Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyasının Bakıda keçirilən Rouz-Rout seminarında çıxış etmişdir.
Çıxışın mətnini təqdim edirik.
“Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqillik və milli suverenitet əldə etmişdir.
Azərbaycan Respublikası yarandığı gündən müstəqil siyasət yeridərək demokratik, hüquqi və dünyəvi dövlət qurur.
Demokratik islahatları həyata keçirmək üçün Azərbaycan cəmiyyətində sabitlik və dövlətin etibarlı təhlükəsizliyini təmin etmək vacib məsələlərdən biridir.
Azərbaycan müstəqillik siyasəti yeridərək Avropa və Avroatlantika məkanının təhlükəsizlik strukturları və NATO ilə fəal əməkdaşlıq həyata keçirir. Azərbaycanın əsas dövlət strukturlarından biri olan Silahlı Qüvvələri də bu siyasətdən kənarda qalmamışdır.
Azərbaycan dövlətinin təhlükəsizlik siyasəti dövlət tərəfindən həyata keçirilən siyasi,iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemi üzərində qurulmuşdur. Bütün bunlar milli müstəqilliyin müdafiəsinə, ərazi bütövlüyünə, istənilən xarici təcavüzə qarşı durmağa xidmət edir.
Azərbaycanın müdafiə siyasəti müdafiə kafiliyi prinsipi üzərində qurulmuşdur. Bu da öz ərazisində istənilən hərbi hücumu dəf etmək qabiliyyətini saxlamağı tələb edir.
Azərbaycan dövləti Silahlar Üzərində Nəzarət müddəalarını və Tərksilah üzrə öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür.
Azərbaycan Respublikası Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni imzalamış, inam və təhlükəsizlik tədbirlərini möhkəmləndirmək üzrə 1999-cu il Vyana Sənədində iştirak edən ölkədir.
Azərbaycan ATƏT regionunda təhlükəsizlik və əməkdaşlıq problemləri haqqında gedən cari danışıqları dəstəkləyən və bu prosesdə iştirak edən dövlətdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri 1991-ci ildən keçmiş SSRİ-də mövcud olan ordu quruculuğu prinsipləri əsasında yaradılmağa başlanmışdır. Azərbaycan dövləti Silahlı Qüvvələr quruculuğunu 1994-cü ilin may ayınadək işğalçı Ermənistanla apardığı aktiv müharibə şəraitində davam etdirmişdir.
Qısa müddət ərzində Azərbaycanda ordu quruculuğunun qanunvericilik bazası yaradılmış, konkret olaraq, Milli Məclis tərəfindən “Silahlı Qüvvələr haqqında”, “Hərbi Xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi Qulluqçuların Statusu haqqında” və digər qanunlar qəbul edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri üzərində demokratik nəzarət strukturu Azərbaycan dövlətinin qanunvericilik sənədləri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. O, əsas hərbi məsələlər haqqında sənədlərin layihəsini Milli Məclisə təqdim edir, zabitləri Silahlı Qüvvələrdə məsul vəzifələrə təyin və azad edir.
Baş nazir Silahlı Qüvvələrin təminatı və təchizatına görə məsuliyyət daşıyır.
Milli Məclis Azərbaycan Respublikası Silahlı Qüvvələri bölmələrinin NATO və digər sülhməramlı koalisiyaların əməliyyatlarında iştirakı haqqında qərar qəbul edir, büdcədən müdafiəyə ayrılan vəsaitin miqdarını təsdiq edir. Hərbi məsələlər üzrə beynəlxalq və dövlətlərarası müqavilələri ratifikasiya edir.
Hazırda Milli Məclisdə Təhlükəsizlik və Müdafiə məsələləri üzrə daimi komissiya fəaliyyət göstərir.
2004-cü ildə müdafiə xərclərinə Ümumdaxili Məhsulun 2,3 faizi ayrılmış, 2005-ci il üçün isə 2,4 faiz ayrılması planlaşdırılır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarından, Hava Hücumundan Müdafiə Qoşunlarından və Hərbi Hava Qüvvələrindən, Hərbi Dəniz Qüvvələrindən, həmçinin maddi-texniki təminat hissələri və bölmələrindən ibarətdir.
Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası hələ işğalçı Ermənistan dövlətilə müharibənin gedişində, konkret olaraq 4 may 1994-cü il tarixdə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur. 23 aprel 1996-cı il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti Prezentasiya Sənədini NATO-nun Baş Katibinə təqdim etmişdir.
Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindəki fəaliyyəti respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda NATO dövlətləri və tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə imkan yaratmışdır.
1997-ci ildə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə dövlət komissiyası yaradılmışdır.
Bu zamandan başlayaraq, Azərbaycan Silahlı Qüvvələrində və onun təhsil sistemində NATO standartlarına uyğun olaraq, islahatlara başlanılmışdır. İlk növbədə Silahlı Qüvvələrin təhsil sistemi müasir standartlara uyğun yenidən qurulmuş, Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanması istiqamətində məqsədyönlü konkret tədbirlər görülmüşdür.
1997-ci ildən etibarən Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yeni proqramla tədrisə başlamışdır.
1999-cu il fevral ayının 20-də Prezidentin Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradılmışdır.
2000-ci ildə Azərbaycan Tibb Üniversitetinin nəzdində Hərbi Tibbi Fakültə yaradılmış, 2001-ci ilin mart ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi fəaliyyətə başlamışdır.
2004-cü ildə isə Azərbaycan Silahlı Qüvvələri üçün kiçik mütəxəssislər hazırlayan Mərkəz yaradılmışdır. Eyni zamanda bu mərkəzdə NATO ilə əməkdaşlıq və ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində Azərbaycan Silahlı Qüvvələri üçün zabit və çavuş heyətinin hazırlanması planlaşdırılır.
Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri əsasən öz tədris müəssisələrinin hazırladığı zabit kadrları ilə təmin edilir.
Bundan əlavə Silahlı Qüvvələrimizin nümayəndələri Türkiyənin, Amerika Birləşmiş Ştatlarının, Rumıniyanın, Litvanın, Estoniyanın, Macarıstanın, İtaliyanın, Almaniyanın, Böyük Britaniyanın və digər ölkələrin ali hərbi məktəblərində təhsil alır, beynəlxalq təcrübə qazanmış kadr zabitləri kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edirlər.
Bu ildən başlayaraq Azərbaycanın ali hərbi məktəblərində xarici ölkələrin Silahlı Qüvvələrinin nümayəndələri təhsil alırlar.
Azərbaycan Respublikasının hərbi hissələrində şəxsi heyətin döyüş hazırlığı, idman və fiziki hazırlıq işi və digər tədbirlər NATO standartlarına uyğun keçirilir. Silahlı Qüvvələrin nizamnamələri, rəhbəredici sənədləri, təlimatları, xəritələri və digər sənədlərinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində iş gedir. 2004-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Döyüş hazırlığı Planı üzrə bütün təlimləri NATO-nun döyüş hazırlığı sənədlərinə uyğun keçirilir.
1997-ci ildə Azərbaycan Respublikası NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) proqramına qoşularaq, öz üzərinə 24 Qarşılıqlı Uyarlıq Məqsədi və 27 Tərəfdaşlıq Məqsədi götürmüş və onları yerinə yetirmişdir.
Azərbaycan öz üzərinə 2004-cü ildə PARP proqramı üzrə 33 Tərəfdaşlıq Məqsədi götürmüş və gələcəkdə onların sayını artırmağı planlaşdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin may ayında Brüsseldə Fərdi Tərəfdaşlığın Əməliyyat Planının (AYPAP) prezentasiya sənədini NATO-nun Baş Katibi cənab Yaap de Hoop Sxefferə təqdim etmişdir. Azərbaycan Respublikası 1998-ci ildə Qüvvələrin Statusu haqqında Sazişə (SOFA/PFP) və bu Sazişə əlavə protokoluna qoşulmuş, 1999-cu ildə bu sənədlər ratifikasiya edilmişdir.
