Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 10:09

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri, inzibati ərazi bölgüsü, iqtisadi inkişafı.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Azərbaycan Respublikasının dövlət quruluşu.
2. Silahlı Qüvvələrin dövlət institutları arasında yeri və rolu.
Azərbaycan Respublikasının dövlət quruluşu
Azərbaycan Respublikasının Konstitusiyası - dövlətimizin Əsas Qanunu ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendumda qəbul edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında  dövlət hakimiyyəti haqqında aşagıdakılar qeyd edilir:
-  Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.
-  Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
- Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
- Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz Vətənidir.
-  Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
Azərbaycan Respublikasının dövlət qurluşunun siyasi əsasları bunlardır:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında aşagıdakı qaydada təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
 Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı müddəalar açıqlanır:
- Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
- Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkəmizin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir.
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
- Azərbaycan Respublikası Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
- Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
- Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
- Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Azərbaycan Respublikasının dövlət quruluşunun iqtisadi əsasları bunlardır:
-  Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
-  Təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin  hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
-  İqtisadiyyatın inkişafı  müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
- Azərbaycan Respublikasının pul vahidi manatdır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətidir.
-  Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.
Silahlı Qüvvələrin dövlət institutları arasında yeri və rolu
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət qurumlarının, o cümlədən Silahlı Qüvvələrin yaradılması zəruri oldu. Bu həm də ölkəmizə qarşı olan erməni təcavüzünün qarşısını almaq üçün zamanın əsas tələbidir. O dövrdə Silahlı Qüvvələrin formalaşdırılması üçün hüquqi zəmin yaradılmasına ehtiyac var idi.
Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılması üçün hüquqi təməl yaradıldı. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun 1-ci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
Azərbaycan Ordusu 1918-ci ildə yaradılmış Cümhuriyyət ordusunun varisidir. Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Silahlı Qüvvələr Günü elan olunmuşdur. Bu, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır.
Azərbaycan Respublikasının Əsas Qanununda - Konstitusiyasında da Silahlı Qüvvələrlə və Vətənin müdafiəsi ilə bağlı maddələr öz əksini tapmışdır.
Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir. 76-cı maddədə isə Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi vurğulanır. Silahlı Qüvvələrin fəaliyyətini hərtərəfli tənzimləmək üçün bir qanunun yox, qanunlar toplusunun qəbul edilməsi vacibdir. Odur ki, Azərbaycan Respublikasının Milli Məclisi sonrakı illərdə bir-birinin ardınca qanunlar qəbul etdi və onları təkmilləşdirmək məqsədilə əvvəllər qəbul edilmiş hüquqi aktlara dəyişiklik və əlavələr etdi. Bu baxımdan 10 iyun 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Qanun ən mühüm qanunvericilik sənədlərindən biri oldu. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın, əsgəri vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın qaydalarını və şərtlərini, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və həmçinin Azərbaycan Ordusu üçün kadrlar hazırlamaq və ordunun daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq təsbit edilir. Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət Azərbaycan vətəndaşları üçün məcburidir. 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan kişi cinsindən olan hər bir vətəndaş ordu sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət keçməlidir.
Bu gün Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.
Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində şəxsi heyətin intizamı yüksəlmiş, hərbi nizamnamələrin tələblərinə riayət olunması bərpa edilmişdir. Bütün bunlar orduya çağırılan gənclərin az bir müddətdə əsl hərbçi kimi hazırlanmasına və formalaşmasına imkan yaratmışdır. Müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılmış, lazımi maddi-texniki baza və şərait yaradılmışdır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müasir standartlara cavab verən tədris bazası mövcuddur. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Gizirlər Məktəbi və zabitlərin təkmilləşdirilməsi kursları fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı fərmana əsasən Hərbi Akademiya fəaliyyətə başlamışdır.
Azərbaycan Ordusunun bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah və taktiki təlimlər, dərslər keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır.
Əldə olunan nəticələr bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsinə və peşəkarlığına xidmət edir.
Azərbaycan Respublikasının 1994-cü ilin mayında NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulması NATO ilə əməkdaşlıqda yeni bir mərhələ idi. Silahlı Qüvvələrimizdə sülhməramlı tabor yaradılmış və bu taborun bir taqımı müxtəlif vaxtlarda Türkiyə taborunun tərkibində Kosovoda, bir bölüyü isə İraqda beynəlxalq sülhyaratma missiyasını müvəffəqiyyətlə yerinə yetirib. Hazırda bir bölüyümüz Əfqanıstanda Türkiyə taborunun tərkibində xidmətini uğurla davam etdirir.
1991-1994-cü illərdə Ermənistan Respublikası havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünün bərpası üçün bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də çox böyük işlər görmüşdür. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri məşğul olur. Onların göstərdiyi səylərə baxmayaraq, hələ də münaqişənin həllində bir nəticə əldə edilməmişdir. Ermənistanın dövlət rəhbərliyinin destruktiv mövqe tutması onun münaqişənin həllinin uzadılmasında maraqlı olduğunu açıq-aşkar göstərir. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan prezidenti ilə apardığı danışıqlarda nümayiş etdirdiyi qəti mövqe, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb etməsi Azərbaycan Ordusunun  şəxsi heyətini də yeni uğurlara ruhlandırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun ölkəmiz üçün ən prioritet məsələ olduğunu dəfələrlə qeyd edərək, erməni təcavüzünün qarşısının alınması və gec-tez torpaqlarımızın ordumuzun gücü sayəsində düşmən işğalından azad olunacağını bir daha önəmə çəkərək Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq... Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir".
Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  verdiyi tapşırığa daim sadiq qalaraq gündəlik fəaliyyətimiz dövründə öz vəzifə borcumuzu vicdanla yerinə yetirməli, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməli, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəmizi artırmalı, intizamlı olmalı və torpaqlarımızın azadlığı uğrunda müqəddəs bir missiyanın yerinə yetirilməsinə hazır olmalıyıq.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi