Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 09:58

Sən qalib gələcəksən!

Əsgər və zabitlərin asudə vaxtının təşkilinin müxtəlif formaları var. Nə təşkil olunmasını hərbi hissənin komandanlığı müəyyənləşdirirsə, necə təşkil olunması icraçının səlahiyyətidir. Bütün tədbirlərin mahiyyəti Vətənə sevgidi, vətənpərvərlikdi, torpaqsevərlikdi. Hər tədbir əsgərlərin mənəvi-psixoloji hazırlığında mühüm bir vasitədi...
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi  vaxtaşırı bu və ya digər hərbi hissələrdə əsgərlər qarşısında maraqlı, düşündürücü proqramlarla çıxış edir. Hər konsert böyük bir amalın təzahürüdü: vətənpərvərlik, əsgərlərin mənəvi hazırlığının daha geniş formatda formalaşmasında yardımçı olmaq....
Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən bütün tədbirlərdə iştirak edən ansambl bu günlərdə ön xətdə yerləşən "N" hərbi hissəsində orijinal proqramla çıxış etdi. Konsert hərbi hissənin şəxsi heyəti ilə ansamblın üzvlərinin səmimi ünsiyyəti kimi izlənildi.
Əməkdar Mədəniyyət işçisi polkovnik-leytenant Zöhrab İmamquliyev çıxış edərək Vətəni qorumağın müqəddəsliyindən söz açdı, fikirlərini "Kitabı-Dədə Qorqud" dastanlarına, eləcə də klassik və müasir şairlərimizin şeirlərinə istinadən bildirdi, qəhrəmanlığın, şəhidliyin fəlsəfəsindən danışdı:
- Sizin borcunuz Vətəni qorumaq, bizim borcumuz sizin duyğularınızın xidmətində olmaqdır. Siz aprel zəfərini qazananların sələflərisiniz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməzsə, Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan döyüşlə azad edəcəksiniz. Hər biriniz tarix yazacaq əsgərlərin sırasında olacaqsınız.  Böyük Qələbənin səhərisi daha möhtəşəm konserti Cıdır düzündə izləyəcəksiniz. O günə az qalıb...
Elçin Məmmədovun ifasında "Gəz, oğlum" mahnısı dünənin (babanın) bu günə (oğullara, əsgərlərə), sabahlara (nəvələrə) nəsihəti kimi dinlənildi.
Payızın sazağını kimsə hiss etmirdi. Mahnı kəlmə-kəlmə əsgərlərin ruhuna hopurdu; əsgərlərin əli əsgər əlində isinirdi. Zamanında valideynlərindən, müəllimlərindən, sonra komandirlərindən eşitdiklərinin eynini eşidirdi əsgərlər - Vətəni sev, Vətəni qoru. Mənə elə gəlirdi ki, əsgərlər mahnını Ozan (Dədə Qorqud) öyüdü kimi dinləyirlər...
Arif Şükürovun nağarada ifa etdiyi "Azərbaycan təranələri"nin ecazkarlığının ürək-ürək gəzişdiyi hiss olunurdu; Qobustandayıq sanki, sanki qavaldaşın ahəngiylə əhatələnmişdik. Mİn illərin o üzündə qalan tariximizin səsiydi ritmlər, Gülüstanda bağlanan müqaviləyə etirazıydı -  xalqın qəzəbiydi, şairlərimizin şeirlərindən düşən işığıydı, xalq şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının misralarıydı, Arazın çılğınlığıydı, 1918-ci il mayın 28-də dünyanın eşitdiyi azadlıq, müstəqillik harayıydı, 1991-ci ilin noyabrında əsarət zəncirinin qırılmasından qopan səsiydi, aprel döyüşlərinin səs biçimli təsviriydi. Arif Şükürov hamımızı bu ovqatla ovsunladı...
