Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 10:25

Ədəbiyyat cəmiyyətin söz daşıyıcısıdı

Rubrikamızın qonağı şair, publisist, elmi, publisistik, şeirlər kitablarının müəllifi, Bakı Dövlət Universitetinin kafedra müdiri Knyaz Aslandır.
- Söhbətlərimizdə müharibədən də danışırıq, ədəbiyyatdan da. Müharibənin ədəbiyyata, ədəbiyyatın müharibəyə təsirini kimsə inkar edə bilməz. Onların biri digərinə müəyyən dərəcədə təsir göstərir.
- Müharibə cəmiyyətin bütün sahələrindən keçir. Ağrıları-acıları illər keçsə də unudulmur. İsa İsmayılzadənin bir beyti müharibədən yazılmış ən gözəl, düşündürücü nümunələrdəndir. Şair müharibə gedən ərazilərdən min kilometrlərlə uzaqda olan Qarayazının sıxıntılarını ədəbiyyata gətirə bilib. Şeirdə etiraf edilməli bir ümumiləşdirmə də var:
Dava kəndimizdən uzaq olsa da,
Dava kəndimizin içindən keçib...
"Böyüdülmüş şəkillər" haqqında da eyni fikirləri deyə bilərik.
Ədəbiyyat həmişə dövlətlə, dövlətçiliklə, xalqla, millətlə bağlı ideyalar carçısı, ideyalar cəfakeşi olub. Ədəbiyyat - ...böyük ədəbiyyat... təkcə söz sənəti deyil, həm də sözlə yaşatmağa, sözlə istiqamətləndirməyə, sözlə məfkurə yaratmağa, mövcud məfkurəni dərinləşdirməyə qadirdir. Müharibə ədəbiyyata mövzu verir, ədəbiyyat döyüşən ordunun ruhunun...
- ...qələbə ovqatının...
...əzminin, qətiyyətinin daşıyıcısı olur.
- Bu baxımdan ədəbiyyat döyüşənlərin sırasında olmalıdır.
- Əlbəttə.
İkinci Dünya müharibəsi başlanan gün Səməd Vurğunun "Bilsin ana torpaq..." şeiri cəmiyyətin müharibəyə münasibətini müəyyənləşdirdi.  Təkcə müəyyənləşdirmədi, həm də hamını səfərbər etdi. Bu şeir əli silah tutanların düşüncəsinin söz təsdiqi idi. Böyük ədəbiyyat həmişə cəmiyyət üçün ağ işıq olub.
- Bu işıq həm də yaşanılan, yaranan tarixi yaşatma vasitəsidi.
Elədi. Hüseynbala Əliyevin şücaəti Məmməd Rahimin "Leninqrad göylərində" poemasında, Mehdi Hüseynzadənin əfsanəvi qəhrəmanlığı "Uzaq sahillərdə" romanında, Həzi Aslanovun hərbçi təfəkkürü Hüseyn Abaszadənin "General" romanında, ... tarixləşdi, o illəri yaşadan tarix oldu. Yəni, bədii əsərlər həm də tarixdi...
 - Tarix mühafizəkardı.
- Bu mühafizəkarlıq öz təsdiqini həm də bədii əsərlərdə tapır.
- Bəzən bədii əsərlərdə tarix təhrif olunur.
- Nə qədər təhrif olunsa da, tarixin tarixiliyinə zərrəcə xələl gətirə bilməz. Ona görə də tarixi mövzularda yazılan bədii əsərlərə tarix kimi baxmaq düzgün deyil.
"İlliada"dan üzü bu yana müharibələr tarixi ədəbiyyatda da yaşadılır. Biz Qarabağ müharibəsini ədəbiyyatda necə yaşadacağıq? - düşünülməlidir. Kim düşünməlidir? - şairlər, yazıçılar.
- Səməd Vurğunun "Geyib əsgər paltarını silahlandı qəhrəman" misrasını xatırlayıram. Zamanında Knyaz Aslan da əsgər paltarı geyinib...
