Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Mart 2019 16:51

Türkiyə Respublikasının Milli Müdafiə Universitetində “Dağlıq Qarabağ problemi” və “Xocalı soyqırımı” mövzularında təqdimatlar keçirilib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında 10-cu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının Protokolu”na əsasən İstanbulda, Türkiyə Respublikasının Milli Müdafiə Universitetində “Dağlıq Qarabağ problemi” və “Xocalı soyqırımı” mövzularında təqdimatlar keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu mövzularda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Türk dilində təqdimat slaydlarından və əyani vasitələrdən geniş şəkildə istifadə edilməsi təqdimatçı və auditoriya arasında fikir mübadiləsinin daha səmərəli keçməsinə səbəb olub.
Polkovnik Abdulla Qurbanının Qarabağın tarixi, ermənilərin Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də Qarabağın dağlıq hissəsinə köçürülməsinin səbəbləri, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək, onu itaətdə saxlamaq, öz mövqelərini möhkəmləndirmək istəyən çar Rusiyasının XVIII əsrin sonlarından başlayaraq Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməsi, “Böyük Ermənistan” dövləti yaradılması üçün ermənilərə maddi və mənəvi dəstək verməsi, son 200 ildən çox bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin mərhələləri, havadarlarına arxalanan erməni-şovinist qüvvələrinin, “Armenakan”, “Qnçaq”, “Daşnaksütyün” partiyalarının təhriki ilə törədilən qətliamlar, soyqırımlar, Türkiyə və Azərbaycanın görkəmli şəxsiyyətlərinə qarşı terrorlar, o cümlədən, XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımım səbəbləri, nəticələri və dünyada tanıdılması istiqamətində görülən beynəlxalq əhəmiyyətli tədbirlər barədə təqdimatı 17 ölkəni təmsil edən yüksək rütbəli zabitlər, generallar və professor-müəllimlər tərəfindən həyəcanla dinlənilib, onlarda təcavüzkara qarşı kəskin nifrət hissələri oyadıb.
Mərasim iştirakçıları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, təbliği işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində bundan sonra da Azərbaycan xalqının yanında olacaqlarını bildirib, insanlığın əleyhinə yönəldilmiş Xocalı soyqırımı kimi son dərəcə ağır bir hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini tezliklə alacağına əminliklərini vurğulayıblar.
Milli Müdafiə Universiteti rektorunun müavini general-mayor Celalettin Bacanlı polkovnik Abdulla Qurbanini 15 ildən çoxdur ki, tanıdığını, yaradıcılığına yaxından bələd olduğunu qeyd edərək, onun Vətən qarşısındakı xidmətlərini və bugünkü tarixi faktlara əsaslanan geniş və əhatəli çıxışını yüksək dəyərləndirib. C.Bacanlı nəzərə çatdırıb ki, A.Qurbani hələ 2005-ci ildə nəşr olunmuş “Qar bəbirləri” kitabında onun xidmətləri barədə də kifayət qədər məlumat verib, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlərini oxuculara təqdim edib.
Mərasimin sonunda Milli Müdafiə Universitetinin rektoru, Osmanlı tarixinin görkəmli tədqiqatçısı, əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş professor-doktor Erhan Afyoncu çıxış edərək təqdimatların yüksək səviyyədə təşkilinə göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova və təqdimatçı zabitə rəhbərlik etdiyi universitetin kollektivi adından minnətdarlıq edib və polkovnik Abdulla Qurbanini təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırıb.
Professor-doktor E.Afyoncu müəllifi olduğu “Osmanlı tarixi” adlı kitaba avtoqraf yazaraq onu Azərbaycanın Müdafiə nazirinə çatdırmağı xahiş edib.
Milli Müdafiə Universiteti və səfər təəssüratları barədə A.Qurbani deyib: “Dəfələrlə qardaş Türkiyədə olmuşam. Bakı Bələdiyyə Teatrının yaradıcı heyəti müəllifi olduğum “Türk Sancağı” adlı tarixi dram əsasında hazırladığı tamaşanı İğdır, Kars, Ərzurum, Yozqat və Ankara şəhərlərində nümayiş etdirərkən mən də həmin tamaşalar öncəsi türk qardaşlarımızın qarşısında çıxışlar etmişəm. Ötən il Ankarada Şəhidləri anma mərasimlərində Türkiyənin bütün bölgələrini təmsil edən şəhid ailələri ilə görüşmüş, ayrı-ayrı tədbirlərə qatılmışam. Ancaq bu dəfəki mərasim daha məsuliyyətli, daha ciddi, daha qürurverici bir tədbir idi. Əvvəla, təqdimat nüfuzlu bir məkanda – dünyanın bir çox ölkələrinin yüksək rütbəli zabitlərinin təhsil aldıqları Türkiyə Respublikasının Milli Müdafiə Universitetində keçirilirdi. Bu universitet 3 il öncə Milli Müdafiə Nazirliyinə bağlı olaraq yaradılan dünyanın ən böyük ali hərbi təhsil qurumudur. 2016-cı ilə qədər Türkiyədə mövcud olan hərbi məktəblər: Quru, Dəniz, Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldıqları ali hərbi məktəblər, həmçinin tam hərbi təhsil verən hərbi akademiyalar Milli Müdafiə Universitetinin tərkibinə daxil edilib və öz nizamnamələri əsasında fəaliyyət göstərirlər. Belə bir xüsusi təyinatlı təhsil ocağı kompleksində fəaliyyət göstərən Türkiyə Respublikası Baş Qərargahının Hərbi Oyunlar və Mədəniyyət Mərkəzinin Atatürk salonunda Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar aparmaq üçün mənə göstərdikləri etimada görə Azərbaycan və Türkiyə Respublikalarının Müdafiə nazirliklərinin rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm. Bu təqdimatlar Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu kimi tədbirlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğundur”.