Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2021 13:10

Şəhid Vüqarın doğum günündə Türk əsgəri Həsəni Bəşir və kəndin ilk şəhidi Fariz də xatırlanıb

Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfov 10 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, “kapitan” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib.
Bu, Ordubad rayonunun ucqar Dırnıs kəndindən başlayıb müqəddəs ziyarətgahları ilə məşhur olan Cəbrayılda şəhidliklə sonuclanan bir Azərbaycan gəncinin, Azərbaycan zabitinin qısa və şərəfli ömür yoludur.
Müdafiə Nazirliyinin rəsmiləri, ailə üzvləri, yaxınları, döyüşçü dostları, Sabunçu və Ordubad rayonlarının bir qrup sakini avqustun 10-da İkinci Şəhidlər xiyabanına gələrək şəhid zabit Vüqar Nəcəfovun məzarını ziyarət ediblər.
Şəhidin doğum günü münasibətilə keçirilən mərasimdə respublikamızın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Ziyarətçilər qarşısında çıxış edən polkovnik Abdulla Qurbani bütün bölgələrimizdən pərvazlanan igidlər kimi ordubadlı  gənclərin də Vətən uğrunda, müstəqilliyimiz uğrunda mübarizədə, döyüşlərdə həmişə öncüllər sırasında olduğunu bildirib. Vaxtilə İkinci Dünya savaşında dövrün ən yüksək “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülən general-mayor Nəcəfqulu Rəfiyevin, Buhenvald ölüm düşərgəsində gizli antifaşist təşkilatının rəhbərlərindən biri olmuş əfsanəvi azərbaycanlı qəhrəman Əkbər Ağayevin və faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olan dünya şöhrətli alimimiz akademik Yusif Məmmədəliyevin də Ordubadın yetirdiyi görkəmli şəxsiyyətlərdən olduğunu qeyd edib.
Dırnıs kəndinin tarixinə və sakinlərinin əməksevər, vətənpərvərliyinə yaxından bələd olan A.Qurbani nəzərə çatdırıb ki, keçən əsrin əvvəllərində öz bədnam niyyətlərini Türkiyədə həyata keçirə bilməyən qaniçən Andranikin qiyamçı terror dəstələri tez-tez Naxçıvanın da kəndlərinə hücum edir, yaşayış məntəqələrinə od vuraraq yandırır, qadınlara, uşaqlara, qocalara aman vermədən vəhşicəsinə qətlə yetirir, minlərlə günahsız insanın qanını axıdırdılar. Quduzlaşmış erməni cəlladları ağlasığmaz amansızlıqlarla südəmər körpələri süngülərə, şanalara sancır, ahıl insanların kürəklərinə yanar samovarlar bağlayır, adamları diri-diri quyulara dolduraraq öldürür, məscidlərə toplayaraq onlara od vururdular.
Carbas dağında özlərinə mövqe seçmiş daşnak tör-töküntüləri Dırnıs kəndinin üzərinə od ələyir və kəndi daim təhlükə altında saxlayırdı. Belə bir müdhiş zamanda Türk qardaşlarımız harayımıza gələrək kəndin igid oğulları ilə birlikdə düşmənin layiqli  cavabını veriblər. Türk zabiti Həsəni Bəşir və Mərcan çavuş haqqında əfsanəyə çevrilən xatirələr bu gün də ordubadlıların qan yaddaşından silinməyib.
Mərasimdə vurğulanıb ki, Türk qardaşımız Həsəni Bəşir Vüqar yaşda olanda Ağamət dərəsində düşmənlər tərəfindən qətlə yetirilsə də, bütün kənd əhalisi köməyə gələn igid məhmətciklərlə çiyin-çiyinə verərək erməni quldurlarının bu dağlardan, dərələrdən tamamilə təmizlənməsinə nail olublar. Həsəni Bəşirin nəşi kəndə gətirilərək böyük izdihamın iştirakı ilə Sənək dağının ətəyində dəfn edilib.
Sovet ideologiyasının sərt rejiminin tüğyan etdiyi zamanlarda bütün qadağalara baxmayaraq, igid türk əsgərinin məzarı yerli əhali tərəfindən mühafizə edilib, üzərinə ağ mərmərdən baş daşı qoyularaq elin ziyarətgahına çevrilib.
Əsrin sonlarında, 90-cı illərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətlərində erməni silahlı birləşmələri yenidən baş qaldıranda, təxribatlar törədəndə, ərazilərimizə hücum cəhdləri ediləndə kəndin  cavanları bu məzarın önündə and içərək Vətənin müdafiəsinə qalxıb, ata-babalarımızın qəhrəmanlıq ənənələrini döyüşlərdə uğurla davam etdiriblər. Onlardan biri də 1992-ci ildə Sədərəyin müdafiəsində şəxsi igidlik və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan Fariz Sabir oğludur. Kəndin ilk şəhidi ağsaqqalların məsləhəti ilə Sənək dağında, qəhrəman Türk əsgərinin məzarı ilə yanaşı dəfn edilib. İndi bu zirvədə 10-dan  çox şəhid məzarı var.
Şəhid V.Nəcəfovun müəllimi Rayət İmaməliyev öz sevimli şagirdi haqqında xatirələrini bölüşüb: “Vətənpərvər, çalışqan şagird idi. Peşə seçimini edəndə heç də təəccüblənmədim. Axı onun atası da kəndimizdə mahir döyüşçü kimi ad çıxarıb. Bir də ki, bu gün bütün ixtisaslarla  yanaşı, peşəkar hərbçilərə də böyük ehtiyacımız var. Biz Vüqarı Həsəni Bəşirin və şəhidlərimizin uyuduğu müqəddəs məkandan Bakıya yola saldıq. Böyüklər xeyir-dua verdilər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Valideynləri onu diqqətdən kənarda qoymayaraq Bakı şəhərinə köçdülər. Daim onun təhsili ilə maraqlanırdım. Bir gün eşitdim ki, artıq hərbi məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu müvəffəqiyyətlə bitirib, Xocavənd rayonu istiqamətində ön səngərdədir.
Hər dəfə kəndimizə gələndə ilk üz tutduğu yer yenə də Sənək dağı olardı. Böyük arzularla yaşasa da, arzusuna çatmaq ona qismət olmadı. Ancaq təsəllimiz ondan ibarətdir ki, qanı yerdə qalmadı, intiqamı döyüş meydanında alındı, tarixi ədalət bərpa edildi və torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq”.
Rayət müəllim şəhidin valideynlərinə bir daha səbir-dözüm arzulayıb və Vüqarı yola salarkən dediyi türk şairi Mehmet Emin Yurdakulun məşhur şeirindən parçalar söyləyib:
Git evladım, yıllarca ben oğulsuz kalayım,

