Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Təhlükəsizlik və Tərəfdaşlıq üzrə yardımçısının müavini, Baş Katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, son zamanlar Azərbaycan-NATO münasibətləri daha da fəallaşmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2004-cü ilin mayında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (IPAP) NATO-nun Baş Katibinə təqdim etmiş və bu ildən Azərbaycan NATO ilə bu plan üzrə əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev qısa müddət ərzində “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” (İPAP) üzrə komissiya yaratmış, Müdafiə nazirinin əmrinə əsasən proqramın yerinə yetirilməsi üzrə plan tutulmuş və artıq onun müddəaları yerinə yetirilməkdədir. Biz İPAP-ın müddəalarını vaxtında yerinə yetirəcəyik.
Cənab R.Simmons səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, NATO-Azərbaycan münasibətlərini sizinlə yenidən müzakirə etdiyinə görə çox şadam. Bu gün “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” (İPAP) üzrə komissiyanın işində iştirak etdim və bu sahədə xeyli iş görüldüyünün şahidi oldum. Bu proqramın yerinə yetirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə təkan verəcəkdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, buna uyğun olaraq müdafiə xərclərinin artması bu proqramın uğurla yerinə yetirilməsinə zəmin yaradır. O, demişdir: “Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Kosovoda və Əfqanıstanda NATO əməliyyatlarına uğurlu töhvə verdiyinə görə sizə minnətdarıq. NATO-Azərbaycan münasibətlərinin perspektivləri böyükdür”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan İPAP-ın yerinə yetirilməsinə çox ciddi yanaşır. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması İPAP-ın müddəalarının yerinə yetirilməsinə və ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərinin uğurlu inkişafına maneçilik törədir. Yaxşı olardı ki, NATO Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində Azərbaycana açıq dəstək versin. Əgər Ermənistan dövləti beynəlxalq təşkilatların məsləhətlərindən nəticə çıxararaq beynəlxalq hüquq normalarının tələblərini yerinə yetirməsə, Azərbaycan özü ərazi bütövlüyünü bərpa edəcəkdir. Münaqişənin həll edilməməsi Azərbaycan-NATO münasibətlərinə mənfi təsir edən ən böyük problemdir. Sonra o, Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycanın iqtisadi inkişafının əsas atributları və digər məsələlər ətrafında cənab R.Simmonsla fikir mübadiləsi etmişdir.
Cənab R.Simmons cavab olaraq söyləmişdir ki, biz Azərbaycanla münasibətlərimizdə əldə etdiyimiz uğurları xüsusi qeyd edirik və ümid edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll ediləcəkdir.
Görüş zamanı Azərbaycan-NATO münasibətlərinin perspektivləri geniş müzakirə mövzusu olmuşdur.