- Taleyimdən razıyam ki, mən də zamanında hərbi mundir geyinmişəm. "Xalq Ordusu" qəzetinə gəlişim də, ezamiyyətlərə getməyim də, döyüşənlərdən məqalələr yazmağım da indi tarixdi. Həm də unudulmayacaq tarixdi. Sənin "Zaman, biz və kişiliyimiz" kitabında bir məqam düşür yadıma. 20-ci illərdə Faxralıda olmuş hadisədi. Fərari ərini öldürən Tükəzin hekayətini deyirəm. 92-93-cü illərdə ordu sıralarına qatılmayanların, qatılmaq istəməyənlərin nə vaxtsa Tükəz nifrətinə tuş gələcəyini təxmin edənlərin hamısı əsgərləşməliydi. Ədəbiyyat müharibəyə belə xidmət edir.
Nə sənin, nə mənim, nə də tarixin yaddaşından çıxmayacaq bir məqamı xatırlayaq. "Xalq Ordusu" qəzetinin fəaliyyəti naməlum müddətə dayandırıldı. Qəzetin bir qrup əməkdaşı Goranboy rayonuna ezam edildi. Biz orada nə etdik? - qəzetin səyyar  nömrələrini hazırladıq, Bərdə mətbəəsində A-3 formatda iki səhifədən ibarət olan bu qəzet o vaxtlar döyüşən ordunun ruh yüksəkliyinin cəfakeşi oldu. İnformasiyalar da verdik, reportajlar da, bu və ya digər döyüş haqqında müfəssəl məlumat da. Yusifin dediklərini heç birimiz heç zaman unutmayacağıq: "Biz sizin biriniz ola bilmərik, siz bizim birimizsiniz...". Bu səmimi dəyər bizim timsalımızda sözə verilmişdi, sözün timsalında "Xalq Ordusu"na - indi fəaliyyətini "Azərbaycan Ordusu" kimi davam etdirən ilk hərbi mətbuatımıza...
- Söz dedin, ürəyim sözə kökləndi...
- Müharibə taleyi yaşayan bir xalqın şairinin, yazıçısının, jurnalistinin ürəyi sözdən uzaq olmayıb. Xalqın arzuladığı gün üçün xidmət edənlərin ruhunun əsgəri olmayan şair, yazıçı, jurnalist, sənin təbirincə desək, say artırandı.
- Say artıranlar ədəbiyyatın gücünü dərk edə bilməz....
- Təbii ki, belədi. Ömür payını Vətən üçün, xalq üçün, dövlət üçün yaşamayanlar nə Aqil Abbasın "Dolu"sunu, nə Şərif Ağayarın "Gülüstan"ını, nə sənin "Müharibə"ni... dərk edə bilər, nə də digər belə əsərləri. Ədəbiyyat döyüşənlərin ruhunun silahıdı. Ruhun silahı xalqın tarixindən, mədəniyyətindən, ədəbiyyatından rişələnmirsə təsirsiz...
- ...bəlkə də gücsüz...
- Bəli, gücsüz olacaq. Aprel döyüşləri təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ədəbiyyat bunu necə yaşadı, necə yaşatdı, necə yaşadır?  - bir neçə ay məqalələr dərc edildi. Məqalə böyük ədəbiyyat deyil. Abdulla Qurbaninin "Lələtəpə",  sənin "Lələtəpə", "Bayraqtəpə" və bir də bir neçə başqa kitablardan savayı  əsər yaranmadı. Niyə? - ədəbiyyatın belə bir qələbəyə biganəliyini necə izah edəsən?
- Bəlkə də nə vaxtsa yazılacaq.
- Elə mövzular var ki, vaxtında yazılmalıdı. İstər tarixi əsər kimi, istərsə də bədii əsər kimi. Əsgər öz vəzifəsini yerinə yetirir - qələbə qazanır. Ədəbiyyat vəzifəsini lazımi, gərəkli səviyyədə yerinə yetirmir, yerinə yetirməli vəzifələrini təxirə salır. Bu, təkcə mənim qənaətim deyil. Tələbələrimizin əksəriyyəti bu fikirdədi. Onların sorğularına inandırıcı cavab verməyə çətinlik çəkirik. Ədəbiyyat tələbə-müəllim münasibətinə belə təsir göstərir. Arzulanmayan vəziyyətdi.
- O tələbələr sabah əsgər olacaq.
