri olduqda və ya olmadıqda  qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma xarakterli cinayətlər (CM-in 328-332-ci maddələri);
- hərbi hissəni özbaşına tərketmə, fərarilik, öz sağlamlığına zərər vurmaq və s. üsulla hərbi xidmətdən yayınma məqsədilə törədilən cinayətlər (CM-in 333-335-ci maddələri);
- qarovul, daxili xidmət, patrul, döyüş növbəsi və digər xidmət qaydalarını pozmaqla törədilən cinayətlər (CM-in 336-340-cı maddələri);
- vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsi və ya vəzifə borclarına səhlənkar yanaşması, döyüş meydanını özbaşına tərk etmələri nəticəsində törədilən cinayətlər (CM-in 341-346-cı maddələri);
- hərbi əmlakı itirmə, zədələmə, xarab etmə və ya məhv etmə ilə nəticələnən cinayətlər (CM-in 347-349-cu maddələri);
- silahla və ya digər təhlükə törədən əşyalarla davranış, maşınların istismarı, uçuş və uçuşa hazırlıq, hərbi gəmiləri idarəetmə qaydalarını pozma nəticəsində törədilən cinayətlər (CM-in 350-353-cü maddələri).
Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
Törədilmiş hərbi cinayət üçün müvafiq qanuna görə inzibati təsir tədbiri görülməsi nəzərdə tutulubsa, bu cinayətin törədilmə şəraitini və nəticələrini nəzərə alaraq, cinayət materiallarının hərbi prokurora göndərilməsi və ya intizam cəzası verilməsi ilə kifayətlənmək barədə komandir (rəis) qərar qəbul edir. Bu halda həmin məsələnin həlli və intizam cəzasının müəyyənləşdirilməsi, qanuna görə materialı hərbi prokurorluğa vermək səlahiyyəti komandirə (rəisə) aiddir.
Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilmir.
Hərbi hissələrdə şəxsi heyətin hüquqi tərbiyəsi məqsədi ilə hüquq hazırlığı saatı keçirilir. Bu saatlarda əsgər və çavuşlara Azərbaycan Respublikasının qanunları, hərbi qanunvericilik aktlarının tələbləri haqqında ətraflı məlumatlar verilir.
Qrup rəhbəri mövzunu yekunlaşdırarkən bir daha dinləyicilərə ümummilli liderimiz Heydər Əliyevin "Orduda gərək dəmir nizam-intizam olsun. Nizam-intizam hər yerdə lazımdır. Amma ordu üçün bu, əsas şərtdir. Hər bir əsgər üçün, hər bir zabit üçün əsas şərtdir" sözlərini xatırlatmalı və qeyd etməlidir ki, məhz ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Silahlı Qüvvələrimizdə vahid komandanlıq prinsipi bərqərar edilmiş, hərbi intizamın möhkəmləndirilməsinə nail olunmuş, hərbi hissələrdə aparılan ciddi hüquqi-profilaktik tədbirlər nəticəsində cinayət və hadisələrin sayı qat-qat azalmışdır. Bütün bunlar isə ordunun döyüş qabiliyyətinin və döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsi üçün ən vacib amillərdəndir.

Hərbi qulluqçuların hüquqi məsuliyyətinin xüsusiyyətləri və növləri

Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsini, onun hər bir vətəndaşının müqəddəs borcu və qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.
    Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Hərbi anda böyük məsuliyyət hissi ilə və sədaqətlə riayət etsin, hərbi və xalq əmlakını qorusun.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olarkən hər bir vətəndaş Hərbi andı qəbul edir və andını pozarsa, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti üzrə məsuliyyət daşımağa hazır olduğunu elan edir.
Hərbi qulluqçuların hüquqi məsuliyyətinin hərbi xidmətdən irəli gələn xüsusiyyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətini tənzim edən qanunlarla, Hərbi and, hərbi nizamnamələr və digər hərbi normativ aktlarla (əmrlər, direktivlər, sərəncamlar və s.) müəyyən edilir. Həmin xüsusiyyətlərin ən mühümlərini nəzərdən keçirək:
- hüquq pozuntularının (hərbi xidmət əleyhinə olan cinayətlər, hərbi intizam pozuntuları) xüsusi dairəsi dövlət tərəfindən müəyyən edilir;
- komandirlər (rəislər) tabeliklərində olan hərbi qulluqçuları hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi səlahiyyətlərə malikdirlər;
- komandirlərin (rəislərin) hərbi qulluqçulara tətbiq etdikləri hüquqi məsuliyyət tədbirlərinin icrasının xüsusi şərtləri müəyyən edilmişdir;
- yalnız hərbi qulluqçulara tətbiq edilməli olan xüsusi məsuliyyət tədbirləri müəyyən edilmişdir.
Hüquqi məsuliyyətin növləri:
- inzibati məsuliyyət. İnzibati hüquq pozuntusunu intizam pozuntusundan fərqləndirən cəhət ictimai qaydanı pozan davranışın hərbi xidmətlə bağlı olmamasıdır. Hərbi qulluqçular inzibati hüquq pozuntusuna görə inzibati məsuliyyətə cəlb oluna bilərlər;
- intizam məsuliyyəti. İntizam məsuliyyəti hərbi intizam və ictimai qaydalar pozulduqda meydana çıxır. Hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə tənzimlənir;
- hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyana görə maddi məsuliyyəti;
- hərbi xidmət əleyhinə olan cinayətlər.

Hərbi qulluqçuların intizam məsuliyyəti

Azərbaycan Respublikası Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf olunmasına xidmət edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu müqəddəs vəzifələri yerinə yetirmək üçün daim döyüşə hazır vəziyyətdə olmalıdır. Möhkəm hərbi intizam yüksək döyüş qabiliyyətli olmağın əsas şərtidir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların şüurluluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.
Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki: Azərbaycanın mənafeyini qorusun; onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin; Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin; intizamlı, vicdanlı, doğruçu və cəsarətli olsun; hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə canını belə əsirgəməsin; komandirlərə (rəislərə) sözsüz tabe olsun və döyüşdə onları müdafiə etsin; öz hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorusun.
Hərbi qulluqçu ezamiyyətdə, məzuniyyətdə, tibb müəssisəsində müalicə zamanı və digər hallarda törətdiyi nalayiq hərəkətlərə görə böyük rəislərdən aldığı intizam cəzası barədə daimi xidmət yerinə qayıdan kimi özünün bilavasitə rəisinə məlumat verməlidir, əks təqdirdə o, bu iş üçün inzibati məsuliyyət daşıyır.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi