Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyasının prezidenti cənab Rafael Estrellanı və NATO Parlament Assambleyasının Baş katibi cənab Saymon Lannı qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra bu səfərin Azərbaycan-NATO münasibətləri üçün əhəmiyyətli olduğunu vurğulamışdır. O, demişdir: “Azərbaycan Respublikası yeni Avropanın bir hissəsi olduğunu anlayır və Avropanın inteqrasiya proseslərindəki, xüsusilə təhlükəsizlik stukturlarındakı fəaliyyətini artırmaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir. Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramında fəal iştirakı və bu yaxınlarda Bakıda 18 NATO üzvü və tərəfdaş dövlətin iştirakı ilə keçirilən “Kooperativ Determineyşn – 2001” sülhməramlı komanda-qərargah təlimi buna sübutdur. Silahlı Qüvvələrimizin nümayəndələri 2001-ci il ərzində NATO-nun təşkil etdiyi 250-dən artıq tədbirdə iştirak etmişlər. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk. Ancaq əldə olunmuş nailiyyətlərlə kifayətlənmək olmaz. Azərbaycan bu istiqamətdə daha bir addım ataraq NATO-nun Parlament Assambleyasının assosiativ üzvü olmaq niyyətindədir. Hesab edirik ki, bu məsələdə Siz bizə dəstək olacaqsınız”.  
Cənab R.Estrella qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək bildirmişdir ki, Qafqaz regionunda Azərbaycanın sülhün və əmin-amanlığın möhkəmlənməsi istiqamətində atdığı addımlar və NATO ilə əməkdaşlığını gücləndirməsi təqdirəlayiqdir. O, demişdir: “NATO region dövlətləri ilə, o cümlədən Azərbaycan Respublikası ilə əməkdaşlığın indiki səviyyəsindən razı qalmaqla bərabər bundan sonrakı perspektivləri də müəyyənləşdirmək istəyindədir. NATO Parlament Assambleyasının Azərbaycan Respublikasının Milli Məclisi və hərbi strukturları ilə yaratdığı əlaqələr gələcək perspektivlərdən xəbər verir. Biz əməkdaşlığımızı bunda görürük”.
Sonra general-polkovnik S.Əbiyev qonaqlara Qafqaz regionundakı vəziyyət, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, yaranma səbəbləri və nəticələrini açıqlamış, Azərbaycanın 10 illik müstəqilliyi dövründə baş vermiş hadisələr haqqında ətraflı məlumat vermişdir. O, demişdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın, Avropanın, o cümlədən NATO-nun təhlükəsizlik strukturlarına inteqrasiya etməyə başlamışdır. Çünki biz hüquqi, demokratik dövlət quruculuğu yolundayıq. Lakin bu istiqamətdə bizim ən başlıca problemimiz təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır. Biz 1 milyondan artıq qaçqınların haqlarının pozulmasından, həmçinin bu günə kimi dünya ictimaiyyəti tərəfindən işğalçı Ermənistanın hərəkətlərinə müvafiq qiymətin verilməməsindən narahatıq.
Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin tənzim edilmədiyi bir şəraitdə Ermənistanın böyük miqdarda silah və hərbi texnika ila təchiz edilməsi Azərbaycan Respublikasını hədsiz dərəcədə narahat edir. Bu hərbi texnikanın böyük bir hissəsinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yerləşdirilməsini xüsusi qeyd etmək istərdim. Bu vəziyyət onsuz da kövrək olan sabitliyi pozur və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi üçün gərginlik mənbəyi yaradır.
Münaqişənin qısa müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunması üçün beynəlxalq ictimaiyyətin daha aktiv olması və Ermənistanın işğalçılıq iddialarından əl çəkməsinə məcbur edilməsi vacibdir. Bu istiqamətdə passiv mövqe tutulması münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər. Məhz bu səbəbdən biz NATO, o cümlədən digər Avro-Atlantika təhlükəsizlik strukturları ilə sıx əməkdaşlığın tərəfdarıyıq”.
Sonra tərəflər Azərbaycan Respublikası Silahlı Qüvvələrində aparılan islahatlar və NATO standartlarına keçid, Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri, regionda mövcud olan ictimai və hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişlər.
Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini cənab Ziyafət Əsgərov iştirak etmişdir.