- Bəli. Sabahın əsgərləri bizi - şairləri, yazıçıları qınayır. Müharibə başa çatınca qınayacaqlar da. Bu qınağın tündləşdiyini sezmək çətin deyil. Milli mentalitetə görə üzə vurmasalar da belədi.
- İstər tarixi, istərsə də bədii əsərlər müharibə getdiyi dövrdə yaranmalıdı. Beləmi demək istədiniz, ya mən belə anladım?
- İkinci Dünya müharibəsi getdiyi illərdə də böyük əsərlər yazıldı, müharibədən sonra da. Mövzunun müharibəyə təsiri amilini unutmaq olmaz. Özünü düşmən tankının altına atan Etibar Hüseynovun, düşmənin mövqesinə tək gedən Mübariz İbrahimovun,... düşmənin təxribatlarının qarşısını alanda şücaət göstərənlərin, Çingiz Qurbanovun qəhrəmanlığı ədəbiyyat üçün mövzu oldu. Bunlar bədii əsərlərdə öz əksini dolğunluğu ilə tapa bilmədi. Unutmaq olmaz ki, müharibə ədəbiyyata mövzu verməklə yanaşı, onun fəaliyyət istiqamətini də müəyyənləşdirir. Təkcə nədən yazmağı deyil, necə yazmağı da xatırladır.
Ədəbiyyat öz vəzifələrini dolğunluğu ilə yerinə yetirməyəndə gərəkli, düşündürücü ssenarilər də yazılmır. Deməli, kinematoqrafiya da vəzifələrinin öhdəsindən gələ bilməyəcək. "Fəryad", "Ağ atlı oğlan", "Kəmər", "Dolu",... sonra? Bəs sonra? Yaranmır. Yaranmalıdı. Sənədli filmlərdə tarixilik, bu baxımdan reallıq öz əksini yetərincə tapmır. Çingiz Qurbanovun qəhrəmanlığı əbədiyyən unudulmayacaq. Abdulla Qurbaninin "Çingiz dastanı" əsəri yaşayacaq. Bəs onun haqqında çəkilmiş sənədli film necə?
- Bu kəlmələr müəyyən mənada ittiham təsirindədi.
Yox, ittiham çaları yoxdu, qınaq çaları var. Hamımızı qınayıram. Özümü də. Bu qınaq qazilərin qınağıdı, şəhidlərin ruhunun qınağıdı. Aprel zəfərini qazananların qınağıdı. Lələtəpədə dalğalanan üçrəngli bayrağımızın qınağıdı. Bu qınaqlardan yazacağımız əsərlərlə qurtara bilərik. Bəs tarix qınasa necə? Qurtara bilərikmi? Yox, qurtara bilmərik...
- Bəs publisistika?
- Publisistikamız ədəbiyyatımızla müqayisədə nisbətən çevikdi. Şəhidlərdən yazmaq şəhidlikdən yazmaq deyil. Həm də unutmayaq ki, müharibə şəraitində publisistikanın vəzifəsi cəmiyyətin ruhunu Böyük Qələbəyə, sabahlara kökləməkdi. Publisistikamız qələbənin söz daşıyıcısı olmalıdı. Nə xoş ki, bu, publisistikamızda var, duyulur.
- Son illər Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar həyata keçirildi. Bu təkcə jurnalistikayamı mövzu olmalıydı?
- Qətiyyən yox. Ədəbiyyat həm də dövlətlə, dövlətçiliklə bağlı olan hadisələrə, proseslərə də biganə qalmamalıdı. Zaman anlamında sabah hər qəhrəman haqqında əsərlər yazılacaq. Bəs qəhrəmanı qəhrəman kimi formalaşdıran şərait? Ordunun gücünü artıran, əsgərin mənəvi-psixoloji hazırlığını gücləndirən islahatların mahiyyəti öz əksini ədəbiyyatda da tapmalıdı.
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında səsləndirdiyi fikirlər təkcə Silahlı Qüvvələrin şəxsi heyəti üçün deyil, ümumən hər bir vətəndaş üçün əmrdir. Elə bizim üçün də.
Söhbətləşdi: Rəşid HÜSEYNOV, əməkdar jurnalist