Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:05

Siyasi iradə və iqtisadi gücün təntənəsi

Məlum olduğu kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi və bu, ölkəmizin tarixində  mühüm siyasi-iqtisadi əhəmiyyətə malik hadisələrdən biri oldu.  Tərəfdaş olduğumuz beynəlxalq iqtisadi layihənin gerçəkləşməsi ilk olaraq onu sübut etdi ki, neft ölkəsi olmasına baxmayaraq, Azərbaycan digər sahələrin də inkişaf etdirilməsində maraqlıdır və heç bir maneədən çəkinməyərək belə tədbirlərdə cəsarətlə iştirak edir. Şərqlə Qərb arasında nəqliyyat dəhlizi olan bu yolun istifadəyə verilməsi həm də region ölkələrinin sürətli iqtisadi inkişafına və siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə  təkan verəcəkdir. Yəni, iqtisadi əhəmiyyətinə görə digər beynəlxalq layihələrdən geri qalmayan bu hadisə Azərbaycanın dünya arenasında nüfuzunu artırmaqla başqa dövlətlərin də maraqlarına cavab verir.
Dünya mətbuatının gündəmindən düşməyən bu mövzu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin region üçün geosiyasi cəhətdən məqsədyönlü siyasət yürütdüyünü bir daha sübuta yetirdi. Belə əhəmiyyətli hadisələr bir daha göstərir ki, Azərbaycanda dövlət və xalq birliyi möhkəmdir və bu  qüvvəni heç bir təxribatla sarsıtmaq mümükün deyildir.
Əslində, beynəlxalq əhəmiyyətli layihələrdə ölkəmizin əsas təşəbbüskar və strateji tərəfdaş kimi çıxış etməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin məntiqi nəticəsidir. Hələ 1994-cü ildə Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə "Əsrin müqaviləsi" adlanan neft strategiyasının imzalanması ilə Azərbaycanda uzunmüddətli siyasi-iqtisadi sabitliyin bünövrəsi yaradılmışdı. Müharibə şəraitində olan gənc müstəqil dövlət üçün belə bir müqavilənin həyata keçirilməsi olduqca vacib idi, çünki ölkəmizin dağıdılmış iqtisadiyyatını bərpa etmək məqsədilə mühüm iqtisadi bazanın yaradılması bizə hava-su kimi zəruri idi.
Heç kəsə sirr deyil ki, iqtisadi inkişafa nail olmadan digər sahələri  qurub yaratmaq qeyri-mümkündür. Belə iqtsadi siyasət nəticəsində Azərbaycan bütün sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də qısa vaxt ərzində mühüm uğurlara imza atdı və güclü ordusunu formalaşdırmaqla düşmənə öz müqavimətini göstərməyi bacardı.
2003-cü ildə Azərbaycan Prezidenti vəzifəsinə seçilən qətiyyətli siyasi lider İlham Əliyev özünün idarəçilik bacarığı ilə Ulu Öndərin layiqli davamçısı olduğunu qısa müddətdə büruzə verdi. O yaxşı bilirdi ki, ölkədə sürətli inkişafı təmin etmək üçün  beynəlxalq iqtisadi layihələrə qoşulmaq zəruridir və bu istiqamətdə ardıcıl siyasi kursunu həyata keçirməyə başladı. İlk növbədə yaxın qonşu  dövlətlərlə - Türkiyə və Gürcüstanla hərtərəfli əməkdaşlığa önəm verildi. Nüfuzlu siyasi-iqtisadi ekspertlər də dəfələrlə öz təhlillərində üç qardaş ölkənin birgə əməkdaşlığını yüksək qiymətləndirərək bu ittifaqın regionda sabitliyə və təhlükəsizliyə də zəmanət olduğunu qeyd ediblər. