Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra doktor L.Bristou gəlişinin məqsədini açıqlayaraq söyləmişdir ki, York hersoqu şəhzadə Endryunun Azərbaycana səfərindən sonra Böyük Britaniyanın Azərbaycana marağı artmışdır. O, bildirmişdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ən önəmli məsələsidir. Biz ümid edirdik ki, bu münaqişə tezliklə öz həllini tapacaqdır. Birləşmiş Krallıq məsələnin həllinə indi də böyük maraq göstərir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Böyük Britaniya ilə həm NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq edir. Bizə məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Böyük Britaniyanın da marağı vardır. Biz Böyük Britaniya ilə əməkdaşlığımızın genişlənməsinin tərəfdarıyıq.
O, Azərbaycanın münaqişənin dinc yolla həllinə səy göstərməsindən söhbət açaraq söyləmişdir ki, təəssüf olsun ki, Ermənistanın destruktiv mövqe tutması səbəbindən münaqişənin həllində heç bir müsbət nəticə yoxdur. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmir və dünya ictimaiyyəti də Ermənistana öz qoşunlarını işğal  etdiyi torpaqlardan tezliklə çıxarması üçün heç bir təzyiq göstərmir. Azərbaycan heç bir zaman torpaqlarının Ermənistanın işğalı altında qalması ilə razılaşmayacaqdır. Biz bütün siyasi, iqtisadi vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edərək torpaqlarımızı azad edəcəyik.
Doktor L.Bristou cavab olaraq qeyd etmişdir ki, biz Azərbaycanın bugünkü siyasətini hansı amillərin müəyyənləşdirdiyini yaxşı başa düşürük. Azərbaycanın öz torpaqlarını azad etməyə haqqı vardır. Lakin Azərbaycan dövləti bu siyasətini balanslaşdırılmış şəkildə həyata keçirməlidir. Bu siyasət Azərbaycanın iqtisadi, siyasi inkişafını ahəngdar şəkildə formalaşdırmalı və nəhayətdə torpaqlarının dinc yolla azad edilməsinə gətirib çıxarmalıdır. O, demişdir: “Cənubi Qafqazda 3 il müddətində apardığım müşahidələr məni bu nəticəyə gəlməyə əsas verir ki, erməni cəmiyyəti xarici qüvvələrin təsirinə məruz qalmışdır”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz hesab edirik ki, Ermənistan dövlətinin yeritdiyi bugünkü siyasət onun tam iflasına gətirib çıxaracaqdır. O, demişdir: “Tarixi yaddan çıxarmaq olmaz. On ildən artıqdır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Lakin Ermənistan unutmamalıdır ki, erməni dövlətinin indiki ərazisi keçmiş Azərbaycan torpaqlarıdır. Onlar elə etməsinlər ki, yeritdikləri bugünkü siyasət ermənilərin özlərinə qarşı çevrilsin”.
Doktor L.Bristou Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti qiymətləndirərək demişdir ki, Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. Azərbaycanın iqtisadi bazası möhkəmdir və bütün sahələrdə ahəngdar şəkildə inkişaf edir. Bəs 10-15 ildən sonra Ermənistanın vəziyyəti necə olacaqdır?
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münaqişələrinin tarixi kökləri haqqında doktor L.Bristou ilə geniş fikir mübadiləsi etmişdir. O, qeyd etmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrə böyük təhlükədir. Ona görə də bu layihələrdə iştirak edən Avropa dövlətləri, o cümlədən Böyük Britaniya işğalçı Ermənistan dövlətindən öz iddialarından əl çəkməyi və qoşunlarını tezliklə Azərbaycan torpaqlarından çıxarmağı tələb etməlidirlər.
Doktor L.Britsou münaqişənin həlli məsələsində Azərbaycanın düzgün yolda olduğunu vurğulayaraq onun haqq işinin tezliklə qalib gələcəyinə inamını bidirmişdir. O, demişdir: “Bu gün Azərbaycanın iqtisadi inkişafını dayandıran heç bir amil mövcud deyildir. Azərbaycana qarşı edilmiş ədalətsizlik tezliklə aradan götürülməlidir”.  
General-polkovnik S.Əbiyev onunla razı olduğunu bildirərək vurğulamışdır ki, bütün Avropa dövlətləri bunu anlamalı, siz də, biz də bunun üçün çalışmalıyıq.
Görüşün sonunda tərəflər Azərbaycan-Böyük Britaniya hərbi əməkdaşlıq məsələlərinin inkişafına toxunmuşlar.