Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çex Respublikası parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri cənab Yan Vidimin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, müstəqillik əldə etməsindən az vaxt keçməsinə baxmayaraq, Azərbaycan Respublikası böyük inkişaf yolu keçmişdir. Lakin o bu dövrü Ermənistan Respublikası ilə müharibə şəraitində yaşamışdır.
Ermənistan-Azərbaycan müharibəsi və bu müharibədə işğal olunmuş ərazilərdə infrastrukturun tamamilə dağıdılması haqqında qonaqlara məlumat verən nazir qeyd etmişdir ki, bunlara baxmayaraq, Azərbaycan bütün sahələrdə sürətli inkişaf etmiş, regionda və Avropada bir çox proqramlarda fəal iştirak etmişdir. Lakin bu layihələrin sürətlə gərçəkləşməsinə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi şübhəsiz mənfi təsir göstərir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin yaranması tarixinə toxunaraq qeyd etmişdir ki, Qafqazda heç vaxt Ermənistan dövləti olmamışdır. 1828-ci ildə çar Rusiyası Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarını işğal etdikdən sonra bu ərazidə “erməni vilayəti”ni yaratmış və buraya xaricdə yaşayan erməni əhalisini zorla köçürmüşdür. Şübhəsiz ki, Azərbaycan xanlıqlarının içərisində erməni dövləti ola bilməzdi.  
“Erməni vilayəti”nin ərazisi o zaman 9 min kv.km. olmuşdur. Sovet dövründə bu ərazi Azərbaycan torpaqlarının hesabına 29,8 min kv. km.-ə çatdırılmışdır. Bu gün Ermənistan tərəfi tarixi saxtalaşdırır və dünya ictimaiyyətini aldadaraq guya burada tarixən Ermənistan dövlətinin olduğunu iddia edir.
Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağa da ermənilər o zamanlar köçürülmüşdür. Azərbaycanın mərkəzində yerləşən Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi yoxdur.
Ermənistan 1988-ci ildə Azərbaycana ərazi iddiası ilə çıxış edərək, havadarlarının köməyilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonu işğal etmişdir. Azərbaycan ərazisinin 20 faizini təşkil edən bu torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı məcburi köçkün və qaçqın vəziyyətinə düşmüşdür.
Sonra general-polkovnik S.Əbiyev Çex parlamentarilərinə Ermənistanın öz işğalçılıq iddialarından əl çəkməyərək, BMT-nin Təhlükəsizlik Şurasının onun işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirməməsi və bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağda hakimlik edən qüvvələri isə separatçı adlandırması haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “Bizi dünya ictimaiyyətinin Ermənistandan nə üçün işğalçılıq siyasətindən əl çəkməməsini soruşmaması çox narahat edir. Bu vəziyyət də Ermənistanı yeni-yeni işğalçılıq iddialarına ruhlandırır. Arzu edirəm ki, Çex Respublikasının parlamenti situasiyanı dərindən öyrənsin və bu məsələdə öz sözünü desin”.
Cənab Yan Vidim səmimi qəbula və ətraflı məlumata görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək nümayəndə heyətinin üzvlərini ona təqdim etmişdir. O qeyd etmişdir ki, Bakıda keçirdiyimiz bütün görüşlərdə bizə Ermənistan-Azərbaycan münaqişəsi haqqında geniş məlumat verilmişdir. Çünki bu sizin dövlətinizin ən ağrılı problemidir. O, demişdir: “Bizim ölkəmiz ATƏT-in Minsk Qrupunun həmsədrlərini tez-tez qəbul edir. Ona görə də bu məsələ haqqında bizdə məlumat vardır. Təəssüf olsun ki, hələlik Minsk Qrupunun həmsədrlərinin işinin nəticəsi görünmür”.
O, fikrinə davam edərək söyləmişdir ki, çox yaxşı haldır ki, Azərbaycan dövlətinin başçısı bu münaqişəni dinc yolla həll etmək niyyətindədir. Biz də arzu edirik ki, bu münaqişə yalnız dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.
Sonra o, Çex Respublikası Silahlı Qüvvələrində aparılan islahatlar haqqında Azərbaycanın Müdafiə nazirinə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, strukturu, təminatı, təchizatı və büdcəsi haqqında qonaqlara məlumat vermişdir.
Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin ordu quruculuğuna da mənfi təsir etdiyinə toxunaraq demişdir: “ATƏT-in Minsk Qrupu tələb edir ki, münaqişə dinc yolla həll edilsin. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını planlı sürətdə məskunlaşdırır. Bu da bizim torpaqlarımızın anneksiyası deməkdir. Minsk Qrupunun bugünkü mövqei Ermənistan üçün əlverişlidir. Onun fəaliyyəti sanki Azərbaycan torpaqlarının anneksiyasını təsdiq etmək və işğalı qanuniləşdirmək məqsədi güdür. Minsk Qrupunun və dünya ictimaiyyətinin passiv mövqei Azərbaycanı məcbur edir ki, münaqişəni öz gücü ilə həll etsin, aktiv tədbirlər görsün”.
Cənab Y.Vidim general-polkovnik S.Əbiyevi diqqətlə dinləyərək söyləmişdir: “Mən sizin mövqeinizi bizim dövlətin rəhbərliyinə mütləq çatdıracağam”.
Görüşdə Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Yozef Vrabets iştirak etmişdir.