Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2019 16:00

Şəhid əsgər yad edilib, qazi əsgərə döyüş medalı təqdim olunub

Əsgər olmaq böyük şərəfdir. Əsgər Vətən əmanətidir. Qədirbilən xalqımız və dövlətimiz öz əsgərinə həmişə xüsusi önəm verib, onu digər vətəndaşlardan yüksəkdə tutub. Əsgər adına nəğmələr, dastanlar qoşulub, haqqında kitablar yazılıb, filmlər çəkilib, şərəfinə möhtəşəm abidələr ucaldılıb. Hər yerdə, hər məclisdə əsgər adı hörmətlə çəkilib, əsgər ailəsinə ehtiram göstərilib. Əsgərlərimiz isə xalqın və dövlətin bu isti münasibətindən daha da ruhlanaraq göstərilən böyük etimadı Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını, üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə, vicdanla yerinə yetirməyə çalışıblar.
Hər bir Azərbaycan əsgəri yaxşı bilir ki, o öz doğma torpağını, öz yurd-yuvasını, öz xalqını, öz ata-anasını, doğmalarını, xalqımızın əsrlərdən bəri yaratdığı mədəniyyəti qoruyur. Ona Vətənin, sərhədlərimizin müdafiəsi kimi müqəddəs bir vəzifə etibar edilib.
Hər bir əsgər yaxşı başa düşür ki, ordu xeyriyyə müəssisəsi deyil ki, orada rahatlıq tapasan. Ordunun çətinlikləri, qanlı-qadalı, heç də hamar olmayan yolları, ağrısı-acısı, gedər-gəlməz səfərləri var. Əsas məsələ bu keşməkeşli yollarda büdrəməmək, qələbəyə inam hissini itirməmək, hərbin çətin yollarında Vətən naminə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməkdir.
Azərbaycan əsgəri təkcə silah, texnika ilə deyil, həm də xalqımızın böyük məhəbbəti, sevgisi ilə silahlanır. Onu cəbhədən-cəbhəyə, qələbədən-qələbəyə aparan xalqın mənəvi dəstəyidir. Arxasında böyük bir xalqın durduğunu, ona ümid bəslənildiyini, güvənildiyini hiss edən əsgər daha da güclüdür, daha da qüvvətlidir, daha da yenilməzdir.
Gənclərimiz vaxtı gələndə  böyük həvəslə həqiqi hərbi xidmətə yollanır, valideynlər onları şadyanalıqla əsgərliyə yola salırlar. Həm əsgərlərimiz, həm də onların valideynləri yaxşı bilirlər ki, əsgərlik dövrü hər bir gənci möhkəmləndirir, cəsarətləndirir, onu daha da dözümlü edir, bütün çətinliklərə dözməyə öyrədir. Əbəs yerə deməyiblər ki, əsgərlik kişilik məktəbidir.
Əsgəri güllə öldürməz, müharibədə sağlamlığını itirən döyüşçünü yaraları göynətməz, şəhid valideynlərini övlad itkisi yandırmaz. Onları yalnız laqeydlik, unutqanlıq öldürər, göynədər, yandırar. Bu gün müstəqil respublikamızda əsgərə də, müharibədə sağlamlığını itirən döyüşçüyə də, şəhid valideynlərinə də münasibət tamamilə bambaşqadır. Onların problem və qayğıları dövlət səviyyəsində ardıcıl olaraq öz müsbət həllini tapır.
Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi “Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ona görə də biz heç vaxt bunu unutmamalıyıq və orduya olan qayğını daim əsas vəzifələrimiz kimi dərk etməliyik” fikirləri bu gün də aktualdır və Ali Baş Komandan İlham Əliyevin prezident kimi fəaliyyətində də prioritetdir. Ordumuzun gücü isə onun sıralarındakı əsgərlərin peşəkarlığından, döyüş və mənəvi-psixoloji hazırlığının, xüsusilə də vətənpərvərlik hissinin yüksək olmasından çox asılıdır.
Bütün bu məsələlər barədə Şəmkir hərbi birliyində keçirilən növbəti vətənpərvərlik tədbirində ətraflı söhbət açılıb.
Müdafiə Nazirliyi və Bakı Bələdiyyə Teatrnın birgə təşkilatçılığı ilə reallaşan “Əsgər şöhrəti gecəsi”ndə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla yad edilib və Azərbaycan Ordusunun ilk  döyüşçülərindən olan, Çingizlə eyni soyadı daşıyan qazi əsgər İsmayıl Qurbanova isə döyüş medalı təqdim olunub. Tədbir iştirakçıları bir daha şahidlik ediblər ki, həqiqətən də heç kim unudulmur, heç nə yaddan çıxmır. Əsgər ömrü şərəflidir, əsgər ölməzdir, əsgər unudulmazdır, əsgər adı, əsgər şöhrəti tariximizdən silinməzdir və əsgər hər birimizdən Allaha bir köynək daha  yaxındır.
