Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibinin elm, ətraf mühit və ictimai diplomatiya üzrə müavini cənab Jan Furneni qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq, onu Azərbaycanda NATO-nun “Yay Məktəbi” həftəsinin başlanması və 26 dövlətin nümayəndələrindən ibarət mötəbər bir heyətə başçılıq etməsi münasibətilə təbrik etmişdir.
Sonra o, Azərbaycanın müstəqillik əldə etməsi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, onun səbəb və nəticələri haqqında qonağa ətraflı məlumat vermişdir. O, demişdir: “Lakin belə ağır vəziyyətə baxmayaraq Azərbaycan Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyanı davam etdirir, Avropa Şurası, Avropa İttifaqı və NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində uğurla əməkdaşlıq edir. Azərbaycan hər il NATO eqidası altında keçirilən 300-dən artıq tədbirdə iştirak edir”.
General-polkovnik S.Əbiyev Azərbaycanın “Kooperativ Best Effort-04” təlimlərinə və İstanbul Sammitinə fəal hazırlaşdığını vurğulamışdır.
Cənab J.Furne səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür etmiş və söyləmişdir ki, Azərbaycanda “Yay məktəbi” həftəsinin keçirilməsi şübhəsiz ki, Azərbaycan-NATO münasibətlərinin hərtərəfli inkişafına öz müsbət təsirini göstərəcəkdir. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri zamanı NATO-nun Baş Katibi və digər ölkələrin səfirlərilə görüşləri çox maraqlı və əhəmiyyətli idi. Azərbaycan NATO-ya “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”nı təqdim edən ilk dövlətlərdəndir”.
Sonra o, NATO-da rəhbərlik etdiyi fəaliyyət sahəsi barəsində general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan-NATO münasibətləri üzərində müfəssəl dayanmış, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələr və onların təhlükəsizliyi barəsində qonaqla fikir mübadiləsi etmişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq demişdir: “Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi dörd qətnamənin tələblərini bu vaxta qədər yerinə yetirməmişdir. Bundan əlavə Ermənistan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularkən tərəfdaş dövlətlərin ərazi bütövlüyünü tanımaq haqqında öhdəlik götürmüşdür. NATO öz növbəsində ondan bu öhdəlikləri yerinə yetirməyi tələb edə bilər.
Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi faktı təkzibedilməzdir. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin bu vaxta qədər Ermənistanı aqressor dövlət adlandırmaması bizi təəccübləndirir. Bu, münaqişənin həllində ikili standartların olmasına sübutdur”.