Beynəlxalq əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin əsas inkişaf istiqamətlərindən biridir. Bu məsələdə xüsusi yer tutan NATO ilə əməkdaşlıq aşağıda göstərilən istiqamətlərdə həyata keçirilir və inkişaf etdirilir:
- sülhməramlı və humanitar xarakterli vəzifələrin işlənib hazırlanması üzrə çoxmillətli təlimlərdə iştirak etmək və təcrübə mübadiləsi;
- sülhməramlı, humanitar və digər əməliyyatlarda iştirak etmək üçün sülhməramlı və xüsusi bölmələrin hazırlanması;
- çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün təlim bazalarının hazırlanması;
- Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması.
Bu vəzifələri həyata keçirmək məqsədilə Azərbaycan Müdafiə Nazirliyi hər il NATO ilə Fərdi Tərəfdaşlıq Proqramını hazırlayır və bu proqrama uyğun olaraq Silahlı Qüvvələrimizin zabitləri NATO-nun keçirdiyi 250-yə qədər təlim, konfrans, seminar, kurs və digər tədbirlərdə iştirak edirlər.
Silahlı Qüvvələrimizin bölmələri Norveç, Türkiyə, Makedoniya, Kanada, Avstriya, Bolqarıstan, Amerika Birləşmiş Ştatları və digər ölkələrdə keçirilən “Kooperativ Banners”, “Kooperativ Best Effort”, “Kooperativ Ki”, “Kooperativ Determineyşn” və “Piis Bric” kimi təlimlərdə iştirak etmişlər.
NATO ilə genişlənən münasibətləri nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində NATO ilə Əlaqələrin Koordinasiyası şöbəsi, “Sülh Naminə Tərəfdaşlıq” Milli Təlim Mərkəzi, NATO-nun Standartlaşdırma Sazişləri üzrə komissiya, Azərbaycan Ali Hərbi Məktəbində isə NATO/Sülh Naminə Tərəfdaşlıq kafedrası yaradılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO üzvü və tərəfdaş dövlətlərdə keçirilən tədbirlərdə iştirak etdikləri kimi, Azərbaycanda da NATO tədbirləri keçirilir. Bakıda “Kooperativ Determineyşn-2001” komanda-qərargah təlimləri keçirilmişdir. Bundan əlavə Azərbaycanda NATO-nun seminarları, kursları, konfransları və digər tədbirləri keçirilir. Ancaq 2004-cü ildə Azərbaycanda NATO-nun 6 tədbiri keçirilmişdir.
Bu gün NATO-nun müxtəlif qərargah elementlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri NATO zabitləri qismində fəaliyyət göstərirlər. Belə ki, NATO-nun Brüsseldəki Baş Qərargahında, Mons, Neapol və Norfolk qərargahlarında Azərbaycan  zabitləri artıq 2 ildən çoxdur ki, xidmət edirlər.
Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlıq hər iki tərəfin ali rəhbərliyi səviyyəsində də davam etdirilir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə NATO-nun mənzil-qərargahında olmuş, NATO-nun Baş Katibi, onun müavinləri, NATO-nun Avropadakı Qüvvələrinin Ali Baş komandanı, Tərəfdaşlığın  Koordinasiya üzrə Qrupunun direktoru, NATO-nun Cənubi-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı və digər yüksək vəzifəli nümayəndələri müxtəlif zamanlarda Azərbaycana gəlmiş və faydalı məsləhətləşmələr aparmışlar.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri sülhyaratma fəaliyyətində də yaxından iştirak edir. 1997-ci ildə PARP proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı  bölüyü yaradılmış, sonradan bu bölük tabura çevrilmişdir. Gələcəkdə sülhməramlı briqadanın yaradılması planlaşdırılır.
Silahlı Qüvvələrimizin bir sülhməramlı taqımı 1999-cu ilin sentyabrından Kosovoda, digər taqımı 2002-ci ilin noyabrından Əfqanıstanda və bir bölüyü 2003-cü ilin avqustundan İraqda sülhməramlı  missiyanı yerinə yetirirlər. Onların xidməti haqqında aldığımız müsbət   rəylər göstərir ki, Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin hazırlığı yüksək səviyyədədir.