Ağabala Abdullayevin ifa etdiyi "Vətən oğlu" mahnısı kövrəkliklə dinlənildi. Yurdundan, ev-eşiyindən perik düşənlərin ağrı-acılarının musiqi yozumuydu bu mahnı. Qaçqınlıq sıxıntılarını yaşayanların harayı kimi səslənən mahnıda Zakir Fəxrinin bir şeirinin ovqatı da hiss olunurdu: Qalmaz belə, qalmaz dünya. Ağabala Abdullayevin - babası Ağabala Abdullayevin, atası Nizami Abdullayevin musiqi dünyasını böyük sədaqətlə yaşadan istedadlı müğənninin səsində bir inam da duyulurdu: Qarabağın bu gününə vurulmuş qara bağları Azərbaycan əsgərinin kəsərli qılıncı paralayacaq!..
Nurşən Məmmədovun könüləyatımlı səsi "Torpağın səsi" ilə o qədər mehrlə, o qədər doğmalıqla çulğaşmışdı ki! Dinlədikcə, işğal altından qalmış torpaqlarımızın harayını eşidirdin, sönmüş ocaqlarımızın, dağıdılmış evlərimizin, yaralanmış dağ-daşımızın, duruluğunu itirmiş bulaqlarımızın, yuvasından perikmiş durnalarımızın qəhərini yaşayırdın. O səs deyirdi ki, işğalın gözünün töküləcəyi günə az qalıb. Torpağın səsi"ni eşidən əsgərlər torpağın səsinə-harayına yetişəcək! Mahnı qədərsiz həvəslə dinləyən əsgərlərin qələbə ruhunu kükrədirdi...
Gənc xanəndə Yaqut Rəsulzadənin ifasında "Mən yoruldum, həyat" mahnısından sezilən giley, əslində, bəşərin yaşam istəyidi. Belə məlahətli səs, belə gözəl  ifa, təbii ki, əsgərlərin yaddaşında illərlə yaşayacaq. Həm də onları Böyük Qələbəyə səslədiyinə görə yaşayacaq; Yaqutun ifası duyanlara (hamıya!) sanki "Həyatı sev, onun axarının xalqının, millətinin, dövlətinin mənafeyinə yönəldilməsinin cəfakeşi ol. Əsgərin bugünkü vəzifəsi torpaqlarımızın işğaldan azad edilməsidi. Xalqımız sizdən qələbə gözləyir, əsgər qardaşım! - deyirdi bu səs, bu möhtəşəm ifa...
Nigar Rəhimovanın ifasında "Qarabağ" Qarabağın səsi kimi dinlənildi. Bu ifa Qarabağın istəyinin  tərcümanıydı sanki. Qarabağ "Qollarıma qondarılmış kəndiri açın!" - deyirdi elə bil. Bu ifa "Səni sıxıntılardan xilas edəcəyik, Qarabağımız!" - deyirdi. Qarabağ "Gözüm yollarınızda qalıb..." - deyirdi. Bu ifa "İşğalın son nəfəsidi, Qarabağımız!" - deyirdi...
Vüsal Ağayevin ifasında "Dədə Qorqud" bədii filminə yazılmış mahnının çalarları (qəhrəmanlıq, sevgi) əsgərləri duyğulandırdı. Azərbaycan əsgərinin ruhunun mahnısıdı bu mahnı - qəhrəmanlığıyla, duyğusallığıyla sevilənlərə sevginin, ehtiramın təsdiqi kimi dinlənilən mahnı təsdiqləyirdi ki, Azərbaycan əsgəri Vətəni qoruyur, Vətənə layiqli vətəndaş kimi öz sevgisini də qoruyur. Müqəddəsliyi qoruyanların Vətənidi Azərbaycan!
Leyla Qəhrəmanova ilə Elçin Məmmədovun dueti ("Cənab leytenant") mahiyyəti etibarilə Azərbaycan Ordusunun zabitinə sayğının təsdiqi kimi ifa edildi, dinlənildi. Cənab leytenantlara xitabən deyilənlər ("Xoş soraqlı bir sabahdan  pay ver mənə, cənab leytenant") xalqın Azərbaycan Ordusundan umacağıdı. Leytenantlar (ümumən zabitlər) bu umacağı tabeçiliyində olanların şücaətiylə, cəsarətiylə, Vətən sevgisiylə yerinə yetirəcəklər. 1994-cü ilin yanvarında Horadiz əməliyyatında olduğu kimi, 2016-cı ilin aprelində olduğu kimi...
