Aprelin 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Siyunu qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri onu yeni təyinatı ilə təbrik etmiş və Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsində ona uğurlar arzulamışdır. O, demişdir ki, Azərbaycan-Çin ikitərəf1i münasibətləri Azərbaycan müstəqillik əldə etdikdən sonra yaradılmışdır, Bu münasibətləri yaradan və inkişaf etdirən hər iki dövlətin rəhbərləridir. 2000-ci ilin may ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Pekində olmuş, ötən il isə ÇXR Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlmişdir. Bundan sonra da hər iki dövlətin Silahlı Qüvvələri nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Pekində Hərbi Akademiyada təhsil alırlar. Məqsədimiz hərbi əməkdaşlığı genişləndirməkdir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən səfir Ç.Siyun ÇXR-nın Müdafiə naziri general-polkovnik Çi Xaotyanın salamlarını ona çatdırmışdır.
Səfir Ç.Siyun qeyd etmişdir ki, bu gün Çin-Azərbaycan dövlətlərarası münasibətləri yaxşı vəziyyətdədir. Sizin 2000-ci ilin may ayında Pekinə rəsmi səfəriniz orada dərin izlər qoymuş və Çin-Azərbaycan hərbi əməkdaşlığını davam etdirmək üçün münbit şərait yaratmışdır.
General-polkovnik S.Əbiyev demişdir ki, ÇXR superdövlətdir və onun iqtisadi inkişaf tempi çox yüksəkdir. Azərbaycan xalqının tarixən də Çin xalqı ilə iqtisadi və ticarət əlaqələri olmuşdur. Məşhur ipək yolu Azərbaycandan keçmişdir və TRASEKA adlanan bu layihə bu gün bərpa olunmaq üzrədir.
Azərbaycan Respublikası ilə ÇXR-nın ərazi bütövlüyü məsələsində milli maraqları üst-üstə düşür və Azərbaycan vahid Çin ideyasını həmişə dəstəkləyir.
General-polkovnik S.Əbiyev sonra demişdir: “Bizim ən böyük həll edilməmiş problemimiz Dağlıq Qarabağ məsələsidir. Təəssüf edirəm ki, dünya ictimaiyyəti bu məsələnin ədalətli həlli istiqamətində Ermənistana heç bir təzyiq göstərmir. İşğal olunmuş ərazilərdə infrastruktur tam dağıdılmış, mənzil fondu qarət və mədəniyyət abidələri tamamilə məhv edilmişdir. Lakin bu uzun sürə bilməz.
Azərbaycan Ermənistandan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir. Ermənistan işğal olunmuş ərazilərdə külli miqdarda uçotsuz silah və sursat toplamışdır. Metsamor AES-dan çıxarılan nüvə tullantılarını bu ərazilərdə basdırır. Dağlıq Qarabağ narkotik maddələrin istehsalı mərkəzinə və tranzit yoluna çevrilmişdir. Eyni zamanda, Ermənistan bu ərazilərdə terrorçu qruplar hazırlayan mərkəzlər yaratmışdır.
Ermənistan Respublikası bu gün də Azərbaycana ərazi iddialarından əl çəkmir. O respublikamızın Naxçıvan bölgəsinə ərazi iddiaları ilə çıxış edir.
Biz bu məsələlərin həllində ÇXR-nın Azərbaycanı dəstəkləməsini istəyirik.
Səfir Ç.Siyun bildirmişdir ki, Çin bütün dövlətlər ilə, o cümlədən Azərbaycan dövləti ilə sağlam münasibətlər qurmaq arzusundadır. Azərbaycan neft dövlətidir və Çin şirkətləri də neft sektrorunda həyata keçirilən layihələrdə iştirak etməyə can atır. Bu sahədə onlar müəyyən uğurlar əldə etmişdir. ÇXR onun ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdardır. ÇXR bu məsələdə çox prinsipialdır və biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Dağlıq Qarabağ probleminə gəldikdə isə onu necə həll etmək Azərbaycanın suveren hüququdur. Arzu edirik ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi Cənubi Qafqaz regionuna sülh və əmin-amanlıq gətirsin. Məsələnin dinc yolla həllində ÇXR əlindən gələn yardımı əsirgəməyəcəkdir.
General-polkovnik S.Əbiyev görüş zamanı Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılması məsələsinə toxunaraq bildirmişdir ki, 1828-ci ildə çar Rusiyası tərəfindən Azərbaycanın Naxçıvan və İrəvan əraziləri hesabına yaradılmış “erməni vilayəti” ilk zamanlardan işğalçılıq siyasəti yürütmüş və iki əsrə yaxın bir müddətdə onun ərazisi Azərbaycan torpaqlarının hesabına 9 min kv. km-dən 29 min kv. km-ə çatmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də bu siyasətin davamı kimi ortaya çıxmışdır. SSRİ dağılan zaman Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək məqsədilə bu müharibəyə başlamışdır.
Azərbaycanlılara qarşı yürüdülən genosid siyasəti nəticəsində bu gün Ermənistan Respublikası, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının ərazisində bir nəfər də azərbaycanlı qalmamışdır. Ermənistan dövləti bu əməllərini ört-basdır etmək məqsədilə bu gün “erməni genosidi” məsələsini ortaya atmışdır.
Sonra general-polkovnik S.Əbiyev qonağı maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi böyük polkovnik Tszin Çjitsianq iştirak etmişdir.