Tədbir iştirakçılarını salamlayan general-mayor Xəqani Cəbrayılov Azərbaycan əsgərinin şücaətindən, rəşadətindən danışıb. Torpaqlarımızı zəbt edərək varımızı, dövlətimizi talamaq məqsədilə ölkəmizə qoşun yeridən  yadellilərin qarşısına mərdanə çıxan oğulların dönməzliyindən, əfsanəyə çevrilmiş qəhrəmanlıqlarından söhbət açılıb. Keçən əsrin əvvəllərində  şəhidlik geyərək daşnak-bolşeviklərə qarşı mərdliklə vuruşan, İkinci Cahan savaşında Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçən ata-babalarımız yad edilib, Birinci Qarabağ müharibəsinin döyüş meydanlarında əcdadların qəhrəmanlıq ənənələrini davam etdirən, şəhidlik zirvəsinə ucalan, eləcə də 2016-cı ilin Aprel, 2018-ci ilin isə May döyüş əməliyyatları zamanı düşmən təxribatlarının qarşısının alınmasında, bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını paytaxt Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradlara gətirərək nümayiş etdirən ordumuzun  mübariz əsgərlərinin şəninə xoş sözlər deyilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Hər bir peşə şərəflidir. Ancaq Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir” fikirləri ilə çıxışına başlayan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “Ədəbiyyatda və incəsənətdə qəhrəman əsgər obrazı” mövzusunda geniş məruzə edib. Öz əsərlərində qəhrəman əsgər obrazı yaradan və onlara ümumxalq sevgisi qazandıran, əbədiyaşar ömür bəxş edən şair və yazıçılarımızın, rəssam və heykəltaraşlarımızın, bəstəkarlarımızın ən gözəl əsərləri nümunə göstərilib.
Qeyd olunub ki, bu gün də  ədəbiyyat və incəsənətimizdə ordu mövzusu, əsgər həyatının tərənnümü daim yaradıcı insanların diqqət mərkəzindədir. Azərbaycan əsgərinin şərəfinə neçə-neçə vətənpərvərlik mahnıları, hərbi marşlar, sənədli və bədii filmlər, rəngkarlıq əsərləri, heykəltaraşlıq nümunələri yaradılıb. Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılan abidə bunun bariz nümunəsidir.
Məlumat üçün bildirilib ki, ordumuzun şəxsi heyətinin və xalqımızın haqlı olaraq “Döyüşən teatr” kimi tanıdığı Bakı Bələdiyyə Teatrı bu gün hərbi qulluqçuların qarşısında “Çingiz dastanı” ikihissəli mənzum tamaşa ilə çıxış edəcək. Abdulla Qurbaninin bu əsərinin baş qəhrəmanı da Azərbaycan Ordusunun əsgəridir. Bu əsgər isə hamımızın yaxşı tanıdığı, müasirimiz olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovdur.
Bakı Bələdiyyə Teatrının tamaşası  tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Hər bir əsgər Çingiz Qurbanovun qəhrəmanlığını döyüş meydanında təkrarlamağa hər an hazır olduğunu bildirib. Çingizin ata və anasının obrazlarını yaradan Əməkdar artistlər Səmayə Sadıxova  və Əfqan Soltanov tamaşadan sonra çıxış edərək nəinki səhnədə, hətta döyüşdə də öz doğma övladlarını belə şəhid versəydilər, bugünkü kimi qürur hissi keçirəcəkdilər deyiblər. Çingiz 22 yaşında şəhidlik zirvəsinə ucalıb. İllər ötəcək, əsrlər keçəcək, lakin o, ölməz bir qəhrəman kimi xatirələrdə, ürəklərdə əbədi yaşayacaqdır. Əsgər ölmür, əsgər unudulmur.
Sonra Azərbaycan Ordusunun ilk döyüşçülərindən biri, ehtiyatda olan gizir Qurbanov İsmayıl Cəlal oğlunun da tamaşaçılar arasında olduğu bildirilib. Nəzərə çatdırılıb ki, o, könüllü olaraq əsgər gedəndə çox gənc idi. Atası Cəlal kişi oğlunu çağırış məntəqəsindən yola salmışdı. İsmayıl əvvəl Bakı ətrafındakı hərbi hissələrdən birində gənc əsgərlər kursunu keçmiş və Qarabağ uğrunda döyüşlərə yollanmışdı. Tank əleyhinə divizyonda xidmət edirdi. Əsgər Qurbanov komandiri olduğu heyət üzvləri ilə  Ağdam, Ağdərə uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərmişdir.  Düşmənin 4 tankını, 1 PDM-ni  məhv etmişdi. O vaxtlar dövlət mükafatına təqdim edilsə də, bu mükafat  yalnız uzun illər keçdikdən sonra bu gün sahibinə təqdim ediləcək. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Birinci Qarabağ müharibəsinin əvvəllərində döyüşlərdə iştirak etmiş və fərqlənmiş hərbi qulluqçuların fəaliyyətlərini yenidən araşdırmış və vaxtilə orden-medallara təqdim edilən keçmiş döyüşçülərdən bir qrupu Prezidentin müvafiq sərəncamı ilə təltif edilmişlər. Onlardan biri də Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan müharibə veteranı İsmayıl Qurbanovdur.
Bildirilib ki, müharibə veteranı İsmayıl Qurbanovun atası Cəlal kişi bu gün həyatda yoxdur. O, artıq haqq dünyasındadır. Lakin keçmiş döyüşçü bu gün mükafatı almağa atasının adını daşıyan, əsgərliyini yenicə başa vurmuş oğlu Cəlalla gəlib.
Polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini  və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu gizir Qurbanov İsmayıl Cəlal oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında   Azərbaycan Respublikasının Prezidentinin Sərəncamını diqqətə çatdırdıqdan sonra general-mayor Xəqani Cəbrayılov müharibə veteranını yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib və alqışlar altında medalı onun sinəsinə sancıb.
Ehtiyatda olan gizir “Azərbaycan Respublikasına xidmət edirəm” deyərək göstərilən  diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını və Ali Baş Komandanın hər bir əmrinə bu gün oğlu ilə birgə hazır olduğunu bildirib.