Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avro-Atlantik Tərəfdaşlıq Şurası Müdafiə Nazirlərinin dekabrın 5-i və 6-da Brüssel şəhərində (Belçika Krallığı) keçirilən növbəti sessiyasında iştirak etmişdir.
Sessiyanı giriş sözü ilə NATO-nun Baş Katibi lord Corc Robertson açmışdır. Sessiyada əsasən "Sülh Naminə Tərəfdaşlıq" Proqramına əlavə olaraq hərbi imkanlar, böhranlara münasibət göstərmə üzrə əməliyyatlar və hərbi islahatlar haqqında məsələ müzakirə edilmişdir.
Sonra məruzəçilər gücləndirilmiş və daha da çevik tərəfdaşlıq, Cənub-Şərqi Avropa Təşəbbüsünün əldə olunmuş inkişafı və sabitlik paktının dəstəklənməsi və münaqişələrin qarşısının alınmasında "Avro-Atlantik Tərəfdaşlıq Şurası - "Sülh Naminə Tərəfdaşlığ"ın rolu və digər məsələlərə toxunmuşlar.
Sessiyada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev çıxış etmişdir. NATO tarixində ilk dəfə onun yüksək tribunasında Azərbaycan dili səslənmişdir. Müdafiə naziri demişdir:
"Hörmətli cənab sədr!
Hörmətli həmkarlarım!
Dünyada gedən proseslərin analizi göstərir ki, regional konfliktlərin həlli terrorizmlə və başqa təhlükələrlə mübarizə yalnız birgə səylərlə mümkündür.
Biz hər dəfə qeyd etmişik ki, Azərbaycan Respublikası yeni Avropanın bir hissəsi olduğunu anlayır və Avropanın inteqrasiya proseslərindəki, xüsusilə təhlükəsizlik strukturlarındakı fəaliyyətini artırmaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir. Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirak etməsi bunu sübut edir.
Azərbaycan Respublikasının hərbçiləri Fərdi Əməkdaşlıq Proqramına uyğun olaraq bir çox sülhməramlı, Avropa təhlükəsizliyi sahəsində əməkdaşlıq, hərbi-mülki əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətlərinin idarə edilməsi və sairə kimi tədbirlərdə iştirak edirlər.
Azərbaycan Respublikasının NATO ilə Fərdi Əməkdaşlıq Proqramı artıq birtərəfli fəaliyyət göstərmir. Hal-hazırda bu, nəinki Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçilərinə ölkə xaricində keçirilən tədbirlərdə iştirak etməyə zəmin yaradır, eləcə də "Azərbaycanın ərazisində NATO və Tərəfdaş ölkələrlə birgə çoxmillətli sülhməramlı təlimlərin keçirilməsini də nəzərdə tutur. Gələn il Azərbaycanda "Kooperativ- Determineyşn 2001" çoxmillətli komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası 1997-ci il Planlaşdırma və Analiz Prosesi çərçivəsində öhdəsinə götürdüyü Qarşılıqlı Əlaqələndirmə Məqsədlərinin 24-ündən 22-sini müvəffəqiyyətlə yerinə yetirmişdir. İndiki mərhələdə bu il mayın 19-da NATO-nun Baş Qərargahında 19+1 çərçivəsində keçirilən görüşdə Azərbaycan Respublikası öz üzərinə 27 Tərəfdaşlıq Məqsədinin yerinə yetirilməsi öhdəliyini götürmüşdür.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyində NATO ilə əlaqələrin koordinasiyası üzrə yaradılmış şöbə hazırda fəaliyyət göstərir, Planlaşdırma və Analiz Prosesi müddəalarının reallaşdırılmasında bilavasitə məsuliyyət daşıyır.
NATO qüvvələrinin apardığı sülhün qorunması əməliyyatlarında birgə iştirak etmək üçün Azərbaycan Respublikası Prezentasiya sənədlərinə uyğun olaraq ayırdığı qüvvələrin hazırlanmasında yeni mərhələ başlanmışdır.
Kosovoda sülhün qorunması əməliyyatlarında Azərbaycan fəal iştirak edir. Bizim sülhməramlı taqımımız türk sülhməramlı taburu daxilində sülhün qorunması üzrə çoxmillətli qüvvələrlə birlikdə müvəffəqiyyətlə fəaliyyət göstərir.
Əməkdaşlıq fəaliyyətinə imkan yaradan müsbət təşəbbüsləri qeyd edərək, eləcə də onların reallaşmasına mane olan neqativ amillər üzərində dayanmaq istəyirəm.
Ermənistan-Azərbaycan münaqişəsinin tənzim edilmədiyi bir şəraitdə Ermənistanın böyük miqdarda silah və hərbi texnika ilə təchiz edilməsi Azərbaycan Respublikasını hədsiz dərəcədə narahat edir. Artıq bu problem uzun müddətdir ki, Cənubi Qafqaz regionunda öz neqativ təsirini göstərir.
