Yanvarın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jan Pyer Ginyütü və Fransanın Rusiya Federasiyası və Azərbaycandakı müdafiə məsələləri üzrə hərbi attaşesi II dərəcəli kapitan Jirar Udeni qəbul etmişdir.
Qonaqları salamlayan general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Fransa Respublikası ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsində mühüm rol oynayır. ATƏT həmsədrlərinin sonuncu təkliflərinin bir “anlaşılmazlıq” olduğunu bildirən Müdafiə naziri onların regiona yeni təkliflərlə gəlişlərini gözlədiyini bildirdi.
Səmimi qəbul üçün nazirə təşəkkür edən cənab J.P.Ginyüt onu təzədən nazir təyin edilməsi münasibətilə təbrik etdi. Müalicədə olan prezident H.Əliyevə cansağlığı arzuladı və əlavə edərək bildirdi ki, Fransa Respublikasının prezidenti Jak Şirak Ankaraya prezident H.Əliyevə məktub göndərmişdir.
O, demişdir ki, Fransa-Azərbaycan siyasi münasibətləri çox yaxşı səviyyədədir. Həmsədrlərin sonuncu təklifini həqiqətən “anlaşılmazlıq” kimi qiymətləndirən səfir “ümumi dövlət” düsturunun Azərbaycan üçün qeyri-məqbul olduğunu qeyd etmiş və tezliklə hər iki tərəf üçün sərfəli olan təkliflərin qəbul edilməsini arzulamışdır.
Sonra Müdafiə naziri qonaqları Qafqaz regionundakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi ilə tanış etmişdir. O, Rusiya Federasiyasının son zamanlar Qafqazda həm siyasi, həm də hərbi baxımdan fəallaşdığını qeyd etmişdir. Bundan narahat olduğunu gizlətməyən general-polkovnik S.Əbiyev demişdir: “Əgər tarixən yanaşsaq deməliyik ki, erməniləri Azərbaycan ərazisində çar Rusiyası yerləşdirmiş, tarix boyu onları müdafiə etmiş və bu gün də etməkdədir. 1994-96-cı illərdə 1 mlrd. dollarlıq silah və sursatın, ötən ilin dekabrında 18 ədəd MİQ-29 təyyarələrinin və S-300 zenit-raket komplekslərinin Ermənistana verilməsi göstərir ki, Rusiya Minsk qrupunun həmsədri kimi artıq neytral ola bilməz. Bu barədə həmsədrlər və dünya ictimaiyyəti öz sözünü deməlidir. Necə olur ki, həmsədrlərdən biri münaqişədə iştirak edən tərəflərdən birinə hərbi yardım göstərir, o biri həmsədrlər susurlar?! Rusiya bir həmsədr kimi məsuliyyət hiss etməyincə bu məsələ həll edilməyəcək”.
Sonra hərbi attaşe II dərəcəli kapitan J.Uden Fransa-Azərbaycan hərbi əməkdaşlığı məsələsinə toxunmuşdur. Tərəflər razılaşmışlar ki, bu əməkdaşlığa azərbaycanlı zabitlərin Fransada hərbi təhsil alması ilə başlanılsın. Buna görə də yaxın gələcəkdə zabitlər üçün Bakıda fransız dili kursları təşkil edilməsi zərurəti qeyd olunmuşdur.