Şu yaralı bağrıma kara taşlar çalayım.

Hadi yavrum, hadi git, ya gazi ol, ya şehit!..
Şəhidin atası Aydın Nəcəfov Naxçıvanın igid müdafiəçilərindəndir. Ordubadın ilk könüllü özünümüdafiə dəstəsinin tərkibində Soyuqdağda, Sədərəkdə, Kərməçataqda, Şadada, Ağbulaq dağlarında, Qara Quzeydə böyük fədakarlıqlar göstərib. 1992-ci ilin sentyabrında erməni quldurları pusqu quraraq çoban Əşrəf Abbasovla Xəlil Xəlilovu əsir götürüblər. Onların nə öldüsündən, nə də qaldısından xəbər yox idi. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin sayəsində dağlarda axtarışların  aparılması məqsədilə helikopter göndərilib və bir neçə gündən sonra ermənilər  tərəfindən işgəncə ilə öldürülən çobanların nəşi tapılaraq Ordubad şəhərinə gətirilib.
Malik İbrahim  qəbiristanlığında keçirilən dəfn mərasimində çıxış edən ulu öndərimiz Heydər Əliyev şəhidlərin ailələrinə başsağlığı verib və xalqı birliyə, düşmənə qarşı mübarizədə ayıq-sayıq, barışmaz olmağa çağırıb. O gün Aydın Nəcəfov da Ordubadın bir qrup dəliqanlısı ilə birlikdə çobanların intiqamını tezliklə alacaqlarına and içərək döyüşlərə yollanıb və elə həmin günün axşamı düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurublar.
Aydın Nəcəfov çıxış edərək deyib: “Müharibə bizim taleyimizə yazılıb. Mən də gəncliyimi səngərlərdə keçirdim, oğlum da. Ancaq fəxr edirəm ki, biz istəyimizə nail olmasaq da, oğlum və onun sıralarında zabit kimi xidmət etdiyi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qısa bir zamanda xalqımıza böyük Zəfərin sevincini yaşatdı. Halal olsun oğlum, sən həm Həsəni Bəşirin, həm də Farizlərin qanını yerdə qoymadın. Atanın çörəyi, ananın südü  halalın olsun! Sən mənim adımı oğluna vermişdin. Əmin ol ki, oğlum, balaca Aydın da babasının, atasının yolunu davam etdirəcək. Nə qədər canimda can var bu arzuma çatmaq üçün çalışacağam”.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kapitan Vüqar Nəcəfov nümunəvi və peşəkar zabit kimi xidmətdə həmişə fərqlənib, komandanlığın etimadını doğruldub, şəxsi heyət içərisində sayılıb-seçilən zabitlərdən biri olub. Sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)” yubiley medalı, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonra şəhidin ailəsinə Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Vətən müharibəsi şəhidləri” adlı xatirə kitabının nüsxəsi təqdim edilib.
Türk qanını coşduran “Mehtər” marşının sədaları altında tədbir başa çatıb.