1993-96-cı illərdə Ermənistana çoxsaylı silahların qeyri-qanuni verilməsinə əlavə olaraq, son illərdə oraya yenidən xeyli miqdarda müasir silah və hərbi texnika göndərilmiş, yeni irihəcmli aviasiya dəstəsi yaradılmışdır.
Cari ilin oktyabr-noyabr aylarında Gürcüstanın Axalkalaki hərbi bazasından Ermənistana 76 ədəd zirehli texnika keçirilmişdir.
Sirr deyil ki, Ermənistana verilən hərbi texnikanın böyük bir hissəsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşdirilir. Hal-hazırda Ermənistan işğal etdiyi ərazilərdə böyük miqdarda nəzarətdə olmayan silah və hərbi texnika yerləşdirmişdir.
Bu cür hərəkətlər onsuz da möhkəm olmayan vəziyyəti pozur və bütün Cənubi Qafqazda real təhlükə yaradır.
Azərbaycanın maraqlarına qarşı yönəlmiş təhdid və risqləri nəzərə alaraq, eləcə də ərazi bütövlüyünü bərpa və təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın NATO ilə xüsusi tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə bir daha Sizin diqqətinizi cəlb etmək istəyirəm. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli müzakirələrə hazırdır.
Diqqətinizə görə minnətdaram".
Sessiyada Ermənistan Respublikasının Müdafiə naziri Serj Sarkisyanın edilməyən çıxışının mətni iştirakçılar arasında yayılmışdır. Mətnin bir yerində bildirilir ki, Ermənistan Respublikası Türkiyə Respublikasının şəxsində NATO ilə həmsərhəddir. Lakin Ermənistan Respublikasının Türkiyə Respublikası ilə indiyədək diplomatik münasibətlər yarada bilməməsi, guya onun NATO ilə əməkdaşlıq imkanlarını məhdudlaşdırır.
Sessiyanın sonunda söz alan Türkiyə Respublikasının Müdafiə naziri Səbahəddin Çaxmaqoğlu Ermənistan Respublikasının Müdafiə nazirinə kəskin cavab vermişdir. O, demişdir: “Ermənistan Müdafiə nazirinin Türkiyə ilə bağlı sözlərini heyrətlə qarşıladım. Türkiyə ilə Ermənistan arasında normal əlaqələrin qurulmamasının səbəblərini erməni tərəfinin özlərində aramalarının doğru nəticə olacağının bilinməsini istəyirəm. Bunların səbəbi, Ermənistanın dost, qardaş Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi və 1 milyon insanı zorla qaçqın vəziyyətinə salmasıdır. Ermənistan bu torpaqlardan geri çəkildiyi və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllini qəbul etdiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması mümkün olacaqdır”.
Avro-Atlantik Tərəfdaşlıq Şurası Müdafiə Nazirlərinin sessiyası başa çatdıqdan sonra GUÖAM dövlətləri Müdafiə nazirlərinin növbəti görüşü keçirilmişdir. Görüşün sonunda GUÖAM Müdafiə nazirləri mətbuat üçün məlumat yaymışlar. Məlumatda deyilir:
“GUÖAM dövlət başçılarının 6 sentyabr 2000-ci il tarixli Nyu-Yorkdakı Sammitində qəbul olunmuş memorandumun qərarlarını inkişaf etdirərək, dekabrın 6-da Brüsseldə Avro-Atlantik Tərəfdaşlıq Şurası Müdafiə nazirlərinin sessiyasından sonra GUÖAM dövlətləri Müdafiə nazirlərinin növbəti görüşü olmuşdur.
GUÖAM Müdafiə nazirləri ənənəvi dostluq əlaqələrinin gələcək inkişafının, dövlətlərin silahlı qüvvələri arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin, regional və ikitərəfli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin, münaqişələrin sülh yolu ilə nizamlanması və sülhməramlı fəaliyyətin, Avro-Atlantik və Avropa strukturlarına inteqrasiyanın zəruriliyini qeyd etmişlər.
Sülhməramlı taburun yaradılması layihəsinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Nazirlər 2001-ci ilin mart ayında keçiriləcək görüş zamanı GUÖAM dövlət başçılarının təsdiqinə təqdim olunmaq üçün lazımi sənədlərin hazırlanması məqsədilə 2001-ci ilin yanvarında ekspert qruplarının görüşünü keçirmək barədə razılığa gəlmişlər.
Görüş zamanı nazirlər ümumi maraq doğuran bir sıra digər məsələləri də müzakirə etmişlər.
GUÖAM Müdafiə nazirləri Ukrayna Müdafiə nazirini Ukrayna Silahlı Qüvvələrinin yaranması günü münasibətilə təbrik etmişlər.
Görüşdə Azərbaycan, Moldova və Ukraynanın Müdafiə nazirləri iştirak etmişlər, Gürcüstan NATO-dakı Missiya rəhbərinin vəzifəsini müvəqqəti icra edən şəxslə təmsil olunmuşdur”.
Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 9-da Vətənə qayıtmışdır.