Günay Qasımovanın ifasında "Odlar yurdu" mahnısı Odlar yurdunun od ürəkli oğullarının odası kimi dinlənildi. "Var olmuşuq, varıq, var olacağıq!" - deyirdi bu gözəl ifa. Hər qalası Koroğlu olan bu diyarın hər oğulu Cavanşir, Koroğlu, Xətai, Yusif, Vəzir,..., Mübariz..., Çingiz hünərlidi deyir. İfa onu da deyir ki, bu əsgərlər yaxın vaxtlarda Odlar diyarını Böyük Qələbə ovqatıyla yaşadacaq. Sülh danışıqları baş turmasa, Ali Baş Komandanın əmriylə döyüşəcəklər, torpaqlarımızı işğaldan azad edəcəklər. Bu meydanda dalğalandırdıqları bayraqlar Cıdır düzünün göylərini də süsləyəcək! O günə az qalıb. Lap az...
Dədə Qorqud əyyamında ozanlar mətləbini qopuzla, sonralar aşıqlar sazla bildirib. Ruhumuzun səsidi saz, ruhumuzun istəyinin cəfakeşidi. Xallarında-güllərində xalqın istəyini, muradını, niyyətini yaşadır. "Misri"siylə qılınca dönür, "Ruhani"siylə ruhumuzun üstünə meyillənən yellərin yolunu kəsir, "Paşaköçdü"süylə köçənləri yolundan saxlayır, "Sarıtel"i günümüzə-ayımıza sarılır... Əsgərlər  Rafiq Qasımovun sazda ifasını bu ovqatla dinlədi.
Aytən Rəsulovanın, Əfsanə Hüseynovanın, Vüsalə Babayevanın ifasında dünyanın heyrət ünvanı olan "Sarı gəlin" özü biçimdə heyrətə döndü. Gözəl bəstənin bu gözəllikdə ifasını gözlərinə, gözlərindən ürəyinə köçürən əsgərlərin hamısını eyni qürur birləşdirmişdi: Bu, mənim xalqımın bəstəsidi! Bu, mənim xalqımın rəqsidi! Rəqsin plastikası könülləri elə coşdurdu ki!
...Günün necə batdığı axşamın necə düşdüyü hiss olunmadı; hərbi hissənin əsgərləri və zabitləri bu günün ovqatını uzun müddət yaddaşlarında yaşadacaqlar.
Polkovnik Əziz Quliyev ansamblın çıxışına görə Mərkəzi Zabitlər Evinin rəisinə, ansamblın rəisinə minnətdarlığını bildirdi və ansamblın solistlərindən bir qrupunu təltif etdi...
...Konsert başa çatdı. Əsgərlərin baxışlarında vaxta etiraz hiss olunurdu: saatlar çox tez ötüşdü...
Horadizdə "Horadizə şəhər statusu verilməsinin 10 illiyi" tədbirinin mahiyyətini solistlər bu hərbi hissəyə gətirə bilmişdi; ruhumuzun işığında izlədiyimiz o tədbir ulu öndər Heydər Əliyevin siyasətinə, sərkərdəlik dühasına, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətinə, azərbaycançılıq ideologiyasına ehtiram işığıydı. Hamı - Horadizdə əsasına mətərislənən ağsaqqal da, atasının çiyinlərində bayraq dalğalandıran 2-3 yaşlı uşaq da, iki nəvəsinin əhatəsində gördüklərini könlünə köçürən nənə də, Horadiz əməliyyatının iştirakçıları da, 8 yaşlı Həmid də, yaşıdları da, əsgərlər də bu işığı Şuşada da görməyin həsrətindəydi...
Hərbi hissənin yaradılması gününə təsadüf edən bu konsert "Horadizə şəhər stastusu verilməsinin 10 illiyi" tədbirinin davamıydı sanki...
O  tədbirin də, tədbirin davamı kimi "N" hərbi hissəsində izlənilən konsertin də mahiyyəti əsgərlərə "Sən qalib gələcəksən!" - deyirdi...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar Anar ABDURƏHMANOVUNDUR