Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 10:13

“Ali Baş Komandan İnstitutu”

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun "Ali Baş Komandan institutu" adlı kitabı çapdan çıxıb ("Elm və Təhsil" nəşriyyatı, Bakı, 2017, 504 səh.). Hər bir ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsində, ölkənin müdafiəsinin təşkilində xüsusi əhəmiyyət kəsb edən Ali Baş Komandanlıq institutunun formalaşdırılmasının və səmərəli fəaliyyətinin təşkilinin nəzəri əsaslarının araşdırılmasına həsr edilən bu əsər Azərbaycan siyasətşünaslığında və tarixşünaslığında ilk dəfə geniş tədqiqatın obyektidir.
İstər dünya, istər Azərbaycan xalqının uzunəsrlik tarixi, istərsə də Azərbaycanın müstəqillik dövrünün təcrübəsi təsdiqlədi ki, dövlətin müstəqilliyinin qorunub saxlanması, xarici təcavüzlərin qarşısının alınması ölkədə hərbi-siyasi hakimiyyətin üzvi şəkildə birləşdirilməsində, dövlətin və xalqın gücünün müdafiə işinə səfərbər edilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu vəhdət, bir qayda olaraq öz ifadəsini Ali Baş Komandanın şəxsində tapır. Ali Baş Komandanlıq institutunun formalaşdırılması hərbi və siyasi hakimiyyətin mərkəzləşdirilməsi, ölkənin bütün ehtiyatlarının vahid mərkəzdən idarə olunması, o cümlədən strateji vəzifələrin həlli üçün məsuliyyətin də bir orqanda cəmləşdirilməsi deməkdir. Bu isə daha çevik, daha səmərəli şəkildə lazımi vəzifələrin ölkənin canlı və maddi qüvvələrinin həllinə istiqamətləndirilməsinə imkan verir.
Ali Baş Komandanlıq institutunun formalaşdırılması, sadəcə olaraq, ölkə rəhbərinin ali baş komandan elan edilməsi və bunun müvafiq qanunvericilik sənəd-lərində təsbit olunması demək deyildir. İstər tarixi təcrübə, istərsə də tarix elmləri doktoru Mehman Süleymanovun araşdırması göstərir ki, bu institutun formalaşdırılması kifayət qədər mürəkkəb hərbi-siyasi bir prosesdir, bu prosesin öz qanunauyğunluqları var və onlara riayət edilməməsi ciddi hərbi-siyasi böhrana gətirib çıxara bilər. Azərbaycanın müstəqilliyinin ilk illərində respublikada Ali Baş Komandanlıq institutunun lazımi səviyyədə formalaşdırılmamasının hansı nəticələrə gətirib çıxarması bu deyilənə bir sübutdur. Əsərdə bu məsələ də araşdırılmışdır.
Ali Baş Komandanlıq institutunun işlək bir mexanizmə çevrilməsi üçün onun vasitələrinin nəzəri əsaslarının işlənib hazırlanmasına və uğurlu tətbiqinə böyük zərurət vardır. Adı çəkilən əsərdə göstərildiyi kimi, Ali Baş Komandanlıq institutunun üç başlıca vasitəsi vardır - hərbi siyasət, hərbi təşkilat və hərbi idarəetmə. Müəllif həm hərbi siyasəti, həm hərbi təşkilatı, həm də hərbi idarəetmənin mahiyyətini, funksiyalarını, qanun və prinsiplərini və digər məsələləri nəzəri baxımdan araşdırmışdır. Kitabda Ali Baş Komandanlıq institutunun mahiyyəti, hüquqi əsasları, fəaliyyət qanunauyğunluqları və prinsipləri, funksiyaları, milli və hərbi təhlükəsizliyin əsasları, Silahlı Qüvvələr və onun vəzifələri, ali hərbi idarəetmə orqanları və onların vəzifələri, hərbi doktrinanın və hərbi strategiyanın mahiyyəti və s. məsələlər araşdırılmışdır. Kitabda dünya hərb nəzəriyyəçilərinin və klassiklərinin Ali Baş Komandanlıq institutunun mahiyyəti və zəruriliyi haqqında dediyi fikirlər ümumiləşdirilmişdir.
Əsərdə Ali Baş Komandanlıq institutunun elmi nəzəri əsaslarının araşdırılmasına xüsusi diqqət yetirilməklə bərabər, müəllif haqlı olaraq belə bir qənaətə gəlir ki, Ali Baş Komandanlıq institutunun formalaşdırılması və onun fəaliyyətinin dövlətin və xalqın maraqlarına cavab verə biləcək səviyyədə təşkili yalnız nəzəri məsələlərin araşdırılması ilə tamamlanmır. Bu institutun səmərəli fəaliyyətinin təşkili baxımından Ali Baş Komandanın savadı, təcrübəsi, dövlətçilik keyfiyyətləri, siyasi intuisiyası və s. məqamlar xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Ali Baş Komandanlıq institutunun səmərəliliyi başlıca olaraq Ali Baş Komandanın biliyinin, təcrübəsinin və təşkilatçılıq keyfiyyətlərinin bacarıqla əlaqələndirilməsindən ibarətdir.
Əsər milli və hərbi təhlükəsizlik məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
"Azərbaycan Ordusu"