Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dekabrın 18-i və 19-da Brüssel şəhərində (Belçika Krallığı) keçirilən Avro-Atlantika Tərəfdaşlığı Şurası Müdafiə Nazirlərinin görüşündə iştirak etmişdir.
Görüşdə terrorizmlə və təhlükəsizliyə digər hədələrlə mübarizədə əməkdaşlığın yaxşılaşdırılması, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməli əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.
General-polkovnik S.Əbiyev dekabrın 19-da iclasda çıxış edərək demişdir:
“Amerika Birləşmiş Ştatlarında törədilmiş terror aktları Azərbaycan xalqının qəzəbinə səbəb olmuşdur. Son onillikdə təcavüzün və saysız terror aktlarının obyekti olmuş Azərbaycan həmişə terrorizmə, xüsusilə də beynəlxalq terrorizmin formalarından biri olan aqressiv separatizmə qarşı olmuşdur.
Azərbaycan Respublikası beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la bir alyansda olduğunu dərhal elan etmiş, antiterror əməliyyatlarının həyata keçirilməsinə əməli yardım göstərmək məqsədilə hava dəhlizindən birləşmiş qüvvələrin istifadəsi üçün icazə vermişdir və ehtiyac olarsa, bu sahədə digər məsələlər üzrə də əməkdaşlıq etməyə hazırdır.  
Ərazisinin 20%-i Ermənistan Respublikası tərəfindən işğal olunmuş, əhalisinin bir milyondan çoxu qaçqın olan və dözülməz şəraitdə yaşayan Azərbaycan Respublikası terrorizmin acı nəticələrini dəfələrlə öz üzərində hiss etmişdir və buna görə də terrorçuluğa və separatizmə münasibətdə daim özünün sərt mövqeini nümayiş etdirir. Ancaq təəssüf ki, bizim haqlı tələblərimiz və BMT Təhlükəsizlik Şurasının bu tələbləri özündə əks etdirən 4 Qətnaməsi yerinə yetirilməmiş qalır.
Ermənistan Respublikasının havadarlığı altında separatçılar tərəfindən törədilən terror aktlarına dünya ictimaiyyəti vaxtında diqqət yetirməmiş və lazımi qiymət verməmişdir. Diqqətinizə çatdırıram ki, Ermənistan və onun güc stukturları tərəfindən rəsmən ruhlandırılan və istiqamətləndirilən erməni terrorçuları təkcə son 13 il ərzində Azərbaycanda 32 terror aktı törətmişlər və bunların nəticəsində 2000 nəfərdən çox günahsız insan həlak olmuşdur: 1992-ci il fevralın 26-da bir gecə ərzində Xocalı şəhəri yer üzündən silinmiş və onun bütün əhalisi vəhşicəsinə qətlə yetirilmişdir; Azərbaycanın sərnişin qatarlarında (2 iyun 1993-cü il və 1 fevral 1994-cü il), Bakı Metrosunda (19 mart, 3 iyul 1994-cü il və 28 oktyabr 1995-ci il) partlayışlar törədilmişdir və s. Lakin bu terror aktları beynəlxalq miqyasda lazımi qiymətini almamışdır. Əksinə, bu terror aktlarını törədən şəxslər bəzi dövlətlər tərəfindən himayə olunur.
200 mindən çox azərbaycanlını Ermənistan ərazisindən qovduqdan sonra bu respublikanın xüsusi xidmət orqanları təcavüzkar separatizmi alovlandırmış və Azərbaycan ərazisində onlarla terror aktı həyata keçirmişlər. Bununla kifayətlənməyərək, qonşu Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərini terrorçu təşkilatlara və terroru dəstəkləyən rejimlərə silah ötürülməsi yolunda keçid məntəqəsinə çevirmiş, “Asala”, “PKK”, “Dro”, “Haydad” və digər terrorçu təşkilatların döyüşçülərinin hazırlanması üçün düşərgələrin fəaliyyətinə şərait yaratmış, eyni zamanda, beynəlxalq nəzarətdən kənarda qalan bu ərazilərdən narkotik maddələrin istehsalı və Avropaya tranziti üçün istifadə edir.
Hazırda Ermənistan Avropada yeganə dövlətdir ki, rəsmi şəkildə qonşu dövlətin, yəni Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin bir hissəsini özünə birləşdirilməsi haqqında qərar qəbul etmişdir (Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il qərarı). Ermənistan Avropada yeganə dövlətdir ki, qonşu dövlətin ərazi bütövlüyünü tanımır və onun ərazisinin bir hissəsini işğal edərək, orada çoxlu sayda nəzarətdən kənar silah və texnika cəmləşdirmişdir. Bu nəzarətdən kənar silahlar təkcə bölgə miqyasında deyil, eləcə də qlobal miqyasda sabitliyə təhlükə yaradır.
Əfqanıstanda terrorizmə qarşı mübarizədə nümayiş etdirilən qətiyyət erməni terrorçularına qarşı da göstərilməlidir. Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa qoşulan Azərbaycan dünya birliyi tərəfindən də belə bir əməkdaşlığa ümid bəsləyir”.
Çıxışın tam mətni görüş iştirakçıları arasında yayılmış və NATO-nun rəsmi internet saytında yerləşdirilmişdir (www.nato.int).