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə  və "Cənub Qaz Dəhlizi" layihəsinə yüksək dəyər verənlər bu gün də yeni bir iqtisadi layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun gerçəkliyə çevrilməsini  region üçün tarixi hadisə hesab edirlər. Vaxtilə bu layihənin gerçəkləşməsinə şübhə edənlər, ABŞ və Avropa Birliyi də artıq bu layihəni yüksək qiymətləndiriblər. Bütün bunlar Cənubi Qafqaz regionunun dünyada rolunu daha da artırır. Hər bir vətəndaşımız qürur hissi keçirir ki, bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın müstəsna rolu vardır. Qürurverici bir məqam da ondan ibarətdir ki,  ölkəmiz kənardan heç bir maliyyə dəstəyi axtarmadan bu işlərin öhdəsindən gəlib, çünki neft gəlirləri hesabına sürətli iqtisadi inkişafımız təmin edilib. Azərbaycanın  iqtisadi inkişafı isə, qeyd etdiyimiz kimi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan neft strategiyasının uğurlu davamı sayəsində mümkün olub.
İqtisadi Əməkdaşlıq Təşkilatının hesablamalarına görə, 2030-cu ilədək ümumdünya nəqliyyat sisteminə yatırılacaq vəsaitlərin həcmi 11 trilyon təşkil edəcək ki, bunun da tən yarısı dəmir yollarının payına düşəcək. Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələrin ticarət dövriyyəsi artacaq və iqtisadi əməkdaşlıq daha da dərinləşəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında qeyd etdi ki, belə bir yolun regionumuza faydası təkcə iqtisadi səmərəsi ilə məhdudlaşmayacaq. "Layihə siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik, sosial baxımdan rifah gətirəcək, ölkələrimizin qlobal inkişafına öz töhfəsini verəcək", - deyə Türkiyənin dövlət başçısı bildirdi.  Deməli, dövlətimizin gerçək iqtisadi gücü daha da artacaq ki, bu da bütün sahələrimizdə, həmçinin ordu quruculuğunun daha da inkişaf etdirilməsində öz təsirini göstərəcəkdir.
Düz 10 il əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsinə inana bilməyənlər Ermənistanın da bu layihədə iştirakını vacib sayırdılar. Amma Azərbaycanın dövlət rəhbərliyi bu məsələnin müzakirəsində də siyasi iradə nümayiş etdirdi. Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayacaqsa, Azərbaycanın əsas tərəfdaş olduğu layihələrin heç birində pay sahibi ola bilməz. Beləliklə, neft və qaz layihələrindən təcrid olunan işğalçı dövlət bu dəfə də mühüm nəqliyyat layihəsindən kənarda qaldı. Qoy, erməni xalqı bütün bunların səbəbini kənarda yox, məhz özlərində axtarsın. Nə qədər ki, kriminal hərbi-siyasi rejim hakimiyyətdədir, onda Ermənistan bütün regional layihələrdən təcrid olunacaqdır. Bu isə ölkənin daha da müflis vəziyyətə düşməsinə və burada iqtisadi böhranın dərinləşməsinə gətirib çıxaracaq.
Azərbaycan iki qitə arasında nəqliyyat dəhlizini yaratmaqla qədim İpək Yolunun bərpasına dəyərli töhfə verdi. Bu hadisə yol boyu yerləşən dövlətlərin həm ticarət dövriyyəsini artıracaq, həm də geniş iqtisadi əməkdaşlığa zəmin yaradacaq. Beləliklə, Azərbaycanın iqtisadi potensialı daha da artacaq. Əgər Ermənistan öz işğalçılıq siyasətini davam etdirəcəksə, qarşısında daha güclü Azərbaycan dövlətini və onun daha qüdrətli ordusunu görəcəkdir. Belə olan halda qarşı tərəf Azərbaycanın işğalda olan ərazilərindən öz xoşuna geri çəkilməlidir. Əks təqdirdə düşməni daha böyük itkilər gözləyir.

Arif PƏNAHOV, "Azərbaycan Ordusu"