Azərbaycan NATO və tərəfdaş ölkələrlə hərbi sahədə ikitərəfli əməkdaşlıq qurmuş, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Bolqarıstan, Litva və Böyük Britaniya ilə müxtəlif sənədlər imzalamışdır.
Azərbaycan Respublikası prezidentinin müvafiq fərmanları ilə   Azərbaycanın bir çox ölkələrdə hərbi attaşelikləri, Avstriyada və NATO-dakı missiyamızda isə hərbi nümayəndəlikləri təsis edilmiş və fəaliyyət göstərirlər.
Hörmətli seminar iştirakçıları!
Çıxışımı yekunlaşdıraraq diqqətinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət çox gərgin və mürəkkəbdir. Bunun əsas səbəbi Ermənistan dövlətinin işğalçılıq siyasətindən əl çəkməməsidir. Atəşkəs rejiminin on il davam etməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində proqres əldə edilməmişdir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, 1 milyondan artıq Azərbaycan vətəndaşını məcburi köçkün və qaçqın vəziyyətinə salmış təcavüzkar Ermənistan münaqişənin həlli üzrə destruktiv mövqedədir.
Yalnız bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Bu gün məcburi köçkün və qaçqınlar Azərbaycanın 63 rayonuna səpələnərək çadır şəhərciklərində ağır və dözülməz şəraitdə yaşayırlar. Dağlıq Qarabağ bölgəsində isə 40-50 min nəfərə qədər erməni yaşayır. Bütün haqları tapdanmış 1 milyon Azərbaycanlının hüquqları 40-50 min nəfər erməninin maraqlarına qurban verilirsə, bu zaman hansı insan haqlarından və onun müdafiəsindən danışmaq olar?!
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi, regional və qlobal iqtisadi layihələrin həyata keçməsinə maneçilik törədir və Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatını ləngidir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsas hissəsi öz xidmətini səngər şəraitində davam etdirir. Bütün bunlar Azərbaycanın və onun Silahlı Qüvvələrinin NATO-ya və Avropanın təhlükəsizlik strukturlarına daha uğurlu inteqrasiyasına maneə törədir.
Ermənistan münaqişənin həlli üzrə beynəlxalq təşkilatların qərarlarını, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmir.
Yeri gəlmişkən onu da qeyd edim ki, NATO-nun Sülh Naminə Tərəfdaşlığın Çərçivə Sənədinin 2-ci bəndində göstərilir ki, bu Sənədə qoşulan Tərəfdaş dövlətlər öz üzərinə “... hər hansı dövlətin ərazi bütövlüyünə yaxud siyasi müstəqilliyinə qarşı müdaxilədən yaxud qüvvə tətbiqindən imtina etməsi, mövcud olan sərhədlərin tanınması və münaqişələrin sülh yolu ilə həll edilməsi haqqında” öhdəlik götürür. Həmin Sənədin 8-ci bəndində isə deyilir ki, “NATO Sülh Naminə Tərəfdaşlıq üzrə hər hansı fəal iştirakçı ilə, əgər bu Tərəfdaş öz ərazi bütövlüyünə, siyasi müstəqilliyinə yaxud təhlükəsizliyinə birbaşa təhdid hiss edərsə, onunla məsləhətləşmələr aparacaqdır”.
Ermənistan isə NATO-nun Sülh Naminə Tərəfdaşlığın Çərçivə Sənədinin 2-ci bəndində göstərilən öhdəlikləri yerinə yetirmir.
Biz hesab edirik ki, artıq NATO-nun bu məsələyə münasibət bildirməsinin vaxtı çatmışdır.
Azərbaycanın Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq, o bütün sahələrdə inkişafını uğurla davam etdirir. Avropanın və dünyanın təhlükəsizlik strukturlarına inteqrasiyada və NATO ilə əməkdaşlığın dərinləşməsində və genişlənməsində yeni-yeni nailiyyətlər əldə edir.
Bütün bunların əsasında isə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılaraq modernləşməsi və yenidən qurulması prosesi durur. Bu proses uğurla davam etdirilir.
Diqqətinizə görə təşəkkür edirəm”.