Dekabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevlixi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik etmiş və səfirlik etdiyi müddətdə Azərbaycan-Almaniya əlaqələrinin yüksələn xəttlə daha çox inkişaf etməsini arzulamışdır. O, qeyd etmişdir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Azərbaycanın Avropa Şurasına üzv qəbul edildikdən sonra daha da genişlənmişdir. Biz Almaniyaya Azərbaycan Respublikasının Avropa strukturlarına inteqrasiyası sahəsində göstərdiyi dəstəyə görə öz minnətdarlığımızı bildiririk.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azarbaycan münaqişəsinin meydana gəlməsi səbəbləri, respublikamıza qarşı aparılan işğalçılıq siyasəti nəticəsində ərazimizin 20 faizinin zəbt olunması, 1 milyondan artıq vətəndaşımızın öz torpaqlarından didərgin düşməsi və beynəlxalq təşkilatların bu gün də davam etdirdikləri vasitəçilik missiyası barəsində səfirə məlumat vermişdir. O, demişdir: “Mövcud olan nə sülh, nə müharibə vəziyyəti” bizi qane etmir. Eyni zamanda, vasitəçilərin irəli sürdükləri Azərbaycan və Ermənistan prezidentlərinin tam razılığa gələ biləcəkləri fikri də yanlışdır. Hesab edirəm ki, bu gün münaqişənin həllinin prinsiplərini bir daha elan etmək lazımdır. Dünya ictimaiyyəti birmənalı surətdə Ermənistanı təcavüzkar kimi tanımalı, ondan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsini və zəbt olunmuş ərazilərin qeyd-şərtsiz azad olunmasını tələb etməlidir. Məsələnin belə qoyuluşu münaqişənin həllini tezləşdirərdi”.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab K.Qrevlix Azərbaycanda missiyasına başlamaqdan məmnunluq duyduğunu və Almaniya-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə inkişaf etməsinə maraqlı olduğunu vurğulamışdır. Səfir demişdir: “Almaniya həmişə Azərbaycanın mövqeyini və ərazi bütövlüyünün bərpa edilməsi prinsipini beynəlxalq miqyasda müdafiə etmişdir. Biz münaqişənin region üçün nə dərəcədə təhlükəli olduğunu anlayır və məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq. Bu gün beynəlxalq təşkilatlar bu münaqişəyə hüquqi qiymət verməli və Sizin qeyd etdiyiniz kimi, hər kəs öz adı ilə çağrılmalıdır.
Biz sizin ağrınızı çox gözəl başa düşürük. İki yerə bölünmüş Almaniya da uzun müddət işğal altında qalmış, lakin tarix öz sözünü demişdir. Bu gün biz Avropanın aparıcı dövlətlərindən biriyik. Azərbaycanın da iqtisadi potensialı imkan verir ki, o yaxın gələcəkdə regionun ən inkişaf etmiş perspektivli dövlətinə çevrilsin”